Kremldə Putin-Paşinyan masası: İran-Azərbaycan siyasi xətti və Qarabağ müzakirəsi – DETALLAR

363

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin hüzuruna gedəcək. İkitərəfli görüşlərin keçiriləcəyi ilə bağlı artıq bir neçə gün əvvəl Ermənistan mediasında xəbərlər yayılmışdı. Ötən gün şimal qonşumuzun Xarici İşlər Nazirliyi də 12 oktyabrda görüşün keçiriləcəyini təsdiqlədi.

Bəs bu görüşdə nələr müzakirə olunacaq. Qarabağ məsələsi də masada olacaqmı? 10 noyabr üçtərəfli razılaşmasının müddəalarını yerinə yetirməkdən boyun qaçıran Ermənistanın rəhbərinə Rusiya prezidenti qulaqburması verəcəkmi?

Haqlı.az xəbər verir ki, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov açıqlamasında söyləyib ki, Putin-Paşinyan görüşündə Azərbaycan-Ermənistan münasibətləri nəzərdən keçiriləcək.

Deputatın fikrincə, burada söhbət təkcə Qarabağ ermənilərindən getmir:

“Açıq qalan sərhəd məsələsi mövcuddur. Eyni zamanda, nəqliyyat dəhlizlərilə bağlı bir sıra məsələlər müzakirə oluna bilər. Bütün bu məsələlərdə Rusiya da iştirak edir. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamədə dəhlizlər məsələsi də öz əksini tapıb. İndi də Rusiyanın Xarici İşlər Nazirliyi sərhəd məsələləri və onların nizamlanması ilə bağlı bir sıra təkliflər verib. Hesab edirəm ki, Putin-Paşinyan görüşündə İranın son davranışları da müzakirə ediləcək, Çünki İranın son davranışları ilə bağlı Rusiyanın bir mövqeyi var. Həmin mövqe artıq Tehran rəsmisinin diqqətinə çatdırılıb. Fikrimcə, Kreml bu məsələ ilə bağlı mövqeyini İrəvanın da diqqətinə çatdıracaq ki, bu məsələlərdə İranın atlanıb-düşməyi bölgə üçün məqbul deyil. Eləcə də İranın son davranışları Ermənistanın özü üçün heç bir xeyir verməyəcək”.

Deputat düşünür ki, bütün bunlarla yanaşı, Rusiya prezidentinin və Ermənistanın baş nazirinin öz aralarında müzakirə edəcəyi məsələlər də mövcuddur:

“Burada qazın qiyməti var. Ermənistanın baş naziri yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı məsələləri gündəmə gətirmək istəyir. Paşinyan bildirir ki, “Metsamor” 2025-26-cı illərə qədər istismar oluna bilər. Onu ya təmir etmək, ya da yenisi ilə əvəzləmək lazımdır. Ermənistan bu AES-i ya Rusiyanın, ya da başqa xarici investorun əli, vəsaitilə yeniləmək istəyir. Fransa, Çin bu məsələləri dilə gətirir. Ortada başqa mövzuların olmasını da istisna etmirəm. Axı Putin türkiyəli həmkarı Ərdoğanla da görüşdü. Görüşün nəticələri müəyyən mənada Ermənistana proeksiya olunub. Çünki Ermənistan Rusiyadan asılıdır. Ermənistan həm də çalışır ki, Türkiyə ilə sərhədlər açılsın. Ümumiyyətlə, iki ölkə arasında vəziyyət normallaşsın”.

Rasim Musabəyovun fikrincə, müəyyən mənada bu məsələləri Ermənistan Rusiya ilə müzakirə etməlidir:

“Hər halda Rusiya da “3+3” formatına dəstəyini rəsmi formada səsləndirdi. Bu, İranın xarici işlər naziri ilə Lavrovun görüşündə baş verdi. İndi bu formatda Rusiya ilə yanaşı, Ermənistan və Türkiyə də var. Bu vaxta qədər Türkiyə Ermənistanla heç diplomatik əlaqələr də qurmayıb. Bu format çərçivəsində həmin məsələlər mütləq şəkildə çözülməlidir. Nəzərə alaq ki, Ermənistanın müdafiə naziri bu dəfə Nikol Paşinyanı qabaqlayaraq Moskvaya gedib. Bu onu göstərir ki, Ermənistan ordusunu dirçəltmək üçün yenə də ermənilər Rusiyadan müftə silah istəyəcəklər. Yenə də ermənilər ruslardan köməklik istəyəcəklər. Düşünürəm ki, bütün bunlar Putin-Paşinyan görüşünün əsasını təşkil edəcək”.

mənbə: Publika.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin