“Ucar rayon Meliorasiya İdarəsinin müdiri ailə podratı üsulu ilə ŞƏXSİ KAPİTALINI ŞİŞİRDİR” – ŞİKAYƏT

19

Yaxşı ki, kənd təsərrüfatının dirçəlməsi, kənd sakinlərinin maddi sıxıntılarının dəf edilməsi məqsədilə bu sahəyə cənab prezident tərəfindən milyonlar ayrılıb. Bu fürsəti gözləyən o qədər mənzilə, avtomobilə ehtiyacı olan, işsiz qohumlarının problemlərini həll etməyə çalışan “xeyirxah” məmurlar var imiş ki…

Kədərli olsa da bildirmək istəyirik ki, hökumət ilə xalqın arasında olan telləri qırmağa çalışan bu məmurlar şanlı Vətən müharibəsindən də bir nəticə çıxarmayıblar. Əksinə, şəhid və qazi ailələri digər vətəndaşlardan daha qəzəblidir bizim bu acgöz məmurlara…

Xülasə, qazi atası tərəfindən redaksiyamıza göndərilən şikayəti KAİM.az olaraq təqdim edirik:

“Ucar rayonu Qazyan kənd sakini, Qazi atası Seyidov Sadiq Əhməd oğlu tərəfindən

ŞİKAYƏT

Ucar rayon Meliorasiya İdarəsinin müdiri Həsən Qasımov dövlət idarəsini ailə podratı üsulunda işlədir. Dövlətin ayırdığı vəsait talan edilir, şəxsi kapitalı aşıb-daşır.

Nəticədə Ucar rayon torpaqları tam şoranlaşıb əkinə yararsız vəziyyətə düşmüşdür. Ucar rayon ərazisində şirə kanalları təmizlənmədiyi üçün yox olmaq üzrədir, meliorativ işləri aparmaq üçün sovet dönəmində tətbiq edilmiş drenajlar çıxarılaraq satılıb.

Meliorasiya İdarəsinə məxsus bahalı böyük texnikalar şəxsi işlərə cəlb edilib Həsən Qasımova pul qazandırır. İdarənin texnikalarının bir neçəsi isə Həsən Qasımova məxsus 1500 baş iribuynuzlu heyvan saxlanılan fermada, Zərdab rayonunun Məmmədqasımlı kəndində olan böyük balıq gölündə və 70 hektar əkin sahəsində işlərə cəlb ediliblər.

Həsən Qasımovun rayonda 3 yerdə böyük möhtəşəm evi, Bakı şəhərində 8 mənzili, Ucar rayonunda 3 böyük ticarət mərkəzi, iki böyük ferması və yüzlərlə hektar torpaq sahələri var.

Həsən Qasımov bir neçə gün əvvəl öz bacısı oğlu Abılov Rəşad Roman oğlunu idarəyə baş mühasib vəzifəsinə təyin edib. Qardaşı Kazım isə sürücü vəzifəsində işləyir. Digər qohumlarının isə adı işdə gedib iş üzü görmədən hər ay əmək haqqı alırlar. Ancaq rayonda Vətən müharibəsi qazilərinə və iştirakçılarına iş verilmir hamısı işsiz qalıblar.

Rayonun əkin torpaqlarını isə şoran ağuşuna alıb. Şoranın yuyulması üçün Ucar respublikada ən çox maddi vəsait ayrılan rayondur. Buna görə də Həsən Qasımov zənginliyinə görə ən çox seçilən müdürdür. Həsən Qasımovun qanunsuz yolla zənginləşməsinin əksi olaraq çörəyi əkinçilikdən çıxan kəndlilər isə günü-gündən yoxsullaşırlar. Çünki, şoran yuyulmadığı üçün torpaqlar əkinə yararsız vəziyyətə düşür.
Bu isə Həsən Qasımov fəlakətidir ki, qarşısı alınmasa rayonun kənd təsərrüfatı tamamən məhv olacaq.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Ucara xüsusi diqqət ayırıb təcili tədbir görməlidir.

Əlaqə telefonu: 050 780-62-82″

Qeyd: Şikayətdə adı çəkilən və mövzuda maraqlı olan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin