Putinin maşası Nəcməddinsayağı Qasparyan və Paşinyanın “İsgəndər” OYUNU-TƏHLİL

0
6

Ermənistan Silahlı Qüvvələrinin Baş Komandanı Onik Qasparyan və ondan başqa 41 (əvvəlcə 38 yüksək rütbəli idi) yüksək çinli hərbçi bəyanat imzalayır və Paşinyanın istefasını tələb edir. Halbuki 20 general bu mətnə imza atmır. Əslində, Qarabağdakı məğlubiyyətdən sonra Paşinyan siyasi məsuliyyət daşıyan bir siyasətçi kimi hakimiyyətdən getməli idi. Ancaq istefa vermədi. Çünki, Paşinyanın əvvəldə yazdığım kimi alternativi yox idi. O ki qaldı onun “İsgəndər partlamadı, yalnız 10%-i işlək idi” deməsi əslində necə deyərlər bardağı daşırdı.

Əvvəlcə Paşinyan tərəfindən Qasparyanın müavini Tiran Xaçatryanın vəzifəsindən azad edilməsini də unutmamalıyıq.

Zənnimcə, “İsgəndər”in partlamaması Serj Sarkisyana cavabən deyilsə də əsas hədəf Rusiya hərbi sənayesi idi. Yəni, baş nazir Rusiyanın bostanına daş atdı. Əlbəttə, bu, rusları əməlli-başlı hövsələdən çıxardı. Rusiyanın dünya silah bazarında xüsusi çəkisi var. Və bu bazarı itirmək indiki halda Rusiya üçün “faciə” deməkdir. Neftin də qiyməti ucuzlaşıb.

Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların ağırlığı fonunda Paşinyanın bu sözü Kreml üçün soyuq duş effekti yaratdı. Təkcə 2020-ci ildə Rusiya silah satışından 13 milyard dollar xalis gəlir əldə edib. İndi Paşinyanın bu sözü şübhəsiz ki, rus silahlarının reputasiyasına zərbə vurur. Paşinyan bunu elə-belə deyənə oxşamır. Məlumdur ki, Bayden adminstrasiyası Rusiyaya qarşı ciddi sanksiyaları nəzərdən keçirir. Bu sanksiyaların hədəfində Rusiyanın Hərbi Sənaye kompleksi və müxalif fiqur Aleksey Navalninin həbsinə razılıq vermiş rus bürokratlar da olacaq. Yəni, Paşinyanın “İsgəndər partlatması”-nın bir ucu da okeanın o başına gedib çıxır.

Beləliklə, Paşinyan onun istefasını tələb edən Qasparyanı vəzifəsindən azad edir. Lakin qanuna görə, prezident Armen Sarkisyan bunu təsdiqləməlidir. O isə tərəddüd edir. Paşinyan dəstəkçiləri qarşısında prezidenti qərarı imzalamadığına görə, açıq şəkildə qınadı. İndi Armen Sarkisyanın qarşısında Qasparyanı vəzifədən azad etmək üçün cəmi 8 gün var.

Bu, mənə Misirdə Məhəmməd Mursinin elə öz müdafiə naziri, indiki prezident Əbdül Fəttah Sisi tərəfindən çevriliş yoluyla devrilməsini xatırladır. Birmənalı olaraq, erməni generalitetinin dünənki hərəkəti dövlət çevrilişinə cəhddir. Paşinyan məxməri inqilab yoluyla iqtidara gəlib. Ölkədə demokratik seçki keçirilib və Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” koalisiyası qalib olub. Hərbçilərin sivil və seçkili hökumətə qarşı dövlət çevrilişi etməsi və yaxud hökumətə iqtidardan getməsi üçün ultimatum verməsi mədəni dünyada qəbuledilməzdir.

İş ondadır ki, Qasparyanın başçılıq etdiyi genralitet Rusiyanın Ermənistan ordusundakı uzantısıdır. Bizdə də Qasparyanın tayı olan Nəcməddin Sadıkov kimi.

Paşinyan Putinə zəng edir. Putin də tərəfləri təmkinli olmağa dəvət edir. Dünən Peskovun “Baş verənlər Ermənistanın daxili işidir” deməsi Manukyan, Qasparyan və başqa müxaliflərə verilən dəstək idi. Daha sonra Sergey Lavrov Ayvazyanla məsələni müzakirə edir. Zənnimcə, bundan sonra Paşinyan növbədənkənar seçkilərin keçirilməsinə qərar verə bilər. Erməni müxalifəti, daha doğrusu revanşistlər seçkiyə getməyə risk etmirlər. Onlar Paşinyansız seçkini tələb edirlər. Paşinyan isə dünən meydana müxalifətdən daha çox kütlə toplaya bildi. Yəni, Nikol həm revanşist erməni müxalifətinə, həm də Rusiyaya meydan oxudu.

Ağ Evin mətbuat katibi Ned Prayz Ermənistan demokratiyasına dəstək verdiklərini açıqladı. Bayden adminstrasiyası tərəfini bəlli etdi-yəni, ABŞ dövlət çevrilişinə qarşı olduğunu bəyan etdi.

Adamın lap gülməyi gəlir. ABŞ özü Misirdə, Venesuelada dövlət çevrilişi edəndə nə hikmətsə demokratiya yadına düşmür. Ermənistanda bundan sonra baş verənlər daha da maraqlı olacaq. İzləməkdəyik…

Siyasi şərhçi Kamal ƏLİYEV

KAİM.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin