Parlamentdə sənədsiz evlərin sənədləşdirilməsi məsələsi qaldırılıb

“Kimsə gözünü yumur, meşədəki qoruqda kimsə 3-5 ev tikir. Sonra deyirlər ki, bura bir məktəb də lazımdır, yaxud çaydan keçməyə körpümüz yoxdur, körpü də salın”.

Haqlı.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

S. Novruzov deyib ki, belə ərazilər mənzil, bina tikintisi üçün nəzərdə tutulmayıb: “Belə halların qarşısı çox kəskin şəkildə alınmalıdır”.

Deputat Fazail Ağamalı deyib ki, bu gün Bakıda və Bakı ətrafında küçələrin darlığı, evlərin, binaların plansız tikilməsinin səbəbi bu günlə bağlı deyil: “Bu, 1990-cı illərdə ayrı-ayrı adamların, işbazların Azərbaycanda qanunlardakı boşluqdan istifadə edərək yaratmış olduğu problemlərdir. 10-15 il əvvəl buraxılmış səhvlərin bugünkü Bakı şəhər və yaxud Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin üzərinə yükləmək ədalətsiz olar. Amma başqa bir problem var, Siyavuş Novruzov buna toxundu, mən bir qədər bunun üzərində geniş dayanmaq istəyərdim. Bakının Binəqədi, Sabunu və Xəzər rayonunda bələdiyyələrin qərarı, yerli icra hakimiyyətlərinin şifahi razılığı ilə çoxsaylı evlər tikilib. Bu, tamamilə infrastrukturdan kənardır, onların kanalizasiyası yox dərəcəsindədir. İşıqla, qazla təchizatlarında da kifayət qədər problemlər var. Həm də bu tikintilər indiyə qədər rəsmiləşdirilməyib. O evlərin əksəriyyəti kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib. Beş ildir ki, belə tikintilər aparılmır, çünki artıq torpaq yoxdur. O insanları həmin evlərdən köçürmək də mümkün deyil. İnsanlar o yerlərdə özlərinə yuva qurublar. O evləri rəsmiləşdirmək lazımdır. Dəfələrlə bu məsələ qaldırılıb, Prezident tərəfindən tapşırıq verib. Kənd təsərrüfatı təyinatlı torpaqlarda, yaxud tikinti nəzərdə tutulmayan dövlət torpaqlarında artıq evlər tikilib, o evlərdən gəlin köçüb, gəlin gəlib. İndi bu evləri rəsmiləşdirmək lazımdır. Bu problemi hökmən həll etmək lazımdır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin