Tarixi ƏMƏKDAŞLIĞIN İNŞASI: ABŞ-Türkiyə münasibətlərində MANEVR GÖZLƏNİLİR – ARAŞDIRMA

Türkiyə prezidenti Ərdoğan və ABŞ prezidenti Bayden arasında iyunun 14-də NATO zirvə toplantısında baş tutacaq görüş kifayət qədər önəm kəsb edir. Əvvəlcə onu vurğulayım ki, Türkiyə ictimai rəyində ABŞ-a qarşı son illər mənfi münasibət formalaşıb. Əlbəttə, bunun bir çox səbəbləri var.

Türkiyə dövlətinin terrorçu hesab etdiyi Gülən hərəkatının lideri Fətullah Gülənin hələ də ABŞ-da yaşaması və onun təslim edilməməsi, Suriyanın şimalında YPG/PKK-ya logistik, silah dəstəyinin verilməsi, Rusiyadan alınan S400 raket kompleksləri kimi problemlər mövcuddur. Zənnimcə, 14 iyunda Bayden-Ərdoğan görüşü bir fürsətdir və iki NATO müttəfiqi arasında ziddiyətlərin qismən də olsa aradan qaldırılmasında bir addım ola bilər. Bu baxımdan, hər iki lider fürsəti əldən qaçırmamalıdır.

Mənə görə, iki NATO müttəfiqi arasında yaranmış problemləri həll etmək üçün Baydenin atacağı addımlar var. Şübhəsiz ki, bu, asan deyil. Üstəlik, ABŞ konqresində üstün mövqedə olan demokratlar arasında Ərdoğan hökumətinə münasibət son vaxtlar daha da pisləşib. Hətta Baydenin erməni “soyqrımını” tanımasında demokratlar xüsusi can-fəşanlıq nümayiş etdirdilər. Lakin iki dövlət arasında problemlər əbədi deyil və həm Bayden, həm də Ərdoğan liderlik bacarıqlarını işə salmalıdırlar. Yəni, həm liderlik bacarıqları, həm də ustaca diplomatik gedişlər qarşılıqlı predikamentləri aradan qaldıra bilər.

ABŞ və Türkiyə NATO müttəfiqidirlər və alyansın iki ən böyük ordusu bu iki ölkəyə məxsusdur. Eyni zamanda, uzun müddətli və strateji əməkdaşlığı da diqqətdən qaçırmamalıyıq. Strateji mənfəətlər ABŞ və Türkiyəni birlikdə olmağa sövq edir.

Yadınızdadırsa, bir müddət əvvəl Fransa prezidenti Emmanuel Makron demişdi ki, NATO “koma” vəziyyətindədir və Avropa İttifaqı öz ordusunu qurmağı düşünməlidir. Ancaq Aİ-nın digər güclü ölkəsi Almaniya başından bəri Makronun bu ideyasına isti yanaşmır. Və Makron bu sözlərini artıq bir-neçə dəfə dilə gətirib. Nəzərə alsaq ki, İngiltərə də Aİ-ni tərk edib, o zaman ABŞ əlindən gələni etməlidir ki, Türkiyəni dilə tutaraq, NATO-nu yaşada bilsin.

ABŞ və Türkiyə arasında münasibətlər nə qədər xoşagəlməz olsa da, Qara dəniz, Ukrayna, Liviya kimi məsələlərdə üst-üstə düşür. Türkiyə birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü tanıyır, Rusiyanın beynəlxalq hüquqa məhəl qoymayaraq Krımı birləşdirməsinə qarşı çıxır. Suriya diktatoru Bəşər Əsədə qarşı da iki ölkə eyni mövqedən çıxış edir.

Yuxarıda da qeyd etdiyim kimi, Türkiyənin Rusiyadan S400 komplekslərini alması, Fətullah Gülən məsələsi hələ də həll olunmamış qalır. Bundan əlavə, erməni “soyqrımı” məsələsi də bir əngəl olaraq qalır. Şərqi Aralıq dənizi məsələsi və İsrail-Fələstin mövzusu da ABŞ və Türkiyənin problemləri sırasındadır. Zənnimcə, Bayden Ərdoğanla görüşündə müttəfiqlik ruhuna uyğun güzəştlərə getməyi də bacarmalıdır. ABŞ iki ölkə arasındakı münasibətləri restavrasiya edə bilər.

1. PKK/YPG məsələsi

Türkiyə-ABŞ arasındakı ən mübahisəli mövzu heç şübhəsiz ki, bu ölkənin Suriyanın şimal-şərqində YPG ilə əməkdaşlığıdır. Çünki, YPG PKK-nın bir qoludur və 1984-cü ildən Türkiyə üçün təhdiddir.

Hər nə qədər ABŞ YPG-ni Suriya Demokratik Qüvvələri(SDQ) görsə də, həqiqət bunun əksini deyir.

YPG/PKK mövzusunda Baydendən cəsur bir manevr gözlənilir. Hərçənd, Baydenin sələfi Tramp Suriyadan ABŞ qoşunlarının çıxarılmasını istəyirdi. Ancaq Bayden adminstrasiyası prosesi dayandırdı və üstəlik bu təşkilatı daha da silahlandırdı. Əgər, Bayden YPG mövzusunda güzəşt edərsə, bu, Ərdoğan hökumətini də cəsarətləndirər. Ən azından, Türkiyə ictimai rəyində anti-Amerika əhval-ruhiyyəsi səngiyər.

2. S400 sistemləri

Türkiyənin Rusiyadan aldığı S400 sistemləri məsələsində yaranan problem həll olunmalıdır.

Türkiyənin müdafiə naziri Hulusi Akarın son bəyanatında türk tərəfinin problemi həll etmək üçün təşəbbüsü açıq-aydın göründü. Buna paralel olaraq, ABŞ Türkiyəyə “Patriot” sistemlərini satmağı təklif edə bilər. Digər tərəfdən, Türkiyə F-35 proqramına yenidən daxil edilə bilər. Bu istiqamətdə, ABŞ konqresi CAATSA sanksiyalarını nəzərdən keçirməlidir.

Qeyd edim ki, ABŞ Türkiyənin hərbi sənayesinin inkişafı üçün yardım da göstərə bilər. Lakin Türkiyə də üzərinə öhdəlik götürməlidir ki, Rusiya və başqa ölkələrdən NATO-nu təhdid edən silahlar almamalıdır.

3. Fətullah Gülənin təslim edilməsi

ABŞ hökuməti hələ də iddia edir ki, Türkiyə hökuməti Gülənin təslim edilməsi üçün lazımi “dəlilləri” təqdim edə bilməyib.

Bayden adminstrasiyası Gülən qrupundan şikayətçi olan türk vətəndaşlarının ABŞ-da məhkəmə iddiası qaldırmaları üçün yol aça bilər. ABŞ bu addımı atsa, türk ictimai rəyini də özünə qarşı minimum da olsa dəyişə bilər.

Yəni, Güləni vermirsən, ancaq bizim məhkəmə iddiası qaldırmamıza yaşıl işıq yandır.

4. Regional əməkdaşlıq və vasitəçilik

ABŞ İraqda və Suriyada İranın təsirini azaltmaq üçün Türkiyə-Səudiyyə yaxınlaşmasına nail ola bilər.

Eyni zamanda, Türkiyə-İsrail, Türkiyə-BƏƏ əməkdaşlığı da ABŞ-ın geopolitik və strateji maraqları ilə örtüşür. Məncə, Türkiyənin Ukrayna məsələsindəki prinsipial mövqeyinə görə, buna haqqı çatır.

5. Şərqi Aralıq dənizi

ABŞ Şərqi Aralıq dənizi ətrafında yaranan dəniz sərhədləri probleminin aradan qaldırılmasına çalışmalıdır.

Yox əgər ABŞ bu məsələdə vasitəçi olmazsa, problem daha da gərginləşə bilər. Məsələn, BMT nəzdində müstəqil komissiya qurula bilər, ancaq amerikalı diplomatlar problemin həllində proaktiv olmalıdırlar.

6. Tarixi əməkdaşlığın inşası

ABŞ mənfəətlərinin örtüşdüyü Liviya, Somali və qismən Suriya məsələsində Türkiyə ilə əməkdaşlıq qura bilər.

Məsələn, Qətər məsələsində problem yoxdur. Həm Türkiyənin, həm də ABŞ-ın Qətərdə hərbi bazaları var. Digər tərəfdən, Qafqazda, Qara dənizdə, Mərkəzi Asiyaya yönəlik siyasətdə ABŞ-Türkiyə əməkdaşlığının qarşısında maneə yoxdur.

Türkiyə bir NATO üzvü kimi Dağlıq Qarabağ məsələsində ABŞ ilə bərabər strategiya formalaşdıra bilər.

Eyni minvalla ABŞ Türkiyənin Mərkəzi Asiyadakı nüfuzundan da yararlana bilər.

7. Erməni “soyqrımı” məsələsi

Bayden Ərdoğanla görüşündə erməni məsələsinin Türkiyəyə qarşı bir atak olmadığını deməlidir. Bunun əvəzinə, Bayden Türkiyə və Ermənistanla kommunikasiyaların bərpa edilməsi, Zəngəzur dəhlizinin yubanmadan həyata keçirilməsi və Qafqazda daimi sülhün bərpa edilməsi üçün çalışmalıdır.

Məsələn, Paşinyan seçkilərdə qalib gələrsə, bu məsələnin həlli də mümkün ola bilər. ABŞ və Türkiyə Putinin avtoritar rejiminin Qafqazda güclənməsinin qarşısını birlikdə zəiflədə bilər. Şübhəsiz ki, ABŞ və Türkiyə arasındakı bu ziddiyyətlərin həlli asan deyil. Lakin ABŞ bu istiqamətdə uzlaşma nümayiş etdirməlidir.

***

Əksinə, Bayden adminstrasiyası Türkiyəni razı salmazsa, vəziyyət daha da pisləşə bilər.

Üstəlik, Çinin “Bir yol, bir kəmər” proyekti çərçivəsində Türkiyə-Çin ittifaqını görə bilərik. Bu ittifaqa Rusiyanın da qoşulması heç də arzu olunan deyil. Fikrimcə, ABŞ-da bunun çox ağır nəticələrə gətirib çıxaracağının fərqindədir.

Siyasi ekspert Kamal Əliyev / Haqlı.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin