Türkiyənin “Montrö” istəyi Rusiyada GƏRGİNLİYƏ SƏBƏB OLDU – TƏFƏRRÜAT

25

1936-cı il tarixli Montrö boğazlar konvensiyası Türkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki suverenliyini qaytaran bir müqavilədir. Ankara bu gün bu müqaviləni ləğv edərək boğazlar üzərində tam nəzarəti əldə etmək istəyir.

KAİM.az xəbər verir ki, bu sözləri, politoloq Turab Rzayev Montrö boğazlar konvensiyası ətrafında bir müddətdir davam edən narazılıqlar haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, 1936-cı il tarixli Montrö konvensiyası ilə Türkiyə Bosfor və Dardanel boğazları üzərində bir sıra hüquqlar əldə etsə də, bir o qədər hüquqlarını da itirmiş oldu:

“Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə bu müqavilə ilə boğazların ərazi bütövlüyü daxilində qalmasını, boğazlara nəzarət nəzarət etmək hüququnu əldə etdi. Lakin bununla belə boğazlardan keçən hərbi və mülki gəmilərin daşıdığı yükün miqdarını, boğazlardan keçmək haqqını Türkiyə müəyyən edə bilmir. Çünki Montrö müqaviləsinə görə, boğazlardan keçən gəmilər Türkiyəyə müqavilədə göstərilən miqdarda rüsum ödəyir.

Əslində bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan buna görə Kanal İstanbul layihəsini gerçəkləşdirmək istəyir. Ərdoğan Kanal İstanbul ilə daha çox gəlir əldə edə biləcəyini düşünür”.

Politoloqun sözlərinə görə, Türkiyə Montrö müqaviləsini ləğv etmək istəyirsə, bunun üçün zamin ölkə olan Fransaya müraciət etməlidir:

“Türkiyə hansısa formada Montrö müqaviləsini dəyişmək istəyir. Daha dəqiq desək, Türkiyə boğazların bütövlükdə onun nəzarətinə keçməsinə çalışır. Türkiyə nəzəri olaraq Montrö müqaviləsini ləğv edə bilər. Montrö müqaviləsinin şərtlərinə görə, bu, mümkündür. Ankara bunun üçün zamin olan Fransaya müraciət etməlidir. Məsələ ondadır ki, indiki halda müqavilənin ləğv edilməsi Türkiyəyə sərf etməyəcək. Çünki müqavilə bitsə, müqavilədən öncəki dövrə qayıdılacaq. Həmin dövrdə isə boğazlara Türkiyə nəzarət etmirdi və Türkiyənin boğazlardan rüsum alması kimi imtiyazları yox idi. Yəni belə olsa, həmin ölkələr boğazların Türkiyəyə aid olmadığını iddia edə bilər”.

T.Rzayevin sözlərinə görə, Montrö müqaviləsinin ləğv edilməsi ən çox ABŞ-a sərf edə bilər:

“Qərb və ABŞ da Montrönün ləğvində maraqlıdır. Bunun hansı yolla olmasının heç bir fərqi yoxdur. Məsələ ondadır ki, ABŞ və Qərb ölkələri hərbi gəmiləri boğazlardan rahat şəkildə Qara dənizə keçməsini istəyir. Bu isə Rusiyaya sərf etmir. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova nəinki müqavilənin ləğv edilməsi, Montrö razılaşmasına yenidən baxılması cəhdinin belə Rusiyanın maraqlarına toxunacağını qeyd edib.

Məsələ ondadır ki, Türkiyə boğazlara tam nəzarət etsə, bu, Rusiyanın Qara dənizdə qalmasına gətirib çıxaracaq. Yəni Rusiya istədiyi kimi Aralıq dənizinə çıxış əldə edə bilməyəcək. Kreml isə bu imtiyazı əldə etmək üçün 300 ildən artıq türklərlə müharibə edib.

Digər tərəfdən, ABŞ və digər Qərb ölkələrinin hərbi gəmilərinin Qara dənizə istədiyi kimi keçməsi Rusiyanı qorxudur. Aydın məsələdir ki, ABŞ da bu yolla Kremlə təzyiq etmək istəyir”./axar.az/

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin