Ardıcıl müharibələrin NƏTİCƏLƏRİ – SSRİ-nin ssenarisi Rusiyada TƏKRARLANACAQ / MÜSAHİBƏ

23

Rusiyanın müdafiə naziri Sergey Şoyqu növbəti qıcıqlandırıcı bəyanat verib. O, NATO və ABŞ-ın Qara dəniz hövzəsində, eləcə də hava məkanında təxribatçı fəaliyyətlə məşğul olduğunu deyib. Nazir bildirib ki, cənub- qərb strateji istiqamətində vəziyyət ağır olaraq qalır. O, Ukrayna rəhbərliyini ittiham edib, Donbasdakı vəziyyəti rəsmi Kiyevin gərginləşdirdiyini vurğulayıb.

Rusiyanın Ukrayna ilə sərhədə qoşun toplaması gərginliyi daha da artırıb. İndi çoxlarını düşündürən əsas məsələ proseslərin hansı ssenari ilə inkişaf etməsidir. Əslində heç kim müharibə istəmir, amma hamı savaşa hazırlaşır. Görünür, sülhün yolu, doğrudan da, müharibəyə hazır olmaqdan keçir.

KAİM.az Politoloq Sədrəddin Soltanın baş verənlər barədə “Sherg.az”a verdiyi müsahibəni təqdim edir:

  • Rusiya və Ukrayna arasındakı gərginliyə Avropanın münasibətini necə qiymətləndirirsiniz?

– Ukrayna ərazi bütövlüyünü bərpa etmək, Krımı geri qaytarmaq, separatçıların ölkə ərazisindəki fəaliyyətini dayandırmaq, Avropaya inteqrasiya etmək və NATO ölkəsi olmaq istəyir. Əlbəttə, suveren ölkə kimi seçim hüququ var. Rusiya isə buna cavab olaraq Ukraynadakı iki separatçı respublikanın müstəqilliyini tanıyır, Krımın ilhaqını davam etdirir. Həmçinin Kreml Ukraynanın öz daxilində anti-terror əməliyyatına başlayacağından ehtiyat edərək sərhədə qoşun yığır. Dediyim kimi, rəsmi Kiyev Qərbə inteqrasiyanı seçir. Və ABŞ Ukraynanı qəbul edir. Məqsəd onu Rusiyanın təzyiqlərindən qorumaqdır. Ümumiyyətlə, digər normal dövlətlər kimi, ABŞ da Ukraynanın haqlı mövqeyini dəstəkləyir.

  • Şimal qonşumuzun bu cür hegemon siyasətini nə cür dəyərləndirirsiniz?

– Rusiya özünü dünyanın bir qütbünün sahibi hesab edir və bəzi dövlətləri öz ətrafında birləşdirməyə çalışır. Halbuki vaxtı ilə, az qala, dünyanın yarısı olan SSRİ belə, Qərblə bacarmamışdı. Deməli, Moskvanın bu ritorikası sadəcə “ürək bulandırmağa”, vəziyyəti mürəkkəbləşdirməyə və özündən zəifləri təhdid etməyə hesablanıb.

  • Tərəflər arasında müharibə başlayarsa, ABŞ sözdəki mövqeyini əməldə də təsdiqləyəcək?

– Belə bir hal olsa, Ukrayna ilə ABŞ arasında imzalanan hərbi müqavilələrə nəzər salmaq lazımdır. Ukrayna NATO ilə əməkdaşlıq etdiyinə görə, savaş başlasa, silahlı qüvvələrin NATO standartlarına cavab verməsi şərtə çevriləcək. Yəni ABŞ başda olmaqla NATO-nun Ukraynanı dəstəkləyəcəyi istisna deyil.

  • Elə isə potensial hərbi əməliyyatların nəticəsi barədə proqnozunuz nədir?

– 1988-ci ildə Əfqanıstanla SSRİ arasındakı müharibənin ssenarisi təkrarlanacaq. Bildiyiniz kimi, həmin toqquşmadan sonra SSRİ-nin çöküşü başlandı. İmperiya iqtisadi cəhətdən zəiflədi və daxildə mərkəzdən qaçma meyilləri baş qaldırdı. Yəni müharibə Rusiya üçün mənfi nəticələrlə yadda qalacaq. Putin hakimiyyəti isə, şübhəsiz, dağılacaq.

Çünki Navalni ətrafında baş verən proseslər hazırkı iqtidara qarşı kifayət qədər müxalif qüvvənin olduğunu göstərir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin