Co Bayden siyasəti İlham Əliyev və Ərdoğanın strategiyasına problem YARADA BİLƏRMİ?-TƏHLİL

0
2

Azərbaycan və Türkiyənin ABŞ-ın yeni iqtidarı ilə münasibətləri

Şübhəsiz ki, Azərbaycan 44 günlük ikinci Qarabağ müharibəsində mütləq qələbə qazanması da, hər halda uzun illər mövcud olan statuskvonu aradan qaldıra bilib. Döyüş meydanında qazanılan üstün mövqeni danışıqlar masasında davam etdirmək o qədər də asan deyil.

Qafqaz kiçik bir coğrafiyadır, lakin daima hərəkətlidir. Məsələn, Qafqazı Orta Asiya ilə müqayisə etsək, qarşımıza kiçik bir torpaq parçası çıxır. Buna rəğmən, Qafqazın geostrateji üstünlüyü, potensialı şirnikləndiricidir.

Artıq ABŞ-yeni prezidenti Co Bayden öz fəaliyyətinə başlayıb. İlk 100 gündə ABŞ prezidentinin həm daxili, həm də xarici siyasətinin yol xəritəsi, əsas strateji xəttləri bilinəcək. Bizim üçün maraqlı olan Baydenin Dağlıq Qarabağ probleminə baxışıdır. Hərçənd, seçki kompaniyasında Bayden ermənilərə şirin görünmək üçün vədlər verirdi. Məncə, Co Bayden və onun dövlət katibi Toni Blinkenin Qarabağ siyasəti problemlər yarada bilər. Hətta müharibə vaxtı Bayden ara-sıra Türkiyənin Azərbaycana siyasi və hərbi dəstəyinə narazılığını bildirirdi. Düzdür, Bayden erməni lobbisindən dəstək almaq üçün belə deyə bilərdi, amma ABŞ-dakı erməni diasporu o qədər də şişirildiyi kimi deyil; Amerikadakı erməni diasporu heç də yəhudi diasporu qədər bu ölkənin xarici siyasətinə təsir etmək gücündə deyil.

Məncə, Bayden Qarabağ siyasətinə münasibətini müəyyən edərkən, Türkiyə və Azərbaycana yönəlik bəzi addımlar ata bilər. Baydenin Ərdoğanla münasibətləri o qədər də isti deyil. O, Türkiyənin Rusiyadan aldığı S400 HHM sistemlərinə görə narahatdır. Üstəlik, rəsmi Ankaranın 44 günlük Qarabağ müharibəsində Azərbaycanı birmənalı dəstəkləməsi də Baydeni narahat etməyə bilməz.

Yeni ABŞ adminstrasiyasının konkret Azərbaycan siyasətinə gəldikdə, bu özünü daha çox humanitar və maliyyə yardımlarının kəsilməsində göstərə bilər. Məsələn, Bayden adminstrasiyası 907-ci düzəlişin canlandırılmasına cəhd edə bilər. Əvəzində, ABŞ hökümətinin Ermənistana yardımları arta bilər.

Co Bayden digər tərəfdən 2016-cı il Sürix protokollarını canlandırmaq üçün də Türkiyəyə təzyiq göstərə bilər. Zənnimcə, rəsmi Bakının həssaslığı nəzərə alınacaq. ABŞ Türkiyəni öz sərhədlərini Ermənistana açmağa məcbur edə bilər. Düşünürəm ki, Azərbaycan və Türkiyə tərəfi bu məsələyə qarşı öz adekvat strategiyasını indidən hazırlamalıdır. Türkiyə prezidenti Ərdoğan regionun 6 dövləti arasında nəqliyyat, logistika və iqtisadi münasibətlərin inkişafı üçün bir format təklif edib, ancaq bu, Co Bayden adminstrasiyasının İran siyasətindən də asılıdır; regionun 6 dövlətindən Gürcüstan və Paşinyan iqtidarı ABŞ-a daha yaxındır. Digər tərəfdən, Bayden sələfi Tramp kimi İrana qarşı sərt sanksiyaları dərinləşdirərsə, yeni nəqliyyat dəhlizinin yaradılması da həyata keçməyə bilər.

Əlavə olaraq qeyd edim ki, Bayden ATƏT-in Minsk qrupunun aktiv fəaliyyətə keçməsinə də razılıq verə bilər. Halbuki, İlham Əliyev Minsk qrupunu fəaliyyətsizlikdə ittiham edir. Putin də Minsk qrupuna tez-tez istinad edir. Şəxsən mən istərdim ki, yeni formatda Türkiyə təmsil olunsun. Ancaq iş ondadır ki, ATƏT-in Minsk qrupunda Türkiyənin təmsil olunması nə Baydenə, nə də Putinə sərf edir. Yəni, problemin dalana dirəndiyi nöqtə də elə burasıdır. İndi daha maraqlı cəhət odur ki, Türkiyə və Azərbaycanın bu təhlükəyə qarşı adekvat strategiyası nə olacaq?

Kamal ƏLİYEV

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin