Çavuşoğlu: “Bütün dünya bunu Qarabağ zəfərində gördü”

“Türk dünyasının gələcəyi bizi narahat edir. Qazaxıstanda baş verən proseslərdən narahatıq və hadisələri yaxından izləyirik”.

Haqlı.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qazaxıstan barədə verdiyi açıqlamasında deyib.

M.Çavuşoğlu Qazaxıstanın mümkün qədər yaxın zamanda sabitliyə, əmin-amanlığa və sülhə qovuşacağına ümid etdiyini ifadə edib:

“Cənab Prezidentimiz Türk Dövlətləri Təşkilatının dönəm sədri olaraq, xüsusilə Qazaxıstan prezidenti ilə, həmçinin üzv dövlətlərin dövlət başçıları ilə görüşdü. Mən də müşahidəçi Macarıstan da daxil olmaqla, xarici işlər nazirləri ilə görüşdüm. Çərşənbə axşamı Xarici İşlər Nazirləri Toplantısını keçirəcəyik. Türkiyə və Türk Dövlətləri Təşkilatı olaraq bəyanatlarımızı verdik. Bəziləri deyir ki, niyə siz bu görüşü əvvəllər keçirməmisiniz? Birinci gün bunu etmək istərdik, amma Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvü deyilmi? Üzvüdür. Qazaxıstansız toplantı keçirmək düzgün olardımı? Mümkün deyil. Bəyanat vermək mümkün idimi? Mümkün deyil. Biz də onlarla məsləhətləşdik”.

Türkiyənin baş diplomatı əlavə edib ki, Qazaxıstanın məsləhəti ilə çərşənbə axşamı səhər saatlarında toplantı keçiriləcək: “Arzumuz Qazaxıstanın bir an əvvəl sabitliyə və sülhə qovuşmasıdır. Bunun üçün Türkiyə və Türk Dövlətləri Təşkilatı olaraq hər cür dəstəyi verəcəyik. Digər üzv ölkələrin, yəni türk dünyasının problemi bizim problemimizdir. Bütün dünya bunu Qarabağ zəfərində gördü”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin