Putinin qəzəbi hansı postsovet ölkələrini VURACAQ ? – Yeni geopolitikada QƏRBİN ROLU / ARAŞDIRMA

17

Bəzi insanlar elə düşünür ki, ABŞ prezidenti Baydenin Rusiya prezidenti Putinə “qatil” deməsi spontane bir ifadə idi. Xeyr, bu əsla belə deyildi.

Demokratların hətta Obama adminstrasiyasından bəri Putinlə bir “hesablaşması” qalmışdı. Sadəcə, araya Trampın 4 illik prezidentlik müddəti girdi. Putinin Suriya konfliktinə daxil olması, ABŞ-dakı seçkilərə müdaxiləsi, Krımın anneksiyası günün birində heç şübhəsiz ki, Rusiyanın başını ağrıdacaqdı. Üstəlik, ABŞ putinizmə qarşı siyasətini uniliteral deyil, bəlli bir konsolidasiya yoluyla həyata keçirir. Qərəz, gün Rusiyanın törətdiklərinin məsuliyyətini dərk etməsi və “bədəl” ödəməsi günüdür.

Vurğulayım ki, prezident Bayden və dövlət katibi Antoni Blinken həm Rusiyaya, həm də Çinə qarşı iki fərqli hərbi-siyasi bloku hərəkətə keçirir. Əlbəttə, birinci blok NATO-dur. İkincisi isə Vaşinqtonun Yaponiya, Cənubi Koreya və Hindistanın iştirakıyla yaratmaq istədiyi Asiya-Pasifik ittifaqıdır. Qənaətim odur ki, Bayden adminstrasiyası biraz sərtlik tərəfdarı olsa da, Avropa İttifaqı qismən yumşaq təzyiqlərin tərəfdarıdır. Hərçənd, 2016-cı ildən Aİ hər altı aydan bir Rusiyaya qarşı sanksiyalarını uzadır. Şübhəsiz ki, bu, Rusiya iqtisadiyyatı üçün ağırdır. Ancaq gəlin bir həqiqəti də etiraf edək ki, sanksiyaların nəticələri ikitərəfli olur. Yəni, Rusiya sanksiyalardan əziyyət çəksə də, qarşı tərəf-Avropa İttifaqı da Rusiya bazarından məhrum olub.

Məsələn, 2016-cı ilə qədər Niderland Rusiyaya kifayət qədər kənd təsərrüfatı məhsulları sata bilirdi. Avstriyanın da Rusiya ilə münasibətləri həmişə yaxşı olub. Ayrı-ayrı vaxtlarda Avstriyanın baş naziri Sebastyan Kurz Rusiyaya qarşı sanksiyalardan itirdiklərini bildirib. Gəlin görək, Qərbin Rusiyaya sanksiyaları hansı nəticələrə gətirib çıxarıb. Burda bir-neçə vacib səbəblər var…

Beləki, Aİ-nin təbii qaz ehtiyacının 35-40%-ni Rusiya ödəyir. Şərqi Avropa neftayırma zavodları Ural neftinə görə qurulub və burada çoxlu pul qazanılır. Digər tərəfdən, neftin barreli 60 dollar, 1000m3-i 250 dollar civarında seyr edirsə, sanksiyaların istənilən effekt verəcəyi inandırıcı deyil. Almaniya üçün “Şimal Axını-2” layihəsi olduqca vacibdir. Halbuki ABŞ bu layihəyə qarşıdır. Bunlar Qərb-Rusiya münasibətlərində iqtisadi parametrləri göstərir. Putin, son illər Donbas və Luqanskda 500 min insana Rusiya pasportları paylayıb. Sabah mümkündür ki, Rusiya pasport payladığı insanların hüquqlarını qorumaq üçün Ukraynanın şərqini də işğal etsin.

Doğrudur, Estoniyada da rus mənşəli xeyli insan yaşayır. Lakin Estoniya və ümumiyyətlə Pribaltika həm Aİ-nin, həm də NATO-nun üzvü olduğu üçün ora müdaxilə etmək risklidir. Ukraynaya gəldikdə isə, Rusiya bunu bir dəfə sınaqdan keçirib və nəticəsi də göz qabağındadır. 2008-ci ildə ruslar Tiflisin 20 km-nə gəlib çıxmışdılar. Buş və Kondaliza Rays Putinin qarşısını ala bilməmişdilər.

Gəlin məsələyə obyektiv yanaşaq. İndi heç kim deyə bilməz ki, Putin beynəlxalq hüququ tapdalayıb Ukraynanın şərqini işğal etsə, Qərb birmənalı olaraq Ukraynanın müdafiəsinə qalxacaq. Bu, Küveytin Səddam Hüseyn tərəfindən işğalı deyil ki, ABŞ BMT TŞ-ın qərarına belə baxmadan Səddamı Küveytdən vurub çıxardı. İndi mən sadəlövh şəkildə iddia edə bilmərəm ki, Bayden bu addımı Rusiyaya qarşı da edə bilər. Bu, heç real politikanın da təbiətinə uyğun gəlmir.

Açığı deyim ki, mən bəzən ABŞ-Rusiya rəqabətinə “mehriban düşmənlər” kontekstindən də yanaşıram. Bu iki dövlət özlərinin varlıq səbəbini vaxtaşırı bir-birlərinə “xox” gəlmək kimi də göstərirlər. Səbəb çox sadədir: bu iki dövlət bir-birlərindən maksimum ehtiyat edirlər. Nüvə silahı olan yerdə zarafat etmək olmaz.

Avropa İttifaqının ali komissarı Barrel deyir ki, Rusiya təhlükəli qonşudur, lakin onunla bərabər işləməliyik. Barrel çox gözəl dərk edir ki, Aİ-nin Rusiya təbii qazına ehtiyacı var, uzaq perspektivdə Rusiya bazarı avropalılar üçün yeni iqtisadi təşəbbüslər arenasıdır. Avropa İttifaqının Rusiya ilə ortaq fəaliyyət sahələri iqlim dəyişikliyi, İranın nüvə proqramı kimi məsələlərdir. Biz bura Suriya problemini də əlavə edə bilərik.

Lakin mənim diqqətimi həmişə o cəlb edir ki, Qərb nə vaxt Rusiyaya qarşı daha sərt olmağa başlasa və yaxud sanksiyaların əhatə dairəsini genişləndirsə bu, diktator Putini daha da qəzəbləndirir. Və nəticə etibarilə, Rusiya öz hikkəsini postsovet məkanına tökür. Putin bir şəkildə dövrəyə daxil olub bölgədə lokal münaqişə ocaqlarını aktivləşdirir. Hətta belə demək mümkünsə, Putin Dağlıq Qarabağda da hansısa qarşıdurmaya gedə bilər. Biz bilirik ki, Qarabağ problemi tam həll olunmayıb və hər an yenidən alovlana bilər. Putin Gürcüstanda da tarana gedə bilər. Hətta postsovet məkanında terror aktları da baş verə bilər. Bunu yaxın keçmişimizdən bilirik.

Zənnimcə, biz kifayət qədər diqqətli olmalı və Rusiyanın ata biləcəyi gözlənilməz addımlara qarşı daima Türkiyə ilə əlaqədə olmalıyıq. Türkiyə hazırda Azərbaycan vasitəsilə Orta Asiyaya çıxmağa çalışır. Türkiyə hazırda özünün NATO müttəfiqi ABŞ ilə problemlər yaşasa da, Orta Asiya siyasətini bu ölkə ilə koordinasiya şəklində apardığını düşünürəm. ABŞ dövlət katibi Blinken dünən Türkiyəli həmkarı Çavuşoğlu ilə görüşündə də bu detala toxundu.

İndi dünyada yeni geopolitik vəziyyət yaranmaqdadır. Avroatlantik məkan Rusiya və Çinin ekspansiya siyasətinə dözmək istəmirlər. Rusiyada Putin öz müxaliflərini çıxır, Çində də etnik uyğurlara qarşı assimilyasiya siyasəti aparılır. Qərb hər iki ölkənin zəif damarını tutub və birdəfəlik “hesablaşmaq” siyasətini tərcih edir. Asan olacaqmı? Xeyr, rəqiblər güclüdür, ancaq Qərb də uzunmüddətli mübarizəyə hazır olmalıdır.

Siyasi ekspert Kamal Əliyev

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin