IX sinif şagirdləri buraxılış imtahanı verib, 1 nəfərdə mobil telefon aşkarlanıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 10 şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Haqlı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 97 imtahan binası, 1660 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 97 ümumi imtahan rəhbəri, 266 imtahan rəhbəri, 2077 nəzarətçi-müəllim, 183 buraxılışı rejimi əməkdaşı (mühafizə) və  97 bina nümayəndəsi ayrılıb.

İmtahanda 21790 şagirdin iştirakı gözlənilirdi. İmtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, hərəkət məhdudiyyətli və digər) şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti həftə imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin