Hazırlanacaq vaksinlər bu fəlakəti aradan qaldıra biləcəkmi? – ARAŞDIRMA

Dünyada və Azərbaycanda koronavirus bəlası fəlakət həddinə çatıb. Son məlumata görə, dünyada virusa yoluxanların sayı 64 milyonu ötüb. Bu virusdan ölənlərin sayı isə 1,5 milyona yaxınlaşır. Dünya ölkələri, o cümlədən inkişaf etmiş ölkələr virusla mübarizədə bir sıra tədbirlər həyata keçirib, karantin qaydalarını sərtləşdirsə də, virus sürətlə yayılmaqdadır. Müşahidələr onu göstərir ki, son rəqəmlər aprel ayı ilə müqayisədə 3 dəfəyə qədər çoxdur.

Azərbaycanda da son günlər gündəlik yoluxma sayı 4 mindən çox müşahidə edilirdi. Təkcə 1 dekabr üçün statistik məlumatda qeyd edilirdi ki, ölkədə 4426 nəfərdə koronavirusa yoluxma faktı aşkar edilib, 41 nəfər isə virusdan vəfat edib. Lakin dekabrın 1-də həm yoluxma, həm də virusdan ölənlərin sayında nisbətən azalma müşahidə edildir. Belə ki, son statistikaya görə, ölkədə 3942 nəfər koronavirusa yoluxub, 37 nəfər isə virusdan vəfat edib. Ümumilikdə isə ölkədə bu günə qədər 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 nəfərdir.

Mütəxəssislər soyuq hava şəraitini də nəzərə alaraq ölkəmizdə yoluxma sayının bundan sonra gündəlik olaraq 5-6 min nəfər çata biləcəyini qeyd edir. Doğrudur, Azərbaycanda koronavirusla mübarizədə bütün zəruri addımlar atılıb, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib, karantin rejimində bir sıra sərt qaydalar tətbiq edilib, qapalı və açıq məkanlarda maska rejimi ilə bağlı qaydalar sərtləşdirilib. Lakin bütün bunlara baxmayaraq virus fəlakət həddinə çatmaqdadır.

İndi insanlar ümidlərini daha çox hazırlanacaq vaksinə bağlayır. Qeyd edək ki, bu günə qədər bir çox inkişaf etmiş ölkələrdə koronavirusa qarşı vaksin hazırlandığı açıqlanıb. Onların arasında ABŞ, Çin, Rusiya, Türkiyə və digər dövlətləri göstərmək olar. ÜST-in saytında hazırda işlənməkdə olan vaksinlərin tam siyahısı var və bu siyahı müntəzəm şəkildə yenilənir. Bu vaksinlərin hansının daha effektli və faydalı ola biləcəyini isə indidən demək mümkün deyil.

Qeyd edək ki, ABŞ ötən gün “Moderna” şirkətinin koronavirusa qarşı hazırladığı vaksinin 100 faiz effektiv olduğunu açıqlayıb. “Fox News”un yaydığı xəbərə görə, ilkin analizlərdən sonra müəyyən edilib ki, vaksinin effektivliyi 94,1%, xəstəliyin ağır hallarında isə 100% olub. “Moderna” hələlik 100 faiz effektiv olan yeganə vaksindir. İndiyədək bir neçə vaksinin də effektiv olduğu məlum olub, onların effektivliyi 90-95 faiz arasında dəyişir.

Çin koronavirusun genomunu Rusiyaya verib və iki ölkə ailmləri virusa qarşı birlikdə vaksin hazırlayırlar. Bu barədə Rusiyanın Çinin Quançjoudakı Baş Konsulluğundan bildirilib. Məlumata görə, koronavirus genomu verildikdən sonra Rusiyanın alimləri insanda virusun mövcudluğunu 2 saata təsdiq etməyə imkan verən ekspress testlər tətbiq ediblər. Rusiya və Çin mütəxəssisləri vaksinin hazırlanmasına artıq başlayıblar.

Qeyd edək ki, vaksinlər – orqanizmi törədici ilə tanış edən və ona bu törədiciyə qarşı immun cavab reaksiyası formalaşdırmağı öyrədən bioloji preparatlardır. Törədici həm virus, həm də bakterial mənşəli ola bilər. Vaksinlərin təsiri nəticəsində törədici ilə qarşılaşan orqanizm ya ümumiyyətlə xəstələnmir, ya da yoluxma baş versə də, xəstəlik çox yüngül keçir.

Bəs hazırda üzərində iş prosesi gedən vaksinlərin hansı daha effektlidir? ÜST-in təsdiqləyəcəyi vaksin dünyada hər kəs üçün əlçatan olacaqmı?

Məlum olduğu kimi, mütəxəssislər koronavirusa ikinci dəfə yoluxma faktları olduğunu iddia edir. Belə olan halda koronavirusa qarşı hazırlanan vaksinlərin əhəmiyyətindən danışmaq olarmı?

“Ankara” Klinikasının baş həkimi Zülfüqar bu və digər suallarla bağlı “Yeni Müsavat”a danışıb:

“Məlum olduğu kimi koronavirusla bağlı indi dünyada çoxlu sayda vaksinlər üzərində işlər gedir. Demək olar ki, aparıcı ölkələr, o cümlədən digər ölkələr sanki vaksin yarışına çıxıb. Müəyyən ortada olan nəticələrlə bağlı konkret fikirlər yoxdur. Lakin istisna olaraq Rusiya artıq belə bir vaksinin olduğunu qeyd edir.

Ümumiyyətlə, vaksin yaratma prosesinin özünün elmi-tibbi çətinliyi var, bu məsələ zamana söykənir. Lakin vaksinlərin faydalılığı dedikdə insanın vaksindən sonra hansı müddətə qədər virusa davamlı olduğunu müəyyən etməliyik. Bu davamlılıq uzun müddət çəkərsə vaksinin faydalı olduğunu deyə bilərik. Hələlik vaksinlərin bir il ərzində nə qədər faydalı ola biləcəyini ortaya qoymaq zaman anlamında mümkünsüzdür. Çünki bu vaksinlər ən azı 1-2 il virusa qarşı davamlı olarsa özünü doğrultduğunu demək mümkün olacaq.

Burada digər məsələ vaksinlərin orqanizmə tam uyğunlaşması ilə bağlıdır. Yəni çalışılmalıdır ki, vaksin orqanizmdə yanaşı problem yaratmasın və yaxud yanaşı problemlə üst-üstə düşdükdə əlavə sıxıntılar ortaya çıxartmasın.

Bildiyimiz kimi, virus davamlı olaraq mutasiyaya uğrayan canlı varlıqdır. Əslində vaksinlər işə yarayır, sadəcə, bu virusun ayrı-ayrı ştamlarında özünü doğruldur. Virus bir müddət sonra mutasiyaya uğrayaraq, başqa növdə ortaya çıxır və vaksin avtomatik olaraq həmin vaxt üçün öz aktuallığını itirir. Bu günə qədər aparılan müşahidələr və elmi araşdırmalar da onu göstərir ki, COVİD-19-un mutasiyaları olsa da dəyişiklik o qədər də əhatəli deyil. Ona görə də tətbiq olunacaq vaksinlərin əhəmiyyətli ola biləcəyini deyə bilərik. Lakin gedişatda virusun yeni növləri, mutasiyaları ortaya çıxarsa əldə olunan vaksinlər öz əhəmiyyətini itirmiş olacaq. Bu baxımdan virus əleyhinə vaksinlərin hazırlanması tibb aləmində çətin və uzun çəkən prosesdir.

Digər tərəfdən isə vaksinlərin nə zaman əldə olunacağı hələ dəqiq deyil. Bəziləri onun hazırlanmasının gələn ilin ortalarına qədər çəkəcəyini deyir. Lakin onun da tam əldə olunması xeyli zaman çəkəcək. Çünki çoxmilyardlı bir dünyada yaşayırıq və onun əldə edilməsi ilə insanlara bəs edəcək qədər istehsal olunmasının hansı zamana qədər çəkəcəyi bəlli deyil. Bildiyiniz kimi, bəzi ölkələr vaksin hazır olduqda ilk öncə öz ölkəsinin vətəndaşlarına tətbiq edəcəyini, daha sonra isə ona dost olacaq ölkələrə paylamağı düşünür və sairə. Yəni qeyd etmək istəyirəm ki, vaksinin tapılması və onun bütün dünyadakı insanlar üçün əlçatımlı olması da xeyli zaman çəkəcək, bu da ona qədər çoxlu sayda insanların bu virusa yoluxacağı və virusdan ölməsinə gətirib çıxara bilər.

Ümid edilir ki, qış mövsümü başa çatdıqdan, havalar isindikdən sonra bu virus tədricən zəifləməyə başlayacaq. Məlum olduğu kimi, havaların hazırda soyuq olması virusun sürətlə yayılmasına, daha çox insanların yoluxmasına səbəb olur. Hazırda qış mövsümünün əvvəlini yaşayırıq və bu virusa yoluxanların sayı kütləvi şəkildə artmağa başlayıb. Düşünürəm ki, yoluxma sayı ilə bağlı statistik rəqəmlərlə real rəqəmlər arasında da xeyli fərq var. Güman ki, kütləvi immunizatsiya və havaların getdikcə isinməsindən sonra, yəni mart-aprel aylarında virusun zəifləməyə başlayacağının və iyun-iyul aylarında vəziyyətin ciddi şəkildə yaxşılığa doğru irəliləyəcəyinin şahidi olacağıq”.

Zülfüqar Yusifov koronavirusa təkrar yoluxma faktları ilə bağlı iddialardan da söz açıb:

“İkinci dəfə yoluxma halları ilə statistik rəqəmlər çox deyil. Bu barədə yalnız barmaq sayı qədər xəstələrdən söz açılır. Bəzən onların sayının 10, hətta 50 olduğunu deyənlər var. Bu rəqəmlər isə statistik əhəmiyyət daşımır. Həmçinin ortada ciddi tədqiqatlar da yoxdur ki, həmin xəstələr həqiqətən əvvəl koronavirusa yoluxubmu və ya ikinci dəfə yoluxduqları koronavirusdur ya yox? Bunlar da açıq qalan suallardır. Bəzən təbii immunitetlər də müddətli ola bilir. Yəni, bəzən qüvvətli, bəzən zəif olur. İmmunitet zəif olan zaman orqanizmdə resurslar tükənir və insan yenidən yoluxa bilər. Və yaxud xəstə ilk dəfə koronavirusa yoluxan zaman onda yaranmış immunitet çox da dayanıqlı olmayıb və kənardan aldığı virus yükü həddən artıq çox olub, ümumi yanaşı xəstəliklərin fonu da öz təsirini göstərərək, ikinci dəfə yoluxmaya səbəb olub. Doğrudur, bu ehtimallar ciddi tədqiqatlara söykənməsə də iddialar var”.

Həkim kütləvi immunitetin yaranma ehtimalından da danışıb:

“Bununla əlaqədar epidemioloji baxış ondan ibarətdir ki, əhalinin yarısının virusa yoluxacağı təqdirdə belə bir kütləvi immunitetə nail olmaq mümkündür. Eyni zamanda bu məsələdə tarixdə yaşanan epidemiyaların da təcrübəsi özünü göstərir. Məlum olduğu kimi, epidemiyalar müəyyən bir müddət, 2-3 dalğa gedir və adətən qısa bir müddət ərzində yekunlaşır. Bunun da səbəbi adətən kütləvi təbii immunitetin yaranması olur. Yəni vaksinasiyalarla pandemiyanın aradan qaldırılması təcrübəsi əslində yoxdur. Doğrudur, bəzi xəstəliklərlə bağlı tibdə müəyyən nəticələr olsa da sürətli pandemiyalarda vaksinasiyalarla uğur əldə edildiyini demək çətindir”.
“Yeni Müsavat”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin