Deputat: “Qarabağ və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı ümidvericidir”

Enerji keçidi ilə bağlı bütün qərarlar enerji və ekoloji təhlükəsizlik məsələlərinə vahid yanaşma əsasında qəbul edilməlidir.

Haqlı.az xəbər verir ki, bunu İrəvanda AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclasında çıxış edən Azərbaycanın nümayəndə heyətinin üzvü deputat Soltan Məmmədov deyib.

“Yaşıl enerji” sahəsindən danışan millət vəkili onu da qeyd edib ki, bu sahə Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının mühüm və perspektivli bir yolu kimi ortaya çıxa bilər: “Azərbaycan Aİ-yə yaşıl enerjiyə keçid, ətraf mühit və iqlim dəyişikliyi məsələlərini əhatə edən yeni dialoq formatının yaradılmasını təklif edib”.

S. Məmmədov onu da əlavə edib ki, Azərbaycan ümumi enerji potensialında bərpa olunan mənbələrin payını bugünkü 17%-dən 2030-cu ilədək 30%-ə çatdırmağı hədəfləyir. Həmçinin, Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarının baza ili (1990) ilə müqayisədə 35% azaldılmasına sadiqdir”.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji mənbələrinin potensialının beynəlxalq qiymətləndirilməsi və ilkin rəqəmlərin ümidverici olduğunu bildirən deputat əlavə edib ki, külək enerjisində təxminən 7 200 meqavat, günəş enerjisində isə 2 000 meqavatdan çox potensial mövcuddur.

Deputat sözügedən sahədə xarici şirkətlərlə əməkdaşlıq məsələsinə də toxunub.

“BP ilə Zəngilan və Cəbrayıl rayonlarında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra sənədi hazırda qiymətləndirilir. Laçın və Kəlbəcər rayonlarında 100 MVt gücündə külək elektrik stansiyası üçün ilkin olaraq iki sahə müəyyən edilib və bu iki sahədən əldə edilən məlumatlar əsasında İnformasiya Sorğusu (RFI) sənədi potensial investorlara təqdim edilib”, – millət vəkili bildirib.

S. Məmmədov Azərbaycanın Xəzər dənizində bərpa olunan enerji potensialının qiymətləndirilməsi ilə bağlı xüsusi proqramın olduğunu da diqqətə çatdırıb və bildirib ki, ilkin rəqəmlərə əsasən, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin