Baş Prokurorluq Lənkəranda konfrans keçirib

Bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə Lənkəranda “Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı işgüzar konfrans keçirilib.

Haqlı.az-ın xəbərinə görə, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə təşkil edilmiş konfransda Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının nümayəndələri iştirak edib.

Astara, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayon və Lənkəran Hərbi prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının da olduğu konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Daha sonra konfrans iştirakçıları şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər Xatirə Kompleksi”-nə baş çəkib, qəbirlər üzərinə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər.

Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Lənkəran rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.

İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan press-tur iştirakçıları inzibati binada əməkdaşlar üçün yaradılmış iş şəraiti, habelə kriminalistik avtomobil və avadanlıqlarla tanış olub.

İştirakçılara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Lənkəran rayon prokuroru Taryel Ələkbərov informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edən Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev zamanın tələbinə uyğun olaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində kompleks işlər görüldüyünü qeyd edib, media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayıb, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

2021-2023-cü illər üzrə Baş Prokurorluğun kommunikasiya strategiyasından bəhs edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, hazıradək 200-ə qədər müraciətin məhz sosial media platformalarında olan hesablar vasitəsilə qəbul edildiyini bildirib.

Tədbir zamanı, həmçinin, dövlət qurumlarının sözçüləri çıxışlar edib, birgə əməkdaşlığın perpektivləri barədə təkliflər səsləndirilib.

Konfrans iştirakçıları mövcud əməkdaşlıqdan məmnunluqlarını bildirərək, gələcəkdə də dəyirmi masa və görüşlərin təşkilinin əhəmiyyətli olacağını vurğulayıblar.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin