Vatikan nümayəndə heyəti Azərbaycana gələcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında səfərdədir.

QMİ-dən verilən xəbərə görə, İslam Aləmi Liqasının Baş katibi Dr. Əbdülkərim Əl-İsanın dəvəti ilə Beynəlxalq Rabitə təşkilatının 11 may tarixində Ər-Riyadda “Dinlərin davamçıları arasında ortaq dəyərlər” mövzusunda keçirilən beynəlxalq konfransında iştirak edən Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edib.

QMİ sədri məruzəsində dünya ictimaiyyətini milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməyə çağırıb. Azərbaycanın dinlərarası dostluq və qardaşlıq mühitində birgəyaşayış ənənələrini bütün dünya üçün örnək olaraq təqdim edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Bakı prosesinin sivilizasiyalarası dialoqun davamlı inkişafına və multikulturalizm ideyalarının təbliğinə xidmət etdiyini xüsusi vurğulayıb.

Dünyada baş verən münaqişələrin, özəlliklə Ukraynada yaşanan humanitar fəlakətin hamımızı narahat etməsindən bəhs edən QMİ sədri, bu əsnada, müharibə dəhşətlərini və qaçqın fəlakətlərini yaşamış Azərbaycanın 20 faiz torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, xalqımıza qarşı etnik təmizləmə və genosid siyasəti həyata keçirilməsini xatırladıb. Azərbaycanın beynəlxalq hüquq normalarına və BMT-nin 4 qətnaməsinə əsaslanaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini qeyd edən Şeyxülislam A. Paşazadə işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizin bərpasından, işğaldan azad edilmiş torpaqlarımızı minalardan təmizləyərək yenidənqurma işləri aparmağımızdan bəhs edib.

Müasir dövrümüzdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışlarının bəşəri təhlükəyə çevrilməsinə diqqəti çəkən QMİ sədri dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu kimi bu yaxınlarda İsveç və Danimarkada Qurani-Kərimin yandırılması cəhdlərini xatırladıb, bu kimi halların hər bir sağlam düşüncəli cəmiyyət tərəfindən ciddi şəkildə qınanmalı olduğuna vurğu edib. Şeyxülislam söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə ksenofobiya, antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyib. O bildirib ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından və nifrət çağırışlarından irəli gəlir.

Şeyxülislam Allahşükür Paşazadənin görkəmli din xadimlərilə çoxsaylı görüşləri olub.

Vatikanın Dinlərarası dialoq şurasının İslamla əlaqələr departamentinin müdiri Xalid Akaşe ilə səmimi görüş zamanı Vatikan nümayəndə heyətinin Şeyxülislamın dəvəti əsasında Azərbaycana nəzərdə tutulan səfəri müzakirə olunub.

Habelə, Amerika yəhudi konqresinin beynəlxalq müdiri, KAİCİİD Direktorlar Şurasının üzvü Devid Rozen ilə görüşdə KAİCİİD-in növbəti dövrdə fəaliyyəti və ümumilikdə dinlərarası dialoq prosesinin perspektivləri müzakirə olunub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin