AZANS Zəngilan hava limanında yeni idarəetmə sistemi tətbiq edib

AZANS uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aeronaviqasiya infrastrukturunun bərpası çərçivəsində Azərbaycanın işğaldan azad edilmiş ərazisində – Zəngilanda inşa olunan beynəlxalq hava limanında yeni avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemini tətbiq edir.

“Azərbaycan Hava Yolları” QSC-dən verilən məlumata görə, qeyd edilən sistemin uğurlu sınağı aprelin 26-da “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) və Almaniyanın ərazisində hava hərəkətinin idarə olunmasına cavabdeh olan DFS Aviation Services (DAS) şirkətinin nümayəndələrinin birgə iştirakı ilə baş tutub. Sistem DAS mütəxəssisləri tərəfindən hazırlanmış müasir avtomatlaşdırılmış Phoenix sisteminə əsaslanır.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa edilən yeni beynəlxalq hava limanları bütün müasir təhlükəsizlik standartlarına cavab verir, yüksək beynəlxalq tələblərə cavab verən inkişaf etmiş infrastruktura malikdir. Zəngilan hava limanında yeni avtomatlaşdırılmış sistemin tətbiqi uçuşların təhlükəsizliyinin yüksəldilməsinə, həmçinin hava məkanının buraxılış qabiliyyətinin artırılmasına kömək edəcək”, – deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.

“Azərbaycanın yeni beynəlxalq hava limanlarında Phoenix proqram-aparat kompleksinin tətbiqi çərçivəsində AZANS və DFS Aviation Services arasında əməkdaşlıq uçuşların təhlükəsizlik səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir”, – deyə DAS-ın idarəedici direktoru Andreas Pouç qeyd edib.

AZANS-ın bütün texniki və əməliyyat heyəti Almaniya mütəxəssisləri tərəfindən keçirilən müvafiq təlimlər keçib.

Qeyd edək ki, Phoenix sistemi Azərbaycanın yeni hava limanlarında dispetçer qüllələrinin istismarı üçün tətbiq edilən ikinci avtomatlaşdırılmış hava hərəkətini idarəetmə sistemidir. İlk sistem Almaniyanın aeronaviqasiya xidməti tərəfindən 2021-ci ilin avqust ayında Füzulidə beynəlxalq hava limanında tətbiq edilib.

Zəngilanda 3000 metr uzunluğunda uçuş-enmə zolağı olan beynəlxalq hava limanı bütün beynəlxalq tələblərə və standartlara cavab verən ən yeni naviqasiya infrastrukturu ilə təchiz olunacaq.

Zəngilan rayonundakı beynəlxalq hava limanının 2022-ci ildə istismara verilməsi nəzərdə tutulur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin