Hacı Şahindən Qədr gecələri ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ

25

Sabah axşam Azərbaycanda müqəddəs Ramazan ayının ilk Qədr (Əhya) gecəsi qeyd olunacaq.

Haqli.az xəbər verir ki, Qədr gecələri Ramazan ayının 19, 21 və 23-cü gecələridir.
2021-ci ildə bu gecələr mayın 1-nə, 3-nə, 5-nə və 9-na təsadüf edir.

Qədr gecələri zamanı insanların hansı ibadətləri, duaları etməsi və pandemiya zamanı bu gecəni necə keçirməsi böyük maraq doğurur. Mövzu ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənliyə müraciət etdik. O bildirib ki, Qədr gecəsi Qurani-Kərimin nazil olduğu gecədir:

“Bu gecə il ərzində ən mübarək gecədir və müqəddəs kitabda qeyd olunur ki, Qədr gecəsi min aydan xeyirlidir. Yəni bir insan ömründən daha faydalıdır. Eyni zamanda Allah-təala peyğəmbərinə buyurur ki, sən nə bilirsən, Qədr gecəsi nədir? Bu gecəni əzəmətli edən odur ki, möhtəşəm bir hadisə baş verib. Allahın bəşəriyyətə son sözü, kəlamı olan Qurani-Kərim peyğəmbərimizin qəlbinə nazil olub.

Həmin gecə Qurana hörmət əlaməti olaraq müsəlmanlar gecəni oyaq qalıb ibadət və duada keçirirlər. Qurani-Kərim başın üzərinə qaldırılır, xüsusi dualar oxunur, müqəddəs kitaba sayğı ifadə olunur və gecədən səhərə qədər əhya saxlanılır. Əhya dirilik mənasını ifadə edir və insanın qəlbən dirilməsi, dirçəlməsi və mənəvi həyat əldə etməsi anlamına gəlir.

Burada məqsəd bioloji baxımdan yuxusuzluq, oyaq qalmaq deyil, mənəvi baxımdan qəlbin oyanmasıdır. Həmin gecə düşünmək çox yaxşıdır. İnsan təfəkkür etsin, yaradılışı haqqında düşünsün, özünə etdiyi əməllər və yaşadığı ömür barədə hesabat versin. Eyni zamanda səhvləri, xətalarını etiraf etməlidir. Qədr gecəsində keçmişimizin əsarətindən qurtula, azadlıq əldə edə bilərik. Yəni tövbə belə bir möhtəşəm hadisədir. Tövbə vasitəsilə insan gələcəyini keçmişinin əsarətindən qurtarır. İnsan bağışlanır və rəhmət əldə edir.

Qədr gecəsi duaların qəbul olunduğu gecədir. Gecədən səhərə qədər insanlar dua edir, günahlar bağışlanır və Allahın mələkləri yerə enir və insanlar üçün dua edirlər. Həmin dualar xüsusi kitabda nəql olunub. Həmin gecələr onlar oxunur”.

Hacı Şahin Həsənli təəssüflə qeyd etdi ki, bu il də Ramazan ayı və Qədr gecəsi pandemiya dövrünə təsadüf edib:

“Azərbaycanda karantin rejimi olduğu üçün insanlar kütləvi şəkildə məscidlərdə toplaşa bilmirlər. Bu səbəbdən insanlar evlərdə fərdi qaydada ayinləri icra edirlər. Amma hər gün günortalar məscidlərdən canlı yayım vasitəsilə xütbələr oxunur və insanlar dinləyirlər. (BAKU.WS)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin