Gürcüstan XİN rəhbəri Sahibə Qafarova ilə regional təhlükəsizliyi müzakirə edib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Spiker Gürcüstanın xarici işlər nazirinin bu vəzifədə ilk səfərini ölkəmizə etməsinin münasibətlərimizin yüksək səviyyədə olmasının daha bir göstəricisi olduğunu bildirib, səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümü olduğunu vurğulayaraq, qeyd edib ki, əlaqələrimiz uğurlu inkişaf yolu keçib və strateji tərəfdaşlıq münasibətlərimiz möhkəm təməllər üzərində qurulub. Azərbaycan və Gürcüstanın iki mehriban qonşu və dost ölkələr olaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirən Milli Məclisin sədri vurğulayıb ki, əlaqələrimiz regional sabitlik və əməkdaşlığa da mühüm töhfələr verir.

Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında qanunverici orqanlarımızın mühüm rol oynadığını qeyd edərək, cari il aprelin 19-20-də Gürcüstan Respublikasına rəsmi səfərini və səfər çərçivəsində keçirilən görüşləri xatırladıb. O, deyib ki, parlamentlərimiz arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etdirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları var və nümayəndə heyətlərimiz beynəlxalq parlament təşkilatlarında sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Parlament komitələrinin işi vasitəsilə ali qanunvericilik orqanları arasında münasibətləri daha da dərinləşdirmək üçün geniş imkanlar var. Bu baxımdan, Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin mövcud üçtərəfli əməkdaşlıq formatı çox faydalıdır.

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verərək, aparılan danışıqların məhsuldar olduğunu diqqətə çatdırıb. O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib və ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişafının zəruriliyini diqqətə çatdırıb.

İliya Darçiaşvili əlaqələrimizin dərinləşməsində parlamentlərin özünəməxsus rol oynadığını söyləyib. O, Milli Məclis sədrinin Gürcüstana səfərini yüksək qiymətləndirib. Gürcüstanın xarici işlər naziri regionda sülh və təhlükəsizliyin, əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdıraraq, qeyd edib ki, onun ölkəsi sülhpərvər siyasət həyata keçirir.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin