Sarkisyanın Paşinyanı “vurmasında” rus FAKTORU və Paşinyanın yeni YOL XƏRİTƏSİ-TƏHLİL

Ermənistanda bu gün baş verənlərin episentrindəki fiqurlardan biri də prezident Armen Sarkisyandır. Düzdür, Sarkisyan Ermənistan konstitusiyasına görə, o qədər də yüksək səlahiyyətlərə sahib deyil, lakin prezidentin hazırkı hərəkətləri istər-istəməz şübhə yaratmış olur. Gəlin, Armen Sarkisyanın mövqeyini aşağıdakı kimi təsnif edək;

1- Armen Sarkisyan qiyamçı general, Ermənistan SQ-nin baş qərargah rəisi Onik Qasparyan tərəfindən təhdid olunub.

2- Paşinyana qarşı düyməni basan rəsmi Kreml Sarkisyanın baş nazir Paşinyana qarşı asi olacağı təqdirdə, onun siyasi gələcəyinə zəmanət verib.

Hər şey ondan başladı ki, Nikol Paşinyan baş qərargah rəisi, Rusiyanın adamı qiyamçı Onik Qasparyanın vəzifədən azad edilməsi üçün Sarkisyana təqdimat göndərdi. Ermənistan konstitusiyasına görə, sivil müdafiə nazirindən fərqli olaraq, baş qərargah rəisinin vəzifədən azad edilməsini ölkə prezidenti təsdiqləməlidir. Lakin Sarkisyan təqdimatı təsdiqləmədi və onu yenidən baş nazirin ofisinə göndərdi. Bu, Paşinyanın üzərində soyuq duş effekti yaratdı. Çünki, Paşinyan bunu Sarkisyandan gözləmirdi. Hətta Paşinyan İravandakı mitinqdə dəstəkçilərinin qarşısında etdiyi çıxışda Sarkisyanı qınadı və ikinci dəfə ona məktub göndərəcəyini bəyan etdi.

Hərçənd, Armen Sarkisyan Ermənistanda davam edən xaos müddətində tərəflər arasında vasitəçilik funksiyasını realizə edə bilərdi. Ancaq o, bunu etmədi və birbaşa Onik Qasparyanın ayağına getdi. Prinsipcə, Onik Qasparyan prezidentin hüzuruna təşrif buyurmalı idi. Bu, yuxarıda da qeyd etdiyim kimi, Armen Sarkisyana qarşı təhdid arqumentini gücləndirir. Bu məsələni Sarkisyanın baxış bucağından dəyərləndirməyin də faydası var. İş ondadır ki, nə DİN, nə də MTX hələ də Qasparyanı həbs etməyə cəhd göstərmir. O zaman Sarkisyan hələ də Paşinyana sadiq olan DİN-in aciz olduğunu başa düşür. Sarkisyan hesab edir ki, mən təqdimatı geri çevirsəm də, loyal polis əcaba Qasparyanı niyə həbs etmir? Və ya Təhlükəsizlik Xidməti nəyi gözləyir?

Buna rəğmən, 2018-ci ildə keçirilən parlament seçkilərində demokratik yolla seçilən hökuməti müdafiə etmək bir prezident kimi Sarkisyanın konstitusion borcu idi. Armen Sarkisyanın siyasi bioqrafiyası onu deyir ki, o, daha çox qərbyönümlü siyasətçidir. ABŞ və Avropa İttifaqı da Rusiyadan fərqli olaraq, ordunu siyasi proseslərdən kənar durmağa çağırır. Paşinyan ikinci dəfə də prezidentə göndərəcəyi təqdimata mənfi cavab alsa, ehtimal olunur ki, parlament tərəfindən Sarkisyana qarşı impiçment presesi başlasın. Qanunvericilik istisna hallarda buna imkan verir. Bunun üçün Ermənistan Milli Assambleyasında Paşinyanın hələ ki, gücü var.

Yuxarıda ikinci bənddə qeyd etdiyim kimi, Armen Sarkisyanın Paşinyan hökumətinə asi olmasında Rusiyanın da barmağı ola bilər. Artıq ortada bir həqiqət var ki, Rusiya əlindəki bütün siyasi rıçaqlardan istifadə etməklə, qərbyönümlü Paşinyandan yaxa qurtarmaq istəyir. Şübhəsiz ki, Kremlin a, b və c variantları var. Rusiya birinci variant kimi Vazgen Manukyan və onun ətrafında toplaşmış 17 siyasi təşkilatdan ibarət “Vətəni Xilasetmə” koalisiyasından  istifadə etdi, lakin istədiyi nəticəni ala bilmədi. Çünki, Manukyan xarizmatik siyasətçi deyil və meydanlara geniş xalq kütlələrini çıxarmaqda acizdir. Rusiya daha sonra özünün “xas” adamı keçmiş prezident Robert Köçəryanı qabağa verdi. Ancaq baxdı gördü ki, sadə ermənilərin Köçəryana münasibəti mənfidir.

İndi isə Kreml taktikada dəyişikliyə gedərək, özünün Ermənistandakı “nəcməddini” Onik Qasparyandan istifadə edir. Zənnimcə, prezident Sarkisyan da özünün həm siyasi, həm də təhlükəsizliyinə Rusiyadan zəmanət alıb. Əgər belə olmasaydı, o, ölkədə çevriliş etmək istəyən Onik Qasparyana bu tezliklə təslim olmazdı.

Təsəvvür edin ki, Sarkisyan hakimiyyət iyerarxiyasında mövcud subordinasiya qaydalarını pozaraq Qasparyanın ayağına gedir. Sarkisyan bununla seçilmiş hökumətin, xalqın iradəsini çeynəyir, ona hörmət qoymur. Zənnimcə, o, bunu öz başına etmir; ya Qasparyanın hədəsinə məruz qalıb, ya da Moskvadan gələcəyi üçün təminat alıb. Əks təqdirdə, sivil siyasətçinin xuntanın əmrində olmasını hansı səbəb labüd edə bilərdi…?

Məsələ həm də odur ki, Armen Sarkisyanın bu hərəkətləri vəziyyəti daha da gərginləşdirir və ona qarşı impiçment prosesinə əsaslar yaradır. Prezidentin yaşanmaqda olan bu xaotik situasiyada bu şəkil manevrlər sərgiləməsi, siyasi məsuliyyətsizlik nümayiş etdirməsi Rusiyanın planlarına tam cavab verir-ruslar bununla Qərbə göstərirlər ki, görürsünüz prezident də sizin Paşinyanınıza qarşıdır.

Siyasi ekspert Kamal Əliyev

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin