“Donbas məsələsində ABŞ və Ukrayna YEKDİLDİR” – Moskvaya SİQNAL

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. Bu barədə D. Kuleba “Twitter”də bildirib:

“Rusiyanın müharibə ritorikasını artırdığı və hərbçilərini sərhəddə cəmləşdirdiyi bir zamanda Brüsseldə amerikalı həmkarım ilə görüşmək çox yaxşı oldu”.

XİN başçısı qeyd edib ki, hər hansı bir yeni hərbi macəranın bədəli çox yüksək olacaq.

“Moskvanı gərginləşmə yaratmaqdan çəkindirməliyik”.

KAİM.az-ın xəbərinə görə, məlum görüş barədə “Sherg.az”a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Donbasda artan gərginlik təkcə Ukraynanın problemi deyil. Artıq məsələ geosiyasi toqquşma müstəvisinə gəlib çıxır. Onun sözlərinə görə, xüsusilə ABŞ və Rusiyanın bu mövzuda baş-başa gəlmə təhlükəsi var:

“Rusiya Ukraynanın Donbası nəzarətinə alması və separatçılara qarşı hərbi əməliyyatları özünə qarşı təhdid hesab edir. Çünki Donbasın Rusiya nəzarətindən çıxması beynəlxalq müstəvidə Rusiyanın ABŞ qarşısında zəifləməsinə gətirib çıxara bilər. Məsələyə bu konteksdən yanaşdıqda ABŞ və Rusiya gərginliyini təkcə iki dövlətin gərginliyi kimi xarakterizə etmək olar.

Əlbəttə, Ukraynanın separatçılara qarşı mübarizə aparıb ərazi bütövlüyünü təmin etməsi beynəlxalq hüquqa əsaslanır. Rusiyanın bu prosesdə Ukraynaya təzyiqi və rəsmi Kiyev sərhədlərinə hərbi bazalarını gətirməsi birbaşa Ukraynanın təhlükəsizliyini təhdid edir”.

M.Əsədullazadə qeyd edib ki, ABŞ və NATO Ukraynanı dəstəkləyir:

“Amerikanın hərbi qüvvələrini Ukrayna ətrafına cəmləşdirməsi bir növ Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin qarşısını almağa hesablanıb.

Ukrayna XİN başçısının ABŞ dövlət katibi ilə görüşü Donbas ətrafında Rusiyanın Ukrayna sərhədlərinə yığdığı hərbi qüvvələrin müzakirəsidir. Artıq ABŞ Ukraynaya sarsılmaz və qətiyyətli şəkildə yardım göstərəcəyini dedi. Təbii ki, bu da Moskavanı narahat edir.

Həqiqətən də Ukrayna Donbasda separatçılara qarşı hərbi əməliyyatlara başlasa və Rusiya prosesə müdaxilə etməsə, Amerika və NATO Kiyevə tam dəstək olacaq.

Bu görüş də Amerika və Ukrayna arasında müəyyən məsələlərin koordinasiyası, məsləhətləşmələr və Moskvaya mesaj verməkdir. Yəni, Amerika və Ukrayna bu məsələdə yekdildir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin