Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun büstü qoyulub

Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun büstünün açılışı olub.

Haqlı.az-ın verdiyi məlumata görə, şəhidin adını daşıyan Qusar rayon Həzrə kənd orta məktəbinin qarşısında qoyulan büstün açılış mərasimində Milli Qəhrəmanın ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, təhsil işçiləri və ictimaiyyət nümayəndələrinin iştirak edib.

Mərasimdə Milli Qəhrəman Çingiz Qurbanovun həyat və döyüş yolundan danışılıb, Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman oğullarımız sayəsində torpaqlarımızın işğaldan azad olunduğu bildirilib.

Qeyd edilib ki, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir, ailəsi isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunur.

Milli Qəhrəmanın atası Salman Qurbanov ailəsi adından onlara hər cür dəstək göstərən Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini deyən S.Qurbanov qeyd edib ki, dövlətimizin başçısı Çingizin qəhrəmanlığını, fədakarlığını, Vətənə bağlılığını layiqincə qiymətləndirərək, ona Azərbaycanın Milli Qəhrəmanı adını verib. Çingiz və onun kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq.

Qeyd edək ki, Milli Qəhrəman Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cənazəsi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib

2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ç.Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin