Kamal Əliyev: “Kreml Paşinyanın xarici işlər naziri postuna namizədi Armen Qriqoryana NARAZIDIR” – AÇIQLAMA

Ermənistan parlamenti artıq 4 gündür öz fəaliyyətinə başlayıb, lakin hələ də xarici işlər naziri vəzifəsi boşdur. Ekspertlərə görə, Paşinyan xarici işlər naziri vəzifəsinə Armen Qriqoryanı təyin etmək istəsə də, Rusiyanın narazılığını bildiyi üçün tərəddüd keçirir.

Haqlı.az-ın xəbərinə görə, bu barədə siyasi ekspert Kamal Əliyev “GUNinfo.az“-a verdiyi açıqlamada Rusiyanın hansı səbəblərdən Armen Qriqoryana narazı olduğunu və Ermənistan tərəddüdünü daha ətraflı izah edib:

“Biz bir məsələni bilməliyik ki, Ermənistandakı ictimai-siyasi proseslərdə Rusiyanın təsiri hələ də böyükdür və bu, bir müddət də belə davam edəcək. Doğrudur, Paşinyan Putinin dostu Köçəryanı məğlub etdi, ancaq bu hələ o demək deyil ki, Ermənistan sabahdan Rusiyaya üz çevirib Qərbin yanında olacaq. Mən deyərdim ki, Köçəryan iqtidar olmasa da, indiki Ermənistan parlamentində əvvəlkindən fərqli olaraq konkret Moskvanın dediyi ilə otutub-duran bir müxalifət var. Yəni, Paşinyanın qarşısında həm Köçəryanın adamları, həm də onunla siyasi intriqa aparan Artur Vanetsian var. Bu gün daşnak, Köçəryanın adamı İşxan Saqhatelyan da parlamentin vitse spikeri seçildi”.

Siyasi ekspert Kamal Əliyev Paşinyanın xarici işlər naziri vəzifəsinə məhz Qriqoryanı düşüməsinin siyasi arqumentlərini də açıqlayıb:

“Bizə məlumdur ki, Rusiya hər vəchlə Ermənistandakı yeni nazirlər kabinetinin formalaşmasında söz sahibi olmaq istəyir. Güman edirəm ki, Paşinyan Moskvada Putinlə son görüşündə də bu mövzuya toxunub. Fərz edirəm ki, Rusiya da indiki məqamda ən azından keçmiş xarici işlər naziri Ara Ayvazyan kimi birini istəyir. Çünki, xarici işlər naziri müdafiə naziri kimi vacib bir siyasi postdur. Görünən odur ki, Paşinyan Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və hazırda xarici işlər nazirinin birinci müavini Armen Qriqoryanın üzərində dayanıb.

Qeyd edim ki, Qriqoryan Paşinyanın sağ əlidir və baş nazirin etimadını qazanmış siyasi fiqurdur. Bu baxımdan, xarici işlər naziri vəzifəsinə Paşinyanın ən optimal namizədi Qriqoryandır. Mənə elə gəlir ki, Rusiya Qriqoryan məsələsində həvəsli görünmür”

Həmsöhbətimiz boş Ermənistan xarici işlər naziri postu üçün gündəmdə olan digər fiqur Ararat Mirzoyan barədə də danışdı:

“Ararat Mirzoyan bundan əvvəlki parlamentin spikeri idi. O, daha çox qərbyönümlü siyasətçidir. Yadınızdadırsa, 10 noyabr razılaşmasının imzalandığı gecə Ermənistan parlamentini işğal edən əhali Ararat Mirzoyanı tutub döymüşdülər. Hətta keçmiş prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı səfiri Minasyan bir dəfə demişdi ki, Mirzoyan Türkiyənin xüsusi xidmət orqanı MİT tərəfindən əməkdaşlığa cəlb edilib və daha sonra Ermənistanın Milli Baş Təhlükəsizlik Xidməti bu işdən xəbər tutaraq Mirzoyandan ikitərəfli cəsus kimi istifadə edib. Mən Mirzoyanın xarici işlər naziri olacağını istisna edirəm. Hətta o,  İrəvanda dəfələrlə keçirilən anti-Rusiya mitinqlərində həmişə ən cərgələrdə olub”.

Görünən odur ki, Paşinyan hökuməti nə qədər Qərbyönümlü olsa da Rusiyanın oxlarından yayına bilməyəcək.

Haqlı.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin