Ermənistan münasibətləri yaxşılaşdırmaq İSTƏMİR – Dialoqdan son anda İMTİNANIN SƏBƏBİ

16

Əldə olunan məlumata görə, 11-12 may 2021-ci il tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində Avropa Şurasının xətti ilə “Azərbaycan və Ermənistan arasında inamın artırılması məqsədilə dialoqun bərpası” adlı tədbir planlaşdırılmışdı. Bu tədbirdə Avropa Şurasının yüksək səviyyəli nümayəndələri, keçmiş ölkə başçıları, insan hüquqları üzrə komissarlar, Rusiya və Türkiyədən olan ekspertlərin iştirakı nəzərdə tutulmuşdu.

Müxtəlif Avropa ölkələrindən dəvət olunan ekspertlər davamlı sülhün əldə olunması, sülhün əldə olunmasına xidmət edən balanslı və həssas məlumatın yayılması, qadınların sülhyaratma prosesində iştirakı, Azərbaycanın və Ermənistanın milli ənənələrində ümumi mədəni təsirlərin rolu ilə bağlı müzakirələr aparmağı planlaşdırırdı.

Tədbirə Azərbaycan və Ermənistan tərəfindən jurnalistlərin, gənc fəallar, qadın təşkilatlarının fəalları və sülhyaratma ilə məşğul olan təşkilatların nümayəndələri dəvət olunmuşdular. Lakin, son anda bəlli olub ki, Ermənistan tərəfi bu tədbirdə iştirak etməkdən imtina edib və imtinanın səbəbləri ilə bağlı ətraflı məlumat verilmir.

KAİM.az xəbər verir ki, Trend sözügedən məsələ ilə bağlı uzun illərdir Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında münasibətlərin yaradılması ilə məşğul olan hüquq müdafiəçilərinin fikirlərini öyrənməyə çalışıb.

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, bu tədbir barəsində məlumatı olmasa da, qadınların, xüsusən anaların Cənubi Qafqazda davam edən bu düşmənçiliyin aradan qaldırılmasında rolu böyük ola bilər: “Qadınlar hər zaman regionda sülhün əldə olunması üçün çalışmışlar və bundan sonra da ona nail olacaqlarına əminəm. Nəhayət, hamı başa düşəcək ki, hər iki xalq bir yerdə yaşamağa məhkumdur və sülhün əldə olunması inkişafımız üçün çox dəyərli olacaq”.

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov isə qeyd edib ki, bu cür tədbirin planlaşdırılması özlüyündə təqdirəlayiq bir haldır. Çünki, uzun illərdir davam edən sülhyaratmada iştirak edən insanlar hər iki xalq arasında münasibətlərin bərpası üçün çalışmışlar: “İnamın artırılması ilə bağlı yüzlərlə tədbirlər həyata keçirilib. Bu tədbirlərin həyata keçirilməsində həm Avropa Şurasının, həm də Avropa Birliyinin dəstəyi olub”.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İcraçı Direktoru Dilarə Əfəndiyeva da vurğulayıb ki, xalqlarımız arasında münasibətlərin bərpası və sülhün əldə olunmasına hər iki tərəfdən olan nüfuzlu insanların fəal şəkildə cəlb olunması ilə nail olmaq mümkündür: “Burada Rusiyada yaşayan Azərbaycan və erməni icmalarının ciddi dəstəyinə ehtityac var. Biz bu barədə dəfələrlə demişik, müxtəlif belə tədbirlərin təşəbbüskarı olmuşuq və gələcəkdə təşkil olunmasında maraqlıyıq”.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin