Hulusi Kılıç: “Türk millətinin taleyində utanılacaq heç bir şey yoxdur”- ÖZƏL MÜSAHİBƏ

Sabiq səfir: “Hərbi Qənimətlər Parkında Nikol Paşinyanın “biz tankların üstündə Bakıya gedəcəyik” sözlərini xatırladım, onları aradım, yox idilər, ancaq tankları gördüm”

Hər birimizin “Bir millət, iki dövlətin səfiri” olaraq tanıdığımız Türkiyənin Azərbaycandakı sabiq səfiri dəyərli Hulusi Kılıç ötən həftə Azərbaycanda səfərdə oldu. Azərbaycan sevdalı hörmətli diplomatımız səfər proqramının olduqca sıx və zəngin olmasına baxmayaraq, bazar günü “Yeni Müsavat”ın suallarını cavablandırmaq üçün vaxt ayırdı.

– Hulusi bəy, Qarabağ zəfərindən sonra artıq ikinci dəfədir Bakıdasınız. Vətəninizə xoş gəldiniz! Yəqin ki, budəfəki səfərin özəllikləri var…

– Təşəkkür edirəm. Təbii ki. Qarabağda böyük zəfər qazanmış can Azərbaycanda yenidən olmaq çox xoşdur. 30 ildən sonra torpaqlarımızı düşməndən xilas etdik, bu, bizim üçün böyük bir tarixi zəfərdir. Qarabağda qazanılan zəfər bütövlükdə Türk millətinin, Azərbaycanımızın və Türkiyənin, Ali Baş komandanların, xalqın, ordularımızın zəfəridir. Ona görə də mən sizin qəzet vasitəsilə can Azərbaycan xalqınını, özəllikcə də Cümhurbaşqanımızı, xalqımızı, Azərbaycan ordusunu bir daha təbrik edirəm.

Dünya Axıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov hər zaman Azərbaycana dəstək olub. Heç zaman yardımını əsirgəməz. İş adamıdır, siyasi mövqeyi də var. Buraya həm Azərbaycanın zəfərini təbrik etmək, həm də şəhid və qazi ailələrinə imkanlar ölçüsündə maddi dəstək vermək üçün gəldi. Təklif etdi, ülvi Ramazan ayında bu missiyaya mən də qatıldım. 3-4 gün ərzində burada şəhid ailələrini ziyarət etdik, onlara iftar süfrələri açıldı, həmçinin rəsmilərlə görüşdük.

İnşallah ən qısa müddətdə insanlarımız işğaldan azad etdiyimiz torpaqlarda qurulacaq evlərinə dönər, həyat yenidən başlayar. Mən buna inanıram ki, o torpaqlar ən yaxşı şəkildə dəyərləndiriləcək, modern yollar, evlər tikiləcək, qardaşlarımız daha gözəl şərtlərlə yurdlarına dönəcəklər.

– İnşallah! Türkiyə şirkətləri də yenidənqurma prosesində iştirak edirlər, yəqin məlumatlısınız…

– Təbii. Türkiyə şirkətlərinin iştirakı var. Onlar burada Türkiyədə işləmiş kimi çalışacaqlar, bununla bağlı öhdəlikləri var, ən xırda yanlışlığa belə, imkan verilməyəcək. Artıq Füzuli-Şuşa yolu, Füzuli hava limanı tikilir. Cənab prezident və Birinci vitse-prezident tez-tez oralara gedirlər, oraya çox böyük önəm verirlər, sağ olsunlar. Bu işlər dünyanın gözü qarşısında gerçəkləşir.

– Hulusi bəy, keçəndəfəki gəlişinizdə demişdiniz ki, Qarabağa getmək istəyirsiniz. Səfərinizi nə zaman reallaşdırmaq niyyətindəsiniz?

– İnşallah, gələn dəfə gedəcəyəm. Hələlik mövcud şərtlər imkan vermir. Biz də böyük zəfərimiz naminə əlimizdən gələni etməyi hər zaman özümüzə borc bildik. Mən bu barədə ilk dəfə açıqlama verirəm. Savaş günlərində davamlı olaraq Azərbaycan mətbuatında 80 xəbər yazmışam, açıqlamalarım, müsahibələrim dərc edilib. Hər açıqlamamızda can Azərbaycanın yanında olmuşuq, düşməni ifşa etmişik. Artıq bu haqda kitab da nəşr olunub. Həmçinin ardıcıl şəkildə televiziyalara çıxdım, çıxışlar etdim, müsahibələrim oldu. Dəyərli millət vəkillərimizdən biri feysbukda Qarabağa səfəri haqda yazı yazmışdı. Mən də demişdim ki, hörmətli qardaşım, gələn dəfə məni də oralara aparın! Cavabında belə yazdı: “Əziz qardaşım, Vətənimiz üçün ən çox mücadilə edənlərdən biri kimi haqqınızdır. Siz bir millətin tək səfirisiniz!” Sağ olsunlar, bunu başqaları da söylədi. Mən hər zaman Azərbaycanı Vətənim sayıram.

– Hulusi bəy, bu günlərin əsas mövzularından biri ABŞ prezidentinin yol verdiyi tarixi səhv, həm də tarixi saxtakarlığa dəstək mövqeyidir. Pezident Bayden tarixi təhrif edənlərə stimul verən mövqe sərgilədi və “soyqırım” dedi. Bu faktı necə dəyərləndirirsiniz? Ağ Evin bu mövqeyi Türkiyə və Azərbaycan üçün hansısa təhdidlərə, problemlərə səbəb ola bilərmi? Yəqin siz də müşahidə etdiniz, Bakı və Ankara bu məsələdə də birgə hərəkət edirlər, qardaşlıq öz sözünü deyir…

– Əvvəlcə mən hörmətli cümhurbaşqanımız İlham bəyi təbrik edirəm. ABŞ prezidentinin bu mövqeyi açıqlanmadan öncə prezident köməkçisi Hikmət Hacıyev gözəl bir açıqlama ilə çıxış etdi. Əslində bu, bir xəbərdarlıq idi. Mən bu açıqlamanı oxudum və çox qürurlandım. Gerçəkdən biz yüzdə-yüz bir millət, bir dövlət olduğumuzu gördük. Cənab prezidentin hörmətli cümhurbaşqanımız Rəcəb Tayyib Ərdoğanı araması da Türk milləti, Türkiyə-Azərbaycan əlaqələri baxımından çox önəmlidir. Bununla nümayiş etdirildi ki, sizin probleminiz bizim problemimizdir.

– Bəli, eyni zamanda xarici işlər nazirlərimiz, parlament sədrlərimiz telefonla danışdılar, vəziyyəti müzakirə etdilər, dünyaya mesaj verdilər…

– Bəli. Xarici işlər nazirimizin dediyi kimi, biz zaman-zaman bir millət, bir dövlət oluruq. Bu, çox önəmlidir. Artıq bir dövlət olaraq ortaya mövqe qoyduq. ABŞ prezidentinin mövqeyini pisləyirəm, çünki heç bir hüquqi əsası yoxdur. Siyasətçilərin tarixi təhrif etməsi, pozması etik deyildir, əxlaqi dəyərlərdən uzaqdır. Tarixçinin işini siyasət siyasətçi görərsə, dünyada kabus yaranar. Belə bir şey ola bilməz. Baydendən soruşmazlarmı, sənin məqsədin nədir? Siyasətçisən, sən 106 il əvvəl olmuş hadisə barədə haradan bilirsən?! Amma sən Xocalı soyqırımını bilirsən, bəs, bu barədə niyə bir söz demirsən?

– Suallar çoxdur. Məsələn, 1918-ci ildə güneyli-quzeyli, irəvanlı, göyçəli, zəngəzurlu azərbaycanlılar daşnak orduları tərəfindən soyqırıma məruz qoyulub, bu haqda da danışılmır. Sizcə, niyə? Nədən ermənilərin saxta iddialarına bu qədər önəm verilir?

– Bəli, doğrudur. Mən belə deyim, Amerikada lobbi sənayesi var, bu, daim fəaliyyətdədir. Bundan pul götürən bir kəsim var. Zənginlər buna maliyyə ayırırlar, lobbi də pul alır, kilsə də. Bu, satın alınan bir qərardır. Həm də ytancverici bir qərardır. Bu, Amerika-Türkiyə, Amerika-Azərbaycan əlaqələrinə xələl gətirən addımdır. Həmçinin bu, bir ovuc erməni üçün 300 milyonluq Türk xalqını rahatsız edən mövqedir. Bu, ermənilərin yalan kampaniyasına verilən dəstəkdir. Gəlin görək bu mövqenin Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan əlaqələrinə faydası varmı? Yox. Əksinə, bu, gələcəyi zəhərləməkdir. Bu qərarın ancaq zərəri vardır. Gələcək nəsilləri düşmən kimi yetişdirməyə yönəlib. Dediyimiz kimi, heç bir hüquqi əsası yoxdur. 2005-ci ildə hörmətli cümhurbaşqanımız Rəcəb Tayib Ərdoğan tarixçilərə dedi ki, arxivləri açırıq, buyurun! Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan demişdi ki, bu, tarixi deyil, siyasi məsələdir. Siyasi məsələ ilə tarixi məsələni bir-birindən ayıra bilməyəcək qədər düşüncəyə sahibdirlər.

– İnanırıq ki, ABŞ liderinin yanlış mövqeyi Türkiyə və Azərbaycanı bir-birinə daha da yaxınlaşdıracaq və dövlətlərimiz daha böyük uğurlarla bu sınaqdan da çıxacaqlar.

– Buna heç birimizin şübhəsi olmasın. İnşallah ki, zəfər bizimlə olacaq!

– Hulusi bəy, gəlmişkən, Hərbi Qənimətlər Parkında oldunuzmu?

– Təbii ki. Şanlı ordumuzun zəfərinə bir daha şahid oldum. Hərbi Qənimətlər Parkında Nikol Paşinyanın, digər erməni faşistlərin “biz tankların üstündə Bakıya gedəcəyik”, sözlərini xatırladım. Onları aradım, yox idilər, ancaq tankları gördüm. (gülür) Qürur hissi keçirdim. Bu, 30 ildir qaçqın və köçkün həyatı yaşayan qardaşlarımızın içini rahatladan mənzərədir. Buranı ziyarət edən hər kəs savaşın üzünü və 44 günlük müharibədə qazanılan qələbəni bir daha görəcək. Bəziləri Hərbi Qənimətlər Parkına etiraz edir. Mən burdan Fransaya söyləyirəm: sənə nə?! Sən öz işinə bax! Sən Əlcəzairdə törətdiyin qətliama, Afrika ölkələrində tğetdiklərinə bax! 90-larda Ruandada etdiklərinə bax! Ancaq Türk millətinin taleyində utanılacaq heç bir şey yoxdur, bunu bütün dünyanın bilməsi lazımdır.

Elşad Paşasoy,
Musavat.com

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin