Ailə başçısını itirməyə görə əmək pensiyası artır

Vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının hesablanması qaydası dəyişir.

Haqlı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir.

Layihəyə əsasən, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı da ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq. Eyni zamanda pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin