Kuleba: “Biz Avropanın paylaşdığı dəyərlər üçün savaşırıq”

“Avropanın Ukraynaya ehtiyacı olmaması ilə bağlı Prezident Putinin illüziyası olmasa idi, o zaman bu müharibədən qaçmaq mümkün idi”.

Haqlı.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba danimarkalı həmkarı Jeppe Kofod ilə Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

“Bu Putinin səhvi idi. O inanırdı ki, Aİ Ukraynanın gələcək Avropa perspektivini tanımaqda istəksizdir və o düşünürdü ki, Rusiya Ukraynaya təcavüz edəcəyi halda Avropa Ukraynanın yanında dayanmayacaq və Putin bunda yanıldı. Bu onun səhvi idi”, – nazir bildirib.

Ukrayna XİN başçısı deyib ki, Aİ müharibənin ilk günündə Ukraynaya dəstək və Rusiyaya təzyiq istiqamətində qətiyyətli addımlar atıb.

“Aİ Ukraynanın yanında dayandı, ölkə üçün Avropa perspektivi təmin olundu. Bu sübut edir ki, hər şey realdır, iki ay bundan əvvəl reallaşması mümkün görünməyən məqamlar reallığa çevrildi. Ukraynanın Avropa perspektivi tanındı”, – Kuleba vurğulayıb.

Ukrayna xarici işlər naziri deyib ki, ölkəsi Aİ-yə üzv olmaq üçün müəyyən prosesin fərqindədir. “Çox işlər görülməlidir, təbii ki, namizədlik üzvlük demək deyil, ancaq bu istiqamətdə addımın qanuniləşdirilməsidir.

Ümid edirəm hər kəs başa düşür ki, biz öz mövcudluğumuz üçün savaşırıq, çünki Putin bizə nifrət edir, o, bizim kimliyimizi qəbul etmir, lakin biz eyni zamanda Ukraynanın və Avropanın paylaşdığı dəyərlər üçün savaşırıq”, – Dmitri Kuleba əlavə edib.

Rusiyanın sərhədlərə hörmət qoymadığını deyən Ukrayna XİN başçısı bir neçə gün əvvəl Rusiya təyyarəsinin İsveç və Danimarkanın hava sərhədini pozduğunu xatırladıb: “Rusiya sərhədlərə hörmət qoymur, ona öz yerini göstərmək lazımdır. Ona görə mən deyirəm ki, Ukraynanın Aİ-yə üzvlüyü həm də müharibə və sülh məsələsidir. Əgər biz bir-birimizin yanında dayansaq, dəstək versək, onda sülh olacaq, əgər Ukraynanın Avropaya mənsubluğu ilə bağlı qeyri- müyyənlik, qərarsızlıq olacaqsa, o zaman müharibə davam edəcək”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin