TƏCİLİ! “Azəriqaz” İB əhaliyə necə “TORBA TİKİR?”-İNANILMAZ FAKTLAR ÜZƏ ÇIXDI

Son günlər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi haqqında narazılıqlar durmadan artır. Son günlər artan narazılığın bir qismi qaz sərfiyyatının (həm də qaz borcunun) çox yazılması ilə bağlıdır. Abunəçilərin səsləndirdiyi iddialara qurumun baş direktoru Ruslan Əliyev bu gün cavab verib. Əslində cavab verməyib. Özünü və rəhbərlik etdiyi qurumu ifşa edib. Necə deyərlər “qaş düzəltdiyi yerdə vurub gözü də çıxardıb”.

Gəlin hörmətli Ruslan müəllimin şərhini diqqətlə izləyək. O deyir: “Pandemiya dövrü başlayandan sonra bizdə sənaye müəssisələrində tələbat 30-40 % aşağı düşdü”. Deməli, ölkə üzrə tələbat ən azı 30-40 faiz aşağı düşüb. Bu da əsaslı şəkildə qaz sərfiyyatını azaldıb. Amma Baş direktor nədənsə istehlakın aşağı düşməsi hesabına nə qədər mavi yanacağa qənaət edildiyini demir. Məntiqlə istifadə edilməyən qaz anbarda qalmalıdır. Bəs, niyə qalmayıb?

Baş direktor davam edir: “Ötən il biz əvvəlki ilə nisbətən əhali xətlərində 490 milyon kubmetr çox qaz qəbul etmişik. Bu da o deməkdir ki, bu qaza tələbat var və biz də ona görə bu qədər artıq qaz qəbul etmişik. Bu da əsasən pandemiya ilə əlaqədardır”. Kökündən yanlış izahdır.

Birincisi, əhalinin istehlak etdiyi qazın həcminin artmasını pandemiyaya bağlamaq sadəcə bəhanədir .İstehlakın artması ən yaxşı halda havaların soyuq keçməsi ilə izah oluna bilər.

İkincisi, bir il ərzində əhali tərəfindən istehlak edilən mavi yanacağın həcminin yarım milyard kubmetr “artması” sadəcə təəccüb doğurur. Belə çıxır ki, pandemiya dövründə insanlar özlərini koronavirusdan mavi yanacaqla qoruyublar. Ay maşallah!… Bir bunu eşitməmişdik. Gərək Ümumdünya Səhiyyə Təşkilatına yazaq, gəlib “Azəriqaz”ın təcrübəsini öyrənsin və ABŞ-da, Avropada, Çində və digər ölkələrdə təşviq etsin.

Üçüncüsü,  Baş direktor istehlakın artdığını deyəndə müqayisəli rəqəm gətirməli idi. Deməliydi ki, ötən il bu qədər qaz istehlak olunub, bu il isə bu qədər artıb. Yəni fərq bir qədər real olmalı idi. Amma rəqəmlər gizlədilir. Çünki, deyilən rəqəmlər reallığı əks etdirmir.

  • Ona görə ki, ölkəmizdəki qaz infrastrukturu bərbad gündədir. Anbarlardan ötürülən qaz istehlakçıya çatana qədər ən azı 15-20 faiz itki ilə üzləşir. Lakin “Azəriqaz” İstehsalat Birliyi bu itkini Sovetdən qalma metodologiya ilə hesablayır. Maksimum 3-5 faiz itki nəzərdə tutulur. Bildiyimiz kimi, mavi yanacaq da elektirik enerjisi kimi geri dönüşü olmayan yanacaq növüdür. Yəni anbardan və yaxud qaz tənzimləyici stansiyadan vurulan qaz istehlaka məhkumdur. Və bu gün şaxələndirilmiş qaz sistemində istər əhaliyə, istərsə də qeyri-əhaliyə eyni xətt xidmət göstərir. Yəni pandemiya dövründən əvvəl ötürülən mavi yanacaq məcburən indi də ötürülür. Və bu vəziyyətdə xeyli qaz istifadəsiz itirilir. İtirilmiş qazınsa hesabı kiməsə kəsilməlidir.

Bu vəziyyətdə isə “kraynı” əhalidir. Çünki əhalinin “Azəriqaz”a təsir imkanları sıfıra bərabərdir.  Əslində hörmətli Ruslan müəllim də bu gün bunu etiraf edib. O deyir: “Sənaye obyektlərinin sayında azalma oldu, kafe-restoranların fəaliyyəti dayandı. Amma əhalidə sərfiyyat artmağa başladı. Əhali əvvəlki illərə nisbətən daha çox evdə qaldı, ailələr özünü daha çox qorumağa başladı(!) Başa düşmürəm “Azəriqaz” İB nə vaxtdan əhalinin sosial müdafiəçisi olub?

Üstəlik, Baş direktor bu fikri ilə sübut etməyə çalışır ki, guya pandemiya səbəbindən insanlar daha çox evdə oturur. Evdə oturduqları üçün də daha çox mavi yanacaqdan istifadə edirlər. Əcəb məntiqdir. Bu məntiq ən yaxşı halda “Azəriqaz” İB-yə, birdə SOCAR-a sərf edər. Reallıqda isə bu sadəcə bəhanədir.

Belə ki, sənaye müəssisələri və iaşə obyektləri işləmədiyi üçün onların istehlak etməli olduğu qazın hesabı əhaliyə yazılıb. Bütün narazılıqların da tək səbəbi budur. Bu narazılığın aydınlaşdırılmasınınsa sadə və kustar üsulu var. Narazı abonentin son bir-iki ildəki qaz sərfiyyatı hesablanır və orta aylıq sərfiyyat çıxarılır. Əgər orta aylıq sərfiyyat üst-üstə düşürsə, istehlakçıya bu insani qaydada izah edilir. Yox fərq yaranırsa, onda artıq pul vətəndaşa qaytarılır. Yoxsa pandemiyanı bəhanə gətirməklə iş bitmir.

Bu gün əhalini narazı salan məsələlərdən biri də smartkart tipli sayğacların dəyişdirilməsidir. Nəzər alaq ki, son 10 ildə artıq 3-cü dəfədir ki, ölkə üzrə sayğaclar dəyişdirilir. Əslində sayğacdəyişdirmə kampaniyası dövlət vəsaitinin silinməsinin daha mütərəqqi yoludur. Qısa zamanda 3 dəfə sayğac dəyişdirməyə nə ehtiyac var? Şəxsən bir istehlakçı kimi məni smartkart sistemi qane edirdi. Çünki imkanım qədər ödəyirdim. Ödədiyim qədər də istifadə edirdim. Amma bu şansı “Azəriqaz” istehlakçının əlindən aldı.

Ruslan Əliyev isə sayğac dəyişmə kampaniyasını elə izah edir ki, guya onların əsas hədəfi müştəri məmnunluğudur. Üstəlik, Baş direktor deyir ki, “Biz pilot layihəyə başlamışıq. Ən müasir smart tipli 30 min ədəd sayğac artıq Bakıdadır, gələn ay əlavə 60 mini də gətiriləcək”. Burda qəribə paradoks yaranır. Baş direktor deyir ki, bu pilot layihədir. Yeni sayğaclar gətirilir. Bəs, partapart smartkart sayğacların mexaniki sayğacla dəyişdirilməsi hansı layihənin icrasıdır?

Hansı ki, quraşdırılan sayğaclar barədə artıq narazılıqlar başlayıb. Məsələn, mənim bir tanışım deyir ki, “evimdə smartkart idi. Ayda orta hesabla 40 manatlıq qaz yandırırdım. Ötən ay yeni sayğac qoydular. Və bir aya mənə 210 manatlıq istehlak qəbzi gəldi”. Bizim mənzilimizdə isə smartkartı yeni dəyişdiriblər. Fevralın əvvəllərində “Azəriqaz”ın mənə göndərəcəyi “şotu” həyəcanla gözləyirəm.

Görünən odur ki, “Azəriqaz”ın anoloji iş metodu keyfiyyəti artırmaq üçün yox, kəmiyyəti yüksəltmək üçündür. Pandemiya dövründə qeyri-əhalidən toplanılmayan vəsaiti “Azəriqaz” zor-xoş əhalidən toplamaq istəyir. Çünki zavodlar, fabriklər, istehsal sahələri, xidmət sektoru və iaşə sahələri işləməyib. Amma həmin qaz xətlərdə itib, gedib. İtirilmiş qazınsa pulu məcburən əhalidən tutulur. Bunun başqa izahı varsa, buyurub Ruslan müəllim izah etsin…

Surxay Atakişiyev,

KONKRET.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin