İqtidar-müxalifət danışıqları: “Harada düzgün addım atılarsa, orada birlik olacaq” – Partiya SƏDRLƏRİ

0
8

Vətən Müharibəsi dövründə bütün Azərbaycan xalqının, o cümlədən ölkəmizdə fəaliyyət göstərən siyasi təşkilatların birlik, həmrəylik nümayiş etdirdiyinin şahidi olduq. Siyasi arenanın diqqətlə izləyən hər kəsi bir sual düşündürür: Vətən, Qarabağ, ərazi bütövlüyü mövzusunda bir araya gələn siyasi təşkilatlar bundan sonrakı prosesdə həmrəyliyi qoruyub saxlaya biləcəklər?

Bununla bağlı Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu öncə müharibə dövründəki birliyə gətirib çıxaran səbəblərə toxunub:

“Bizim etnik yaddaşımıza görə Vətən məhəbbəti, dövlətçilik şüuru çox yüksəkdir. Müharibədə gördünüz, cavan, cılız bədənli oğullarımız necə böyük şücaət göstərdilər. Adi vaxt biz bəlkə də onlardan bu cür igidlik gözləmərik. Ona görə, normal dövrdə ayrı-ayrı şəxslər olaraq nə qədər fərqli görünsək də, hətta bir-birimizə qarşı pis hərəkətlər etsək belə, Vətən və dövlət məsələsində qan yaddaşımız bizi bir amal uğrunda birləşdirir. Təbii ki, özünü azərbaycanlı kimi hiss etməyən xainlərdən, Rusiyanın agentlərindən söhbət getmir.

Mütəşəkkilliyimizin ikinci səbəbi isə Azərbaycanda siyasi qüvvələrin siyasi cəhətdən kifayət qədər yetkin olmasının, milli maraqları dərk etməsinin əlamətidir. Hamı başa düşür ki, elə məsələlər var, orada iqtidar-müxalifət söhbəti salmaq olmaz”.

Sərdar Cəlaloğlu siyasi təşkilatların birliyə gətirib çıxaran amillər sırasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin gördüyü işləri də diqqətə çatdırıb. Partiya sədri bildirib ki, Ədalət Vəliyev həmin vəzifəyə təyin ediləndən sonra müxalifətlə iqtidar arasındakı münasibətləri yaxşılaşdırmaq üçün müəyyən addımlar atdı:

“İqtidarın təşəbbüsünə müxalifət də müsbət cavab verdi. Həmrəyliyimizin 3 səbəbini qeyd etdim – bizim siyasi şüurumuz, qan yaddaşımız, üçüncü isə hakimiyyətin müharibədən öncə konkret addım atmasıdır. Müharibədən öncə dediyim kimi, iqtidar və müxalifət arasında yeni münasibətlərin əsası qoyulmuşdu. Yaxşı olar ki, müharibədən sonra da bu münasibəti qoruyub saxalaya bilək. Bundan sonrakı proseslər yenə də iqtidardan asılıdır. Qarabağ məsələsində sözsüz birlik olacağına inanıram. Dövlətçilik və milli maraqlara xidmət edən islahatlar aparılsa, yenə biz hökuməti dəstəkləməyə hazırıq. Əgər hökumət bu sahədə addımları davam etdirməzsə, təbii ki, “qarşılıqsız məhəbbət” olmaz”.

Müsavat başqanı Arif Hacılı isə digər müxalifət partiyalarının deyil, yalnız özlərinin mövqeyindən danışa biləcəyini vurğulayıb:

“Ümumi fikir bildirmək istəməzdim. Müsavat Partiyası həmişə ümummilli məsələlərdə – Qarabağ mövzusunda və s. məqamda cəmiyyətin, dövlətin mənafelərini öz siyasi mənafelərindən üstün tutur. Bu bizim prinsipial mövqeyimizdir. Bundan sonra da Azəraycanın milli mənafeyi tələb edəcəksə, istər Qarabağ məsələsi, istər ölkəmizin istiqlalı, istərsə də, dövlət quruculuğu məsələləri ilə bağlı hər hansı məqamlar ortaya çıxacaqsa, Müsavat Partiyası yenə də dövlətçilik, Azərbaycançılıq, Azərbaycanın maraqları mövqeyindən çıxış edəcək”.


Ümid Partiyasının sədri İqbal Ağazadənin
 sözlərinə görə, müharibə zamanı Azərbaycanda siyasi partiyaların birliyinə gətirib çıxaran yeganə amil vətən sevgisidir:

“Bəzən cəmiyyətdə belə fikir yaratmağa çalışırlar ki, sən müxalifətdəsən, Vətəni sevmirsən. Əksinə, müxalifətçi Vətəni daha çox sevir. Müxalifətçiliyin fəlsəfəsi budur ki, Vətəni sevir və Vətənin inkişafını fərqli istiqamətdən görür. Biz də Vətəni sevirik. Müharibə dövründə də birliyin əsas səbəbi bu Vətən sevgisi oldu. Hər kəs Vətəni sevirdi və Vətən torpaqlarının işğalda olmasını arzulamırdı. Ona görə, hamı birlik nümayiş etdirdi”.

Partiya sədrinin fikrincə, bundan sonra siyasi təşkilatlar, iqtidar və müxalifət arasındakı birliyi qorumaq proseslərə münasibətdən asılıdır:

“Əgər iqtidar Vətən torpaqlarını işğaldan azad edərkən, düzgün addım atdısa ki, biz hesab edirik, bu düzgün idi, korrupsiya və rüşvətxorluğa qarşı da düzgün addım atacaqsa, birlikdən söhbət gedə bilər. Seçki məsələsində azad və demokratik seçki keçiriləcəksə, yenə birlik olacaq. Sosial siyasətin yürüdülməsində doğru addım atacaqsa, yenə birlik olacaq.

Azad və demokratik seçki keçirməyən, sosial vəziyyəti yaxşılaşdıra bilməyən, korrupsiya və rüşvətxorluğu kredoya çevirən hakimiyyətlə necə birlik ola bilər ki?! Hakimiyyət gələcəkdə Qarabağı Ermənistana verməyə çalışsa, yenə həmin hakimiyyətlə düşmən olacağıq. Biz buna imkan vermərik, çünki biz Vətənimizi bütöv sevirik, problemi olmadan görmək istəyirik. Ona görə, bizi birləşdirən Vətən sevgisidir. Harada düzgün addım olarsa, orada birlik olacaq”.


REAL Partiyasının icra katibi Natiq Cəfərli
 isə xatırladıb ki, bütün məsələlərdə iqtidar və müxalifətin həmrəyliyi, fikirlərinin üst-üstə düşməyi mümkün deyil:

“Bunun iddiası absurd olardı, siyasi sistemin qurulmasının əhəmiyyəti qalmazdı və sovet dövründə olduğu kimi, təkpartiyalılıq mövcud olardı. Ona görə də bundan sonra mövzular ətrafında həm iqtidarı, həm də müxalifətin böyük hissəsini qane edəcək, eyni mövqedən çıxış edəcək məqamlar üçün birlik davam etdidirilə bilər. Qarabağ məsələsi elə bir məqam idi ki, burada iqtidar və müxalifət arasında fikir ayrılığı sıfır səviyyədə idi. Bu həmrəylik kifayət qədər önəmli resursa çevrildi və ölkə daxilində destruktiv hərəkətlərin, xarici təsirlərin qarşısını alan əsas faktora çevrildi ki, bu da məncə, hərbi qələbəyə gətirib çıxaran əsas nüanslardan biridir”.

N.Cəfərli də gələcəkdə həmrəyliyin davam etdirilməsinin siyasi gedişatdan asılı olduğunu düşünür:

“Hansısa mövzular olacaqsa, bu mövzular REAL Partiyasının proqram sənədlərinə, vizyonuna, bizim ölkədə görmək istədiyimiz dəyişikliklərə və ölkədə görmək istədiyimiz dəyişiklərə uyğun iqtidar tərəfindən təkliflər olacaqsa, buna uyğun dəstəklənəcək. Məsələn, gələcəkdə idarəetmənin formasının dəyişdirilməsi, konstitusion islahatlar və yaxud proporsional seçkiyə keçid, yerli icra orqanlarının ləğvi ilə bağlı iqtidar tərəfindən hansısa təkliflər səsləndiriləcəksə təbii ki, dəstəklənəcək. Amma yenə təkrar edirəm ki, bütün məsələlərdə eyni mövqedən çıxış etmək mümkün deyil.

Qeyd etmək istəyirəm ki, iqtidarla müxalifət arasında danışıqların olması, məsələlərin müzakirəsi çox pozitiv məqamdır. Gələcəkdə bunu da davam etdirmək lazımdır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin