Fransa “oyun”dan kənarda qalıb-“Ermənistan və Rusiya iş birliyi…”

Noyabrın 10-da kapitulyasiya barədə məlum sənəd imzalandıqdan bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron erməni icmasının nümayəndələri ilə naharda iştirak edib. Bu barədə Ermənistanın “Qraparak” nəşri yazıb.

Məqalədə qeyd olunub ki, E.Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. Makron müharibə zamanı dəfələrlə onunla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib.

Makron deyib: “Axı mən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”.

Makron müharibə vaxtı Paşinyana sms-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha göstərdi. Açıq-aydın görünür ki, o, Fransanın ATƏT in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib.

Makronun növbəti ermənipərəst mövqeyini “Sherg.az”a dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, üçtərfəli bəyanatla bağlı Fransaya xəbərdarlığı Rusiya Prezidenti Vladimir Putin etməli idi:

“Putinin borcu idi ki, Makronu, Trampı, eyni zamanda ATƏT-in Minsk qrupunun 9 üzvünü bəyanatla tanış etsin. Lakin Putin bunların heç birini etməyib. Rusiya Prezidenti partizansayağı hərəkət edib və bəyanatı təkbaşına imzalatdırıb. Çünki ona lazım idi ki, tezbazar Qarabağa ordusunu yerləşdirsin. Fransa prezidenti Emmanuel Makron bir sıra xarici humanitar təşkilatların Qarabağa humanitar yardım adı ilə dəstək göstərdiklərini etiraf etmişdi. Onların arasında “HALO Trust” təşkilatı da var.

Fransanın SPFA, İsveçrənin KASA və başqa təşkilatlar humanitar yardım adı altında Qarabağdakı separatçı rejimə müxtəlif dəstək veriblər. Fransa işğal altındakı Azərbaycan torpaqlarının minalanmasına ermənilərə kömək edib. Bu gün sülhməramlıların Qarabağda yerləşdirilməsinin əsas səbəblərindən biri münaqişənin dondurulması və qalmasıdır”.

S.Soltanın fikrincə, Makron Paşinyandan ona görə küsür ki, onu saymayıblar:

“Çünki ortada Rusiya faktoru var. Makronu üçtərəfli bəyanatın imzalanmasından xəbərdar etməyiblər və Fransanı oyundan kənar vəziyyətdə Ermənistanla Rusiya arasındakı iş birliyi qoyub. Ona görə də Fransa özünə heç cürə yer tapa bilmir. Bu baxımdan Makron Paşinyanın üzərinə gedir ki, niyə onu xəbərdar etməyiblər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin