5 ölkəni birləşdirən Naxçıvan dəhlizinin gələcəyi… – Bölgənin yeni logistik mərkəzi

Azərbaycan Vətən müharibəsindən qalib ayrılmaqla yanaşı, diplomatik masada da çox böyük üstünlüklər əldə etdi ki, öncəki illərdə danışıqlar prosesində bu sadəcə, bir xəyal idi. Söhbət Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin bərpasından gedir.

Prezident İlham Əliyev dekabrın 1-də Laçın rayonunun azad olunması ilə bağlı xalqa müraciətində də qeyd edib ki, bu məsələ çox böyük beynəlxalq əhəmiyyətə malikdir və məhz Azərbaycan tərəfinin təkidi ilə bəyanata salınıb:

“Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşlarının nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınıb. Çünki uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiya təmin edəcək, yəni dəhliz tam təhlükəsiz olacaq”.

Dövlət başçısı xalqa müraciətində vurğulayıb ki, bu layihə Naxçıvanı mühasirədən çıxarmaqla yanaşı, regionda yeni bir nəqliyyat damarı açır: “Eyni zamanda ikinci məsələ – tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası – bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə bənd də salındı. Yəni bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırıq. Bu doqquzuncu bənddə göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünki bildiyiniz kimi, biz Bakı-Tiflis-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlantıdır. Bu layihə də baş versə, – əminəm ki, baş verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilər?”.

Dövlət başçısının da qeyd etdiyi kimi, 5 ölkəni birləşdirəcək və hər bir tərəfin iqtisadi baxımdan faydalanacağı yeni layihə Azərbaycanın həm də hərbi-siyasi maraqlarını təmin edəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Aminə Bayramova da mövzunu təhlil edərək vurğulayıb ki, razılaşmanın 9-cu bəndi regionda nəqliyyat-kommunikasiya sisteminin bərpası və beynəlxalq nəqliyyat-logistika sistemində Azərbaycanın mövqeyinin güclənməsinə təkan verəcək: “ Bir ölkənin nəqliyyat və logistika sisteminin inkişafı, xarici və daxili daşınmalar üçün alternativlərin çox olması bu ölkənin iqtisadi inkişafında, idxal və ixrac əməliyyatlarının təhlükəsiz həyata keçirilməsində önəmlidir. Bu baxımdan ölkənin digər bölgələri ilə quru yolu mövcud olmayan Naxçıvan MR-in ölkədaxili regionlar ilə iqtisadi əlaqələri əlavə vaxt və xərc yaradırdı. Naxçıvan ilə quru əlaqələrin bərpası ilk növbədə nəqliyyat sisteminin şaxələndirilməsini və mövcud kommunikasiya infrastrukturuna əhəmiyyətli alternativi təmin edir. 10 noyabr 2020-ci il sazişinə qədər Azərbaycanın digər regionları ilə Naxçıvan arasındakı birbaşa nəqliyyat əlaqəsi, sadəcə, hava yolları vasitəsilə mümkün idi ki, bu nəqliyyat dəhlizinin açılması ilə bu bahalı nəqliyyat vasitəsinə daha ucuz və daha çox ixrac-idxal həcmi qazandıra biləcək alternativ olan avtomobil və dəmiryolu xətlərinin çəkilməsi üçün imkan yaranacaq. Bununla da Naxçıvan regional nəqliyyat sisteminin şah damarına çevriləcək”.

Ekspertin sözlərinə görə, quru əlaqələrinin bərpası ilə beynəlxalq miqyasda Asiya və Avropa arasındakı çoxtərəfli iqtisadi əlaqələrin inkişafında mövcud olan daha bir problem öz həllini tapacaq: “Belə ki, sazişə qədər Azərbaycanla quru yolları bağlı olan Naxçıvan MR əhəmiyyətli regional və beynəlxalq tranzit layihələrdən kənarda qalmışdı. Postblokada dövründə isə Naxçıvan bu tranzit xətləri öz üzərinə çəkməklə, Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolunu oynayacaq, İpək yolu üzərindəki ölkələr üçün təhlükəsiz, ucuz və sürətli daşınmanı təmin edəcəkdir. Bundan başqa, Naxçıvan gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinə və layihəsi planlaşdırılan Qars-İqdır-Naxçıvan dəmiryol xətlərinə inteqrasiya vasitəsilə beynəlxalq yüklərin Avropaya daşınmasında açar mövqeyində olacaq”.

Qeyd edək ki, Naxçıvanla nəqliyyat kommunikasiya sisteminin qurulması həmçinin məsafə və dolayısı ilə yüklərin çatdırılma sürəti baxımından böyük əhəmiyyət daşıyır. Gələcəkdə Naxçıvan ərazisindən keçəcək quru yolu xətləri Bakı-Tiflis-Qars dəmir yolu xəttinin uzunluğundan 1.7 dəfə təxminən 343 km az olmaqla daşınmaların xərcini və müddətini azaldacaq və Naxçıvan nəqliyyat qovşağı Bakı-Tiflis-Qars dəmir yolu xəttinə komplementar olmaqla, Mərkəzi Asiya və Avropa arasında körpü rolunu oynayacaq. Həmçinin Naxçıvan vasitəsilə Türkiyəyə avtomobillə gediş məsafəsi təxminən 343 km qısa olacağı üçün, hər iki ölkə arasında turistlərin ikitərəfli yerdəyişməsində Naxçıvan ərazisindən ölkəyə girişin geniş vüsət alacağı gözlənilir. Əvvəlki illərdə Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsindən istifadə edən sərnişinlərin sayının 5-7,5 min nəfər idi. Naxçıvanla quru yolu bərpa edildikdən sonra Azərbaycanın digər bölgələrinə getmək istəyən turistlərin də bu yoldan istifadə etməsi ilə bu rəqəmin daha da artacağı proqnozlaşdırılır. Ölkəyə girişlərin Naxçıvan vasitəsilə həyata keçirilməsinin genişlənməsi isə dolayı olaraq, Naxçıvanda turizmin inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda Naxçıvan quru yolu ilə öz məhsullarını Azərbaycanın digər bölgələrinə, həmçinin Avropaya və Asiyaya daha rahat imkanlarla çıxara biləcək. Postblokada dövründə nəqliyyat kommunikasiya sisteminin şaxələnməsi ilə Naxçıvan öz iqtisadi inkişafını daha da sürətləndirərək, idxal üçün çəkiləcək xərclərə qənaət edəcək, ixrac həcmini artıracaq, həmçinin böyük bazarlarda tanınmaqla iqtisadi rayona xaricdən investisiya cəlb edə biləcək”.

Bu dəhlizin daha bir üstünlüyü isə qardaş Türkiyə ilə Azərbaycanın quru yolu ilə birləşməsidir ki, bu da Türkiyənin cənub-şərq şəhərləri ilə əlaqələrin güclənməsi deməkdir. Azərbaycandan Türkiyəyə yükdaşımalar asanlaşacaq, hazırda layihəsi hazırlanan Qars-İqdır-Naxçıvan dəmiryol xətlərinə qoşularaq beynəlxalq yüklərin Avropaya daşınması da mümkün olacaq. Bununla Azərbaycandan ixrac edilən məhsulların nəqliyyat xərcləri azalacaq və Naxçıvanın beynəlxalq logistika qovşağı olaraq Ağrı, Ardahan, İqdır və Qars şəhərlərini əhatə edən Türkiyənin Şərqi Anadolu bölgəsi başda olmaqla bütün Türkiyə ilə ticarət əlaqələri daha da genişlənəcək.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov da vurğuladı ki, bu dəhlizin açılmasında Rusiya və Türkiyənin də böyük iqtisadi maraqları var: “Dövlət başçısının da dediyi kimi, bu dəhliz üzərindən qurulacaq nəqliyyat layihələri Rusiya, Türkiyə, İran, Azərbaycan və digər daha çox ölkələri əhatə etmək şərtilə Azərbaycanla Naxçıvan arasında quru yolunun, eyni zamanda dəmir yolunun açılması çox böyük əhəmiyyətə malikdir. 10 illər boyu bağlı qalan bir nəqliyyat dəhlizi açılır, bundan Azərbaycan da, Türkiyə də, Rusiya da bəhrələnəcək. Rusiya bu dəhliz vasitəsilə Türkiyəyə çıxışını daha da asanlaşdıra bilər. Rusiya ilə Türkiyə arasında illik ticarət dövriyyəsi 25 milyard dollardan çoxdur. Bu, böyük bir ticarət həcmidir və bunu həyata keçirmək üçün daha münasib bir yolun açılması mühüm şərtdir. Eyni zamanda Naxçıvanın inkişafına yeni nəfəs deməkdir”.

F.Yusifov həmçinin yeni nəqliyyat dəhlizinin açılması ilə bağlı təklifini də səsləndirərək qeyd etdi ki, işğaldan azad olunmuş bölgələrdə sərhədboyu böyük azad iqtisadi zona yaradılması çox böyük iqtisadi töhfə verə bilər: “İnanın ki, o azad iqtisadi zonanın imkanlarından daha çox Azərbaycanla yanaşı, Rusiya və Türkiyə istifadə edəcək. Ən çox bəhrələnən isə Naxçıvan olacaq və bu Zona Naxçıvanın inkişafına çox böyük təkan olacaq. Naxçıvanın özündə də azad iqtisadi zona yaratmaq olar. Bu yolun açılması ilə böyük bir azad zona yaratmaqla həm bölgənin iqtisadi əlaqələrinin inkişafına ciddi təkan verəcək, həm də Azərbaycanın iqtisadi inkişafı üçün mühüm rol oynayacaq, iqtisadiyyatımıza köklü təsiri olacaq. Bu yol işləyəcəksə və onun işləməsində Rusiya maraqlı olacaqsa, deməli, orada təhlükəsizliyə təminat məsələləri də həllini tapmış olacaq. O baxımdan ya Naxçıvanın özündə, ya da azad olunmuş rayonlarımızın İranla sərhəd bölgələrində azad iqtisadi zonanın yaradılmasını məqsədəuyğun sayıram”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin