Rus sülhməramlılarının MÜQƏDDƏRATI və nəqliyyat dəhlizinin YARADACAĞI FÜRSƏTLƏR-ANALİZ

Əvvəlcə onu qeyd edim ki, 44 günlük müharibəni təhlil edərkən, bir nüansı xüsusilə vurğulamalıyam. Dağlıq Qarabağ problemi öz tarixi, sosiologiyası və başqa parametrlərinə görə postsovet məkanındakı digər konfliktlərdən fərqlənir. Dnestryan, Krım və şərqi Ukraynadakı problemlərdən fərqli olaraq, Qarabağda heç vaxt rus qoşunları (ayrı-ayrı dəstələr istisna olmaqla) birbaşa olaraq Rusiya Federasiyasını təmsilən döyüş meydanında iştirak etməmişdi. 1-ci Qarabağ müharibəsində də ruslar ermənilərə daha çox logistik dəstək verirdi. Ancaq reallıq odur ki, Rusiya  Ermənistana həmişə yaxın olub. Əslində, Rusiya hər zaman Qafqazda mövcud olub. Ermənistanın Türkiyə ilə sərhədlərini 102 saylı hərbi baza qoruyur. Ermənistanın energetika sistemi, nəqliyyat şəbəkəsi rusların kontrolundadır. Rusiya həm Ermənistana silah satırdı, həm də bizə. Rusiya eyni zamanda KTMT çərçivəsində də Ermənistanın təhlükəsizliyinə qarant dövlətdir.

İndi yaranmış geosiyasi konyukturiyaya diqqət etdikdə görürük ki, Rusiya Dağlıq Qarabağ probleminin yeganə moderatorudur. Bir daha təkrar edirəm ki, istənilən halda rus əsgərlərinin Qarabağda mövcudluğu Azərbaycanın təhlükəsizliyinə açıq təhdiddir. Rusların Kəlbəcərdəki son təxribatı da hər şeyi ortaya qoyur. İlham Əliyevin köməkçisi Hikmət Hacıyev rus sülhməramlılarının peşəkarlığından, öz işlərinə məsuliyyətli yanaşmasından danışır. Təbii ki, mən Azərbaycan iqtidarını başa düşürəm. Azərbaycan iqtidarının strategiyası Rusiyanı bu prosesdə maksimum neytrallaşdırmaqdır.Yəni, Rus ayısı həmişə təhlükəlidir. Açıq deyim ki, bizim Rusiya ilə aktiv konfliktə girməyə resurslarımız yoxdur. Heç ən yaxın müttəfiqimiz Türkiyə də o gücdə deyil.

Mən bilmirəm buna xoşbəxtlik deyim, yoxsa bədbəxtlik; Azərbaycan Şimal-Cənub, Şərq-Qərb dəhlizinin kəsişdiyi nöqtədə yerləşir. Rusiya hər vəchlə çalışır ki,Şimsl-Cənub dəhlizinə nəzarət etsin:

1- Rəsmi Kreml bu dəhliz vasitəsi ilə Yaxın Şərqə, İrana çıxış əldə edir. Əgər, Moskvada razılaşdırılan regionun kommunikasiya sistemi bərpa olunsa, bu, ən çox Rusiyaya yarıyacaq.

2-Rusiya Şərq-Qərb dəhlizinə də nəzarət etmək istəyir.Əks təqdirdə, bu, Qərbin nəzarətinə keçər. Qərb də öz növbəsində Orta Asiyaya, Hindistana birbaşa çıxış əldə edə bilər. Ruslar buna imkan verə bilməzdilər.

Rusiya hər iki dəhlizə nəzarəti ələ keçirməklə, bundan sonra da Azərbaycana qarşı təhdid, şantaj siyasətini davam etdirəcək. Diqqətlə fikir versək görərik ki, Yuxarı Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi, yaxın tarixdə 3+3 formatında region ölkələri arasında kommunikasiya sisteminin bərpa edilməsi daha çox Rusiyaya üstünlüklər yaradıb. Bu, o deməkdir ki, Rusiya Qərbin Qafqaza, Orta Asiyaya yolunu bağlayıb.

Putin bundan sonra nə edə bilər?

Putin heç şübhəsiz ki, yuxarıda da qeyd etdiyim kimi Azərbaycana hərbi-siyasi təzyiqlərini bəlli çərçivədə davam etdirəcək. Rusların geosiyasi, geoekonomik siyasəti odur ki, gələcək də SSR bənzəri bir ittifaq modeli yaradarkən, Azərbaycanı da o ittifaqa daxil etsin. Məsələn, Putin əvvəlcə Azərbaycanı KTMT-yə üzv etməyə çalışacaq. Rusiyanın bu təhdidlərinə lazımlı immuniteti formalaşdırmaq üçün Türkiyə və Qərb öz pozitiv rolunu oynaya bilər. Azərbaycanda ancaq Türkiyənin hərbi bazaları yaradıla bilər…

Kamal ƏLİYEV

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin