Soydaşlarımız parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb

Kanadalı Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) İdarə Heyətinin üzvləri Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Lorenslə görüşüb.

KAŞ nümayəndələri F.Lorensi Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupuna sədr seçilməsi münasibətilə təbrik ediblər. Azərbaycanlı icmasının qrupun fəaliyyətinə əməli dəstək göstərməyə hazır olduğu, ölkələrimiz arasında elmi, mədəni, iqtisadi və siyasi əlaqələrin daha da inkişaf etdirilməsini arzuladığı deputatun nəzərinə çatdırılıb. Soydaşlarımız, həmçinin Ermənistanın hərbi təxribatı nəticəsində sentyabrın 27-də başlanan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük müharibə barədə ətraflı məlumat verərək, 27 ildən sonra Azərbaycanın işğal edilmiş ərazilərinin azad edildiyini və ərazi bütövlüyünün bərpa olunduğunu vurğulayıblar.

Azərbaycanın, Cənubi Qafqaz bölgəsinin tarixi ilə maraqlandığını söyləyən F.Lorens ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikirlərini bölüşüb, azərbaycanlı icması ilə işləmək və KAŞ-ın tədbirlərinə qatılmaq arzusunu ifadə edib.

Xatırladaq ki, KAŞ bu ölkədə yaşayan azərbaycanlıların ölkənin vətəndaş cəmiyyətində və ictimai-siyasi həyatında təmsil edilməsi məqsədi ilə bir sıra icma təşkilatları və fərdlər tərəfindən yaradılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin