Azərbaycan və Polşa xalqlarının faciəli tarixi müzakirə edilib-VİDEOKONFRANS

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Azərbaycan Diaspor Gəncləri (ADG) şəbəkəsinin təşkilatçılığı ilə “Azərbaycan və Polşa xalqlarının faciəli tarixi (Holokost və Xocalı)” mövzusunda videokonfrans keçirilib.

KAİM.az xəbər verir ki, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Varşava Universiteti, Polşa–Şərq Əməkdaşlıq Birliyinin Elmi Şurasının katibi Dr.Pavel Stavarts, Universitetin Türkologiya fakultəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundova, Universitetin tələbəsi Mariya Yaqodzinskaya, Azərbaycan–Polşa icmasının sədri Olqa Yurzanina, təşkilatın həmsədri Telman Hüseynov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu, Varşavanın Vistula Universitetində təhsil alan tələbə Əli Aydınzadə və başqaları iştirak ediblər.

Tədbirə moderatorluq edən ADG-nin Polşa üzrə koordinatoru və Polşadakı Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə Xocalı şəhərinə hücum etməsi və dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsi barədə ətraflı məlumat verib.

Xocalı sakini Şamil Sabiroğlu həmin gecə şahidi olduğu qanlı hadisələrdən danışarkən, erməni terrorçularının yaşlıya, qadına, körpəyə belə aman vermədiklərinə, görünməmiş amansızlıq və qəddarlıqla dinc sakinləri qətlə yetirdiklərinə diqqəti cəlb edib.

Tədbirdə P.Stavarts, M.Yaqodzinskaya, N.Axundova, T.Hüseynov və O.Yurzanına çıxış ediblər. Onlar Holokost və Xocalı soyqırımları zamanı törədilmiş cinayətlərin xüsusiyyətlərindən, oxşar cəhətlərindən bəhs ediblər. Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün hər bir ölkənin bu faciəyə siyasi-hüquqi qiymət verməsinin və cinayətkarların məsuliyyətə cəlb edilməsinin vacib olduğu nəzərə çatdırılıb.

KAİM.az

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin