Bakıya sətiraltı MESAJ – “Putin təkcə Qərbi yox, Azərbaycanı da HƏDƏLƏYİB” / ŞƏRH

Rusiya prezidenti dünən Federasiya Şurasının iclasında “xarici”qüvvələri” sərt formada tənqid edib. O, hətta Rusiyaya qarşı olanlara asimmetrik, cəld və sərt cavab verəcəyi ilə hədələdi.

KAİM.az olaraq oxucularımızın mövzuya marağını nəzərə alıb Putinin hədələrinin nəyə hesablandığını bilmək üçün siyasi ekspert Kamal Əliyevin fikirlərini öyrəndik.

Siyasi ekspert Kamal Əliyev

Həmsöhbətimizin qənaətincə, bu bəyanatlar əslində gözlənilən idi və daha çox daxili auditoriyaya hesablanmışdı:

“Ukrayna ətrafında baş verənlər də, Polşa, Çexiya və Bolqarıstandan rus diplomatlarının qovulması da eyni təzyiq formalarıdır. Putin deyir ki, Rusiya üçün “Qırmızı xətt” var və bu qırmızı xəttin sərhədlərini də o, təyin edir. O, təzyiq dozasını biraz da sərtləşdirərək deyir ki, ölkəsi bütün təzyiqlərə assimetrik, cəld və sərt cavab verəcək.

Hesab edirəm ki, Putin rejimi indiki mərhələdə kifayət qədər küncə sıxılmış vəziyyətdədir. Hətta vurğulamaq istərdim ki, Putin hakimiyyəti son 10 ildə bu sayaq sərt təzyiqlərlə qarşılaşmamışdı.

Unutmayaq ki, neftin ucuzlaşması ölkədə iqtisadi staqnasiyanı daha da gərginləşdirib.

Navalninin həbsi və onun həbsxanada aclıq aksiyası keçirməsi Rusiyaya qarşı qərbin tənqidlərini də artırıb. Fikirimcə, Navalni tərəfdarlarının etiraz aksiyaları həm də ölkədəki iqtisadi vəziyyətə qarşı protestdir”.

Kamal Əliyevin fikirincə, Putinin çıxışından Azərbaycan da öz payını alıb və bunu Əliyev hakimiyyəti cavabsız qoymamalıdır:

“Bilirsiniz, Putinin Aleksandr Duqin adlı avrasiyaçı bir ideoloqu var. Bu adamın son vaxtlar Azərbaycanı hədələməsi adi hala çevrilib. Duqin deyir ki, 44 günlük müharibədə Azərbaycanın qələbə çalması üçün Rusiya əlindən gələni edib və indi biz Rusiyaya verdiyimiz vədlərə əməl etməliyik.

Əvvala, mən başa düşmürəm ki, hakimiyyət Rusiyaya hansı vədləri verib. Yox əgər Duqin Ağdam, Laçın və Kəlbəcərin döyüşsüz Azərbaycana təhvil verilməsini nəzərdə tutursa, bu, heç də belə deyil. Çünki, 10 noyabr sazişi imzalanmasaydı da, bu rayonlar azad olunacaqdı. Hətta Paşinyan deyir ki, 10 noyabr razılaşması olmasaydı, Xankəndi və 20 mindən artıq erməni əsgəri əsir düşəcəkdi.

Birmənalı olaraq deyirəm ki, Duqinin hədələri birbaşa Putinin özündən gəlir. Putin ilkin etapda Azərbaycanın Avrasiya ittifaqına, daha sonra da KTMT-yə qəbul olunmasını istəyir. Buna görə də Putin Duqin kimilərin diliylə bizə xox gəlir.

Hesab edirəm ki, Azərbaycan hakimiyyəti AİB və KTMT mövzusuna açıq münasibət bildirməlidir. Mənə qalarsa, Azərbaycanın siyasi oriyentasiyası qərbə olmalıdır, Rusiyanın ımperial maraqlarına deyil” – deyə həmsöhbətimiz dedi.

Rus sülhməramlılarının mayın 9-da Xankəndidə keçirəcəyi “parad” barədə də münasibət bildirən ekspert dedi ki, bu addım açıq -aydın provokasiyadır və bunun ardı gələcək:

“Rusiyanın Ermənistan ərazisində hərbi bazası var, buyursun, orda paradını keçirsin. Mən başa düşmürəm, sülhməramlıların parad keçirməsi hansı qanuna söykənir? Putin parad keçirmək istəyirsə, getsin İrəvanda, Gümrüdə, İcevanda keçirsin. Gümrüdəki 102 saylı hərbi bazanın parad keçirmək imkanları daha yaxşıdır.

Əslində, Putinin strategiyası Yuxarı Qarabagda mini erməni dövləti qurmaqdır. Defakto mini dövləti də Rusiyanın konkret federal bir subyekti kimi idarə etməkdir. Rəsmi Bakı rusların bu qanunsuzluğuna cavab verməlidir. Hər halda, görürük ki, status gorbagora getmədi və ya ruslar status oyununu yenidən qızışdırırlar. Zənnimcə ,diplomatik yolla adekvat cavab verilməlidir”.

Həmsöhbətimiz təklif etdi ki, rusların Xankəndidə keçirəcəyi parada ən yaxşı cavab mayın 8-də Azərbaycan və Türkiyə hərbçilərinin Şuşada şanına yaraşan böyük hərbi parad keçirməsi olardı:

“Bildiyiniz kimi, ramazan ayından sonra Ərdoğan və İlham Əliyev birlikdə Şuşaya səfər edəcəklər. Yaxşı olardı ki, Şuşada Azərbaycan və Türkiyə hərbi birləşmələri parad keçirsinlər.

Bu, həm ruslara, həm də ermənilərə verilmiş mənalı bir cavab olardı. Görürük ki, qarşı tərəf xoşniyyətli deyil. Hətta onu da təklif edirəm ki, elə Şuşanın özündə Türkiyə hərbi bazası yaradılsın. Nə qədər ki, erməni diversantları Yuxarı Qarabağı tərk etmirlər, bu təklif ciddi şəkildə dəyənləndirilməlidir. Çünki, türk əsgərlərinin Qarabagda varlığı ermənilərin səsinin birdəfəlik kəsilməsi deməkdir” deyə həmsöhbətimiz bildirdi.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin