“Ruslarla dostluğumuz bitdi, Fransa ölkəmizin hərbi müttəfiqi olmalıdır- Erməni politoloq

Rusların Ermənistanda dayaqları möhkəm sarsılıb. Erməni siyasi elitası və cəmiyyəti bunu açıq-aşkar biruzə verir.

Politoloq Andreas Quqasyanın erməni KİV-lərinə müahibəsi bu baxımdan maraqlıdır.

Kaim.az həmin müsahibəni ixtisarla təqdim edir:

-Müxalifət Nikol Paşinyana artıq etimad göstərmədiyini iddia edir, ancaq baş nazir özü müxalifətin tələblərinin kifayət qədər xalq dəstəyi tapmadığını söyləyir. Sizcə, Paşinyana nə qədər etimad var?

-Düşünürəm ki, həm Paşinyan, həm də revanşistlər birləşərək küçə davası aparmağa çalışırlar.Heç biri geniş ictimai dəstəyə sahib deyillər. Ümumiyyətlə, rusiyapərəst partiyaların reytinqi çox zərər gördü, çünki insanlar Rusiyanın üçüncü Qarabağ müharibəsi ilə bağlı siyasətindən məyus oldular. Erməni xalqının əksəriyyəti Rusiyanın Ermənistana xəyanət etdiyini hiss edir. Nəticə etibarilə, Rusiya ilə keçmiş münasibətləri ümumi bir gələcək üçün qorumağın tərəfdarı olan qüvvələr ciddi dəstək ala bilmirlər.

-Baş nazirin istefasını təklif etdiniz, ancaq gördüyünüz kimi, bu baş vermir.

-Həm müharibə zamanı, həm də ondan əvvəl milli bir fəlakətə uğramamaq üçün variantlar təklif etdim. Paşinyan hökumətinin bir təslim imzaladığı göz qabağındadır. Revanşist qüvvələr də kapitulyasiyaya xidmət etməyə hazır olduqlarını, ancaq Paşinyandan daha yaxşı olduqlarını söyləyirlər.

Həm bunlar, həm də digərləri erməni xalqının lideri olmaq deyil, təslim olmaq üçün Rusiyanın gözünə ən yaxşı namizəd kimi baxmaq haqqı uğrunda mübarizə aparırlar. Təslim olmağın bir reallıq olduğunu düşünürəm və bu vəziyyətdən çıxmaq üçün təhlükəsizlik sistemindən Konstitusiya sisteminə və nəticədə ortaya çıxan siyasi dəyişikliklərə qədər daha ciddi dəyişikliklərə ehtiyac var. İnsanlar belə bir ehtiyacın olduğunu başa düşürlər, amma bunların həllini qeyd olunan qüvvələrdə görmürlər. Aydındır ki, ağlabatan təkliflər başqaları ilə məşğul olan Paşinyan və onun hökumətini maraqlandıra bilməzdi. Onlar milli maraqları yox, hakimiyyəti qorumaq və bunun üçün Rusiyanın maraqlarına gündəlik xidmət etmək istəyini rəhbər tuturlar. Gücün saxlanması metoduna belə baxılır. Bu  ənənəvi metoddur.

-Vəziyyətdən çıxış yolu nədir?

-Ermənistan təhlükəsizlik sistemini dəyişdirməlidir. Ölkəmizin hərbi və siyasi dəstəyə ehtiyacı var, zəmanət istəyiriksə, Fransa ölkəmizin hərbi müttəfiqi olmalıdır. Rusiyaya məxsus hava hücumundan müdafiə sistemi uğursuz oldu. Çözüm, Fransız hava müdafiəsinə keçid, fransız birliklərinin varlığı ola bilər. Fransa bütün bu dövrdə erməni xalqına yaxın olan yeganə ölkə olub. Ordumuzun çökməsinə səbəb olan təhlükəsizlik sistemində qalmaq absurddur. Nəticə etibarilə xarici və daxili siyasətlərin köklü şəkildə dəyişdirilməsi üçün ciddi siyasi dəyişikliklərə ehtiyac var və bu baxımdan nə Nikol Paşinyan, nə də revanşistlər erməni xalqına heç nə təklif edə bilməzlər.

30 ildir ki, xalqımız Rusiyanın himayəsində saxlanılırdı və indi ölkəmiz dərin bir çökəkliklə üz-üzədir. Daha çox kimin günahkar olduğu heç kimə maraqlı deyil – Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan və ya Nikol Paşinyan. Hər kəs cavabdehdir.

Dəyişmək  zənciri atmaq deməkdir. Rusiyaya sədaqətlə xidmət etdik və bunun müqabilində aldıqlarımızı aldıq. Rusiyaya heç bir borcumuz yoxdur və xalqımızın bütün imkanlardan istifadə edib həyatında yeni bir səhifə açmağın mənəvi, siyasi və qanuni haqqı var. İki əsrlik qardaşlıq deyilənləri azaltmaq, hər şey üçün Rusiyaya təşəkkür etmək və Rusiya hökumətinin fürsətçi maraqlarını deyil, milli mənafelərin üstünlük təşkil edəcəyi fərqli bir yol seçmək vaxtı gəldi.”

 

Tərcümə etdi İlqar Atabəyli

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin