Səfir: “Əminəm ki, Azərbaycanla Yaponiya arasında əlaqələr daha da güclənəcək”

Bu il Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin yaranmasından 30 il ötür.

Haqlı.az-ın xəbərinə görə, bu barədə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Yaponiya imperatorunun doğum günü münasibətilə təşkil olunan qəbulda çıxışında deyib: “İki ölkə arasında yüksək səviyyələrdə əlaqələr mövcuddur və bu müxtəlif sferaları, iqtisadiyyat, təhsil, mədəniyyət, humanitar sahələri əhatə edir”.

Səfir deyib ki, “Dostluq ili”ndə səfirlik Azərbaycanın müxtəlif bölgələrində bir sıra tədbirlər həyata keçirəcək: “Mən əminəm ki, bu il Azərbaycan və Yaponiya arasında qarşılıqlı anlaşma, xalqlarımız arasında əlaqələr daha da güclənəcək”.

Daha sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək deyib ki, ölkələr arasında münasibətlərin tarixi qədimdir: “Yaponiya şirkətləri Azərbaycanın enerji sektoruna töhfə verib. Bu gün enerji resurslarının diversifikasiyası prisesində bu istiqamətdə əməkdaşlıq imkanları daha da genişlənib”.

Nazir deyib ki, 44 günlük Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət dəyişib. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparılır, ağıllı kəndlər tikilir, yeni infrastruktur yaradılır: “Biz Yaponiya şirkətlərini bu prosesdə yaxından iştirak etməyə dəvət edirik”.

Nazir deyib ki, Azərbaycan-Yaponiya hökumətlərarası komissiyasının 11-ci iclası Azərbaycanda keçiriləcək: “İqtisadi, ticari əlaqələrin genişlənməsi, əməkdaşlığın inkişafı hər iki tərəf üçün faydalı olacaq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin