İrəvanda Tahir Mirkişilinin sədrliyi ilə AVRONEST PA-nın birgə komitə iclası keçirilib

İrəvanda AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclası keçirilib.

Haqlı.az-ın xəbərinə görə, iclasa AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sədrlik edib.

İclasda Gürcüstan Parlamentinin üzvü Maia Bitadzenin müəllifi olduğu “Avropa Green Deal (Yaşıl razılaşma) və təmiz enerjiyə keçid kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları” mövzusunda sənəd müzakirəyə çıxarılıb.

T. Mirkişili deyib ki, təmiz enerjiyə keçid ümumi məqsəddir: “Təmiz enerjiyə keçid bir sıra ölkələrin enerji resurslarından asılılığını aradan qaldıracaq. Məruzəçi iclasa qatıla bilməyib, buna görə də üzrxahlığını çatdırıb. Həmkarı onun adından çıxış edəcək”.

Gürcüstan nümayəndə heyətinin üzvü Khatia Tsilosani sənəd barədə məlumat verib: “Regionda bərpa olunan enerji şəbəkəsinin yaradılması vacibdir və sənəd bunu da nəzərdə tutur. Şərq Tərəfdaşlığı ölkələri hazırda yaşıl enerjiyə keçid istiqamətində iddialı addımlar atırlar”.

Khatia Tsilosani bu istiqamətdə sənəddə qeyd olunan tövsiyələri açıqlayıb.

İclasa videkonfrans formatında qoşulan Enerji İcması Katibliyinin direktoru Artur Lorkodski 2030-cu ilə qədər təmiz enerjiyə keçid istiqamətində ciddi addımların atılmalı olduğunu vurğulayıb. Avropa İttifaqı ölkələrində bu sahədə qanunvericilik təşəbbüsləri və hazırlanan yol xəritələrinə toxunan Artur Lorkodski bütün bu addımların tədricən neft və qaz kimi enerji resurslarından istifadəni azaldacağını söyləyib: “Bu, enerji kasıblığına son qoymaqda da mühüm əhəmiyyətə malikdir. Biz bu gün yüksək qaz qiymətləri və onun nəticələrini görürük”.

Enerji sahəsində rəqabətə əsaslanan açıq bazarın yaradılmasını da vacib sayan Enerji İcması Katibliyinin direktoru qeyd edib ki, bu, Avropa İttifaqı və Avropa İttifaqına qonşu ölkələr üçün vacibdir: “Avropa Green Deal (Yaşıl razılaşma) bir çox amillərdən asılıdır. Enerji İcması Avropa İttifaqına qonşu ölkələrdə bu sahədə qanunvericilik aktlarının hazırlanmasına töhfə verə bilər”.

Gürcüstan-Moldova İqtisadi İnvestiya Planı bölməsinin direktorunun müavini Nikolas Sendroviç Yaşıl Razılaşmanın demək olar ki, iqtisadiyyatın yenidən qurulmasını nəzərdə tutduğunu söyləyib: “Ancaq Avropa İttifaqı bu planı təklikdə həyata keçirə bilməz. Ona görə də Avropa Komissiyası Şərq Tərəfdaşlığı ölkələri ilə yaşıl enerjiyə keçid üçün yeni əməkdaşlıq formatının qurulması ilə bağlı danışıqlar aparır. Avropa İttifaqı hüquqi bazanın formalaşdırılmasına dəstək və yaşıl enerjiyə keçid üçün bu ölkələrə investisiya proqramı təklif edir. Biz ümumilikdə bu sahəyə 3,4 milyard avro investisiya cəlb etməyi planlaşdırırıq”.

Matteo Governatori Avropa İttifaqının təmiz enerjiyə keçid istiqamətində qarşıya qoyduğu hədəflərdən danışıb.

Cənub Qaz Dəhlizinin Avropanın enerji təminatında əhəmiyyətindən söz açan Azərbaycan nümayəndə heyətinin üzvü Soltan Məmmədov Azərbaycanın bərpa olunan enerjinin enerji istehsalında xüsusi çəkisinin artırılmasını diqqət mərkəzində saxladığını nəzərə çatdırıb. S. Məmmədov Qarabağ və Şərqi Zəngəzurda böyük su, günəş və külək enerjisi potensialı olduğunu da nəzərə çatdırıb. O, Xəzərin bərpa olunan enerji potensialına da toxunub.

İclas müzakirələrlə davam edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin