Ürək koronavirus üçün ən asan hədəfdir – XƏBƏRDARLIQ

İnsan bütün orqanları, bədən üzvləri ilə tam və mükəmməl yaradılıb. Bəzən hansısa orqanın və ya bədən üzvünün öz fəaliyyətini dayandırması elə bu mükəmməlik daxilində yaşamağımıza o qədər də mane olmur. Həyatımızı qaldığı yerdən davam edə bilirik. Lakin ürək belədirmi? Təbii ki, yox.

“İnsanı yaşadan ürəkdir” deyəndə hər nə qədər hiss, duyğulara bağlı yaşamaq nəzərdə tutulursa, bir o qədər də sözün həqiqi mənasında onun sağlamlığının və normal fəaliyyətinin əhəmiyyəti nəzərə çatdırılmış olur. Lakin təəssüf ki, COVID-19 virusu təkcə ağciyərlərə yox, eləcə də ürəyə təsir edir, ondan da yan keçmir. Elə buna görədir ki, “COVID-19-dan sağaldı, ürəyindən öldü” başlıqlı xəbərləri tez-tez eşidər olmuşuq.

AYNA COVID-19-un ürək və ürək xəstəliklərinə təsiri ilə bağlı kardioloq Günay Novruzova ilə həmsöhbət olub. Beləliklə:

– Günay xanım, xəstələrinizdə COVID-19-un tənəffüs yolları ilə yanaşı ürəyə də mənfi təsirini müşahidə etmisinizmi?

– COVID-19 bütün orqan və toxumaların fəaliyyətinə təsir edir. Bu virusu ürək, damar və ya respirator təsirinə görə ayırmaq düzgün deyil, patogenə qarşı bütün orqanizm reaksiya verir. Virus üçün ürək həm asan, həm də əlverişli hədəfdir. Ürəyə çatmaq və ona daxil olmaq, sirayət etmək asandır, çünki ürək bütün orqanizmdən qanı toplayır və beyindən fərqli olaraq müdafiə baryeri yoxdur. Ürəyin zədələnməsi COVID-in ağırlıq dərcəsindən asılı deyil. Hətta, yüngül və simptomsuz xəstələrdə də ürək ciddi dərəcədə zədələnə bilər. Əsasən yaşlı insanlar, kəskin və ya xronik ürək xəstəlikləri, şəkərli diabet, xronik böyrək çatmazlığı, arterial hipertoniyadan əziyyət çəkən, genetik olaraq bu xəstəliklərə meyilliyi olanlar üçün risk böyükdür. Lakin heç bir xroniki xəstəliyi olmayanlarda və cavan yaşlarda da virusun ürəyi zədələmə faizi yüksəkdir. Aktiv viruslu xəstə sağaldıqdan bir müddət sonra da ürəkdən şikayətlər başlaya bilər. Virus latent və ya şəklini dəyişmiş halda orqanizmdə qalaraq sonradan özünü başqa formada göstərə bilir. Bu, təkcə COVID-19 üçün deyil, digər viruslara da xasdır (məsələn, hepatit B virusu, herpes virusu və s.).

– Bu xəstələrinizdə əlamətlər hansı formalarda özünü göstərib?

– Həm aktiv xəstələrim var, həm də koronavirusdan sağalmış xəstələrim olub. Aktiv xəstələrdə respirator əlamətlər, bədən temperaturunun yüksəlməsi və s. ilə yanaşı ürəyin zədələnməsini göstərən simptomlara da rast gəlinir, bunlar uzun müddət saxlanılan təngnəfəslik, boğulma tutmaları, aşağı ətrafların ödemi, ürəkdöyünmə tutmaları, ürəkdə aritmiya, “dayanma“ hissi və s. ola bilər. Eyni əlamətlərə artıq sağalmış xəstələrdə də bu və ya digər dərəcədə rast gəlinə bilər. Bu zaman simptomları aradan qaldıran müalicə ilə yanaşı xəstələrin ətraflı kardioloji müayinə olunmaları da vacibdir, çünki həyat üçün təhlükəli ola biləcək ürək zədələnməsi erkən aşkar edilməlidir.

Müraciət edən pasientlərdə aktiv koronavirus aşkar etdikdə lazımi müəssisələrə xəbər verməklə onların müalicəsinin evdə və ya xüsusi xəstəxanalarda aparılmasını təmin edirik. Sağalmış pasientlər isə klinikamızda ətraflı müayinə olunur, onlara elektrokardioqrafiya, exokardioqrafiya olunur, qanın laborator analizləri yoxlanılır. Ürəyin yığılma funksiyasının pozulması, aritmiyalar və s. dəyişiklikləri vaxtında aşkar edib müalicəyə başlamaq lazımdır. Göstəriş olarsa, digər müayinələr də (koronar angioqrafiya, ürək MRT-si və s.) aparılmalıdır.

– COVID-19-un ürəyə mənfi təsiri barəsində elmi araşdırmalar varmı? Nəticələrdə nə deyilir?

– Bəli, elmi araşdırmalar çoxdur. Bütün dünyada COVID-19 və onun orqanizmə təsirinin öyrənilməsi əsas diqqət mərkəzindədir. Bu araşdırmalar həm aktiv və sağalmış xəstələr üzərində, həm də həyatını itirmiş xəstələrdə patoloji-anatomik müayinələrlə aparılır. Dünya ölkələri bu araşdırmalara ən aparıcı alimləri cəlb edir, külli miqdarda maddi vəsait sərf olunur və nəticələr dəqiq analiz olunur. Həm yüngül simptomları olan, həm də sağalmış insanlarda ürəyin iltihabı – miokardit baş verə bilər. Miokardit cavan xəstələrdə ölümün əsas səbəblərindən biridir. Ürəyi zədələmək üçün virusun bu orqana daxil olması şərt deyil, virus ağciyərləri zədələməklə və ürəkdə oksigen aclığına səbəb olmaqla, həmçinin, iltihabi immun cavab yaratmaqla dolayı əlamətlərə səbəb olur.

Alimlər bildirirlər ki, hətta, sağalmış insanların 70-80%-ində ürəyin işində zəifləmə müşahidə olunur. Bunun 60%-i miokardın zədələnməsidir. COVID-ə yoluxmuş xəstələrdə artıq 3 gün sonra ürəyin yığılma funksiyası azalır. Yoluxmadan 24-72 saat sonra elektron mikroskop altında aparılan müşahidələr göstərir ki, ürəyin əzələ lifləri (sarkomerlər) sanki skalpellə kəsilmiş kimi görüntü verir. Bu aşkar olunan əlamətlər digər qazanılmış və ya anadangəlmə ürək patologiyalarına bənzəmir. Miokardit (ürək əzələsinin iltihabı) COVID-lə yanaşı bir sıra digər viruslar tərəfindən də törədilə bilər (parvovirus, herpes, HİV/QİÇS virusu, qrip virusu, streptokoklar, Koksaki virusu və b.). Ümumiyyətlə, miokardit ağır xəstəlikdir, aritmiyalara, qan dövranı pozulmalarına səbəb olur, təngnəfəslik, ağrı, ürək çatmazlığı əmələ gətirir, sağalan xəstələrdə qalıq əlamətlər qalır, geri dönməz dəyişikliklər müşahidə oluna bilər. Miokard infarktı (ürək əzələsinin müəyyən nahiyəsində nekrozlaşma) tez-tez baş verən ağırlaşmadır.

COVID-19 təkcə orqanlara və damarlara deyil, qanın özünə də birbaşa təsir edir, laxtalanma sistemi pozulur, tromblar əmələ gəlir. Hansı damarın zədələnməsindən asılı olaraq müxtəlif orqan və sistemlərdə zədələnmə baş verir. Bütün həyati vacib orqanlar (ağciyərlər, ürək, beyin, böyrəklər, qaraciyər, gözlər, qan damarları və s.) risk altındadır. Bütün damarlarda, həmçinin, dərin venalarda trombozlar əmələ gələrək həyat üçün təhlükə yaradır (tromb damar divarından ayrılaraq ağciyər arteriyasını tıxaya bilər). Virus, həmçinin, neyrotoksik təsir edərək beyin fəaliyyətinin pozulmasına gətirib çıxarır.

– Bir qədər də istərdim, siqaretin təsiri barədə danışasınız.

– Ürək-damar xəstəliklərinin əmələ gəlməsində bir çox risk faktorları rol oynayır, bunlardan ən təhlükəlilərindən biri siqaret çəkməkdir. Hər hansı bir formada qəbul edilən tütün məhsulları digər orqanlarla yanaşı koronar damarların divarını da zədələyir, ürəyin işemik xəstəliyinə, miokard infarktına, müxtəlif aritmiyalara və arterial təzyiqin yüksəlməsinə səbəb olur. Siqaret çəkən şəxslərdə ağciyərlər və damarlar artıq zədəli olduğu üçün COVID-19 virusuna yoluxma daha təhlükəlidir. Virus asanlıqla orqanizmi daha dərindən və ciddi zədələyə bilər. Hətta, cavan yaşlı xəstələrdə belə, həyati təhlükə istisna deyil. Birmənalı şəkildə siqaretdən imtina edilməli, düzgün və sağlam həyat tərzi əsas seçim olmalıdır. Bu prosesdə insanların maarifləndirilməsi çox vacibdir. Ürək şikayətləri olmasa da, ildə bir dəfə kardioloji müayinələrdən keçmək lazımdır.

– Bu günlərdə sağlam qalmağımız üçün nələri tövsiyə edərdiniz?

– Koronavirusa yoluxmuş insan mütləq həkim nəzarətində olmalı, təyin olunan müalicəyə, rejim, pəhriz və xüsusi göstərişlərə ciddi riayət etməlidir. Bu, ürək-damar və ya hər hansı digər xəstəliyi olmayanlara da aiddir, onlar özlərini tam izolyasiya etməli, qida və istirahət rejimini gözləməli, simptomatik müalicə almalıdırlar. Xronik xəstəliyi olanlar, xüsusən onkoloji, diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər diqqətli olmalıdır. Həkim tərəfindən təyin edilən və gündəlik qəbul etdiyi dərmanları həkimdən xəbərsiz dayandırmamalı, yeni əmələ gələn simptomları həkimə bildirməlidirlər. Hipertoniya xəstəliyi, xroniki ürək çatmazlığı olanlar, əvvəllər miokard infarktı keçirmiş, ürək damarlarına stent qoyulmuş və ya açıq ürək əməliyyatı olunmuş xəstələr xüsusilə ciddi həkim nəzarətində olmalıdırlar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin