“İdman mətbuatının bir hissəsini AFFA maliyyələşdirir…” – Eldar İsmayılov

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 1995-ci ildə Əbülfəz Qarayevin təşəbbüsü ilə İdman və Gənclər Nazirliyi tərəfindən yaradılıb. Ölkə xaricində olanda ona deyiblər ki, idman jurnalistləri təşkilatı bütün ölkələrdə var, siz niyə yaratmırsız? Ondan sonra belə qərara gəlib ki, Azərbaycanda da olsun”. 
Bu sözlər Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılova məxsusdur.
AİJA rəhbəri Fanat.Az saytına geniş müsahibəsində həm qurumun 25 illik fəaliyyəti, həm də idman mətbuatı ilə bağlı fikirlərini bölüşüb.
I HİSSƏ
“Nizamnamə çox savadsız şəkildə  yazılmışdı”
– Bir gün oğlumun təhsil aldığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında prorektor  Dilqəm Quliyevin yanına getmişdim. Ancaq Dilqəm müəllimin nazirliyə (red.- o illərdə Gənclər, İdman və Turizm Nazirliyi adlanırdı) getdiyini dedilər. Mən nazirliyə gələndə iclas başlayan vaxt idi. Məni görən Dilqəm müəllim “elə yaxşı gəlmisən” deyib, iclasa dəvət etdi. Əbülfəz Qarayev və bir çox idman aləmində tanınmış şəxslər də iclasa gəldilər. Həmin vaxtlar mən AzTV-də işləyirdim. İclasda müzakirə mövzusu idman jurnalistləri cəmiyyətinin yaradılması idi. Quruma da “İdman” qəzetinin redaktoru Arif Şəfizadəni sədr seçmək istədilər. Allah rəhmət eləsin, dostum idi, onunla birgə teleradioda işləmişdik. Artıq bir nizamnamə yazılmışdı. Amma baxdım ki, çox savadsız şəkildə yazılıb, hüquqi tərəfləri qeyd olunmayıb. Üstəlik, idman jurnalistləri cəmiyyəti adı yaxşı səslənmirdi.
Hər kəs iclasda çıxış etdi. Arif müəllim isə, çıxışı zamanı dedi ki, “mən o halda sədr olaram ki, Eldar müəllim də sədr müavini olsun. O, olmasa mən işləyə bilmərəm. Eldar hər şeydən bir fikir yaradan, fərasətli biridir”. Amma qəbul etmədim, sadəcə, öz təkliflərimi verə biləcəyimi bildirdim. Çıxışım zamanı “dünyanın əksər ölkələrində belə təşkilatlar var, ancaq bunlar assosiasiya adlanır, hətta dünya təşkilatı da Beynəlxaq İdman Mətbuatı Assosiasiyası adlanır, fransız dilindən abreviaturası da AİPS gedir, heç bir yerdə də dəyişmirlər, elə belə deyilir. Təklif edirəm ki, adını qoyaq Azərbaycan İdman Jurnalistləri Assosiasiyası, abreviaturası da əla səslənir – AİJA. Bu qurumun isə sədri yox, prezidenti olar. İdman sahəsində bütün federasiyalarda rəhbər şəxs sədr yox, prezident adlanır. Və gələcəkdə də AİPS-ə üzv olmaq üçün nizamnamə onların yazdığına uyğun tərtib olunmalıdır” dedim.  Fikrimi hər kəs bəyəndi və alqışladılar. Hələ onu da qeyd etdim ki, təsadüfən gəlmişəm, iclasa çağırılmamışam. Əbülfəz müəllim də israr etdi ki, assosiasiyada vəzifə tutum. Hələ Arif müəllim prezident olmağımı təklif etdi, ancaq razı olmadım. Dedim ki, siz ağsaqqalımızsınız, prezident siz olmalısınız, mən də sizə kömək edərəm. Nizamnamə hazırlandıqdan sonra yenidən iclas keçirildi. Orada qızım Nəzrin İsmayılova (red.-hazırda Mahmudzadə) və Rövşən Binnətli də iştirak etdi. Ancaq həmin iclasda Əbülfəz müəllimə dedim ki, nizamnaməni və bütün sənədləri qayda-qanun üzrə hazırladım təhvil verirəm, siz isə kimi istəyirsiniz prezident, vitse-prezident seçin, ancaq mən ola bilmərəm. Dedim naz eləmirəm, özüm də dövlət televiziyasında işləyirəm, vaxtım olmayacaq. Həm də mən bir işi ya etmirəm, ya edəndə də yüksək səviyyədə edirəm. Təşkilatı quracağıq, artıq hamı AİJA-nı tanıdıqdan sonra kənardan kimsə çıxacaq, qurumun başına keçib olacaq hazıra nazir. Bəribaşdan elə öz işçilərinizdən təyin edin, ona da yardım edin, bu təşkilatı işlətsin. Çünki yardım olmasa, sponsor da olmayacaq.
Bizdə sponsorlar baxırlar ki, hansısa təşkilata dövlətdən dəstək varsa, ona sponsor olurlar. Ancaq Əbülfəz müəllim və Arif müəllimin təkidi ilə məni vitse-prezident seçdilər. Prezident Arif Şəfizadə, İcraiyyə Komitəsində isə Abbas Əzimov, Yaqub Nuriyev, Süleyman Qaradağlı yer aldı.
İclasda belə bir əmr də qərara salındı ki, bütün sənədlərin hazırlanması, Ədliyyə Naziliyindən keçirilməsindən məsul şəxslər Eldar İsmayılov və Nərgiz İsmayılovadır. Ondan sonra sənədlər hazırlandı. Düzdür, Ədliyyə Naziliyində 5 dəfə bizi apar-gətir etdilər, hər dəfə nizamnamədə nələrisə sildirdilər. Ancaq yekunda nizamnamənin elə ilkin versiyasını qəbul etdilər. 1 ay keçdi, 2 ay keçdi təsdiq gəlmədi. Sonda getdim bir dostumun yanına, onun köməyi ilə Ədliyyə naziri Südabə Həsənova ilə əlaqə yaratdım  və bildirdim ki, aylardır bizi apar-gətir edirlər, bu siyasi bir məsələ deyil ki, idman təşkilatıdır, niyə belə edirlər? Südabə xanım da qeyd etdi ki, kollegiya yığılmır, kvorm olmur deyə yubanır. Bu söhbətdən 3 gün keçməmiş məni çağırdılar ki, gəlin, nizamnamə təsdiqlənib. 1995-ci ilin 6 noyabr tarixi idi. Yağışlı gün idi. Arifə dedim ki, bütün sənədləri hazırlamışam, sən prezidentsən, get təhvil al. O da gedib bütün sənədləri götürüb gəldi. Mən də möhür və digər lazım olan nələr varsa, hamısını hazırladım. Prezident Arif olsa da, bütün işləri mən edirdim. Azərbaycan Nəşriyyatı binasının 9-cu mərtəbəsində “İdman” qəzetinin redaksiyasının 7-8 otağı vardı. Bir otaq AİJA-ya ayrıldı. Ancaq prezindet o olsa da, otağın icarə pulunu mən verirdim. Hətta otaqdakı mebellərin də pulunu ödədim. Axırda Arif müəllimə dedim ki, prezident sənsən, ancaq xərcləri mən çəkirəm, daha işləmək istəmirəm. O da dedi ki, mən işləyə bilmərəm, gəl sən prezident ol, mən vitse prezident. (gülür)
Arif müəllimin sədrliyi ilə iclas keçirildi və mən prezident seçildim. Və beləcə başladım AİJA prezidenti olaraq işləməyə. O qədər ayağımıza dolaşan, bizi istəməyən vardı, amma xeyri olmadı. İlk vaxtlar bizə paxıllıqla yanaşanlar hamısı sonradan özləri gəlib üzv oldular.
Elə fəaliyyətə başlayan kimi də AİPS-ə üzvlük üçün məktub yolladım. Onlar da müvəqqəti üzvlük verdilər, ancaq bildirdilər ki, 1996-ci ildə konqressdə iştirak etməliyik. Lakin həmin il çatdırıb gedə bilmədik. 1997-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin köməkliyi ilə konqresə getdik və üzvlüyümüz təsdiqləndi. Ondan sonra bizim fəaliyyətimiz daha da inkişaf etdi, bütün konqreslərə dəvət aldıq. Bir müddət sonra nazirlikdən maliyyə yardımı kəsildi, artıq öz hesabımıza konqreslərə yollandıq. 1998-ci ildə İstanbul konqresində Avropa Təşkilatına seçkilər oldu. Mən də namizədlik vermişdim, ancaq seçilməyimə 1 səs çatmadı. Hətta bu barədə Moskvanın “Sovetskiy sport”  qəzetində “Konets xolodnoy voynı” adlı məqalə də dərc olunmuşdu.
“Fəaliyyət göstərən saytların 95 %-dən çoxu qeyri-qanuni təşkilatlardır,  həvəskar adamlardır, hamısı klanlaşıblar”
– Qurum uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, idman jurnalistlərinin bir qismi AİJA-nın fəaliyyətindən narazıdır. Bu qurumun idman mətbuatına heç bir xeyri dəymədiyini deyirlər…
– AİJA idman jurnalistlərinin könüllü ictimai təşkilatıdır. Necə ki, yazıçılar, jurnalistlər ittifaqı var, bu da idman jurnalistləri ittifaqıdır. Narazı olanlar AİJA-nın üzvləridir, AİJA-ya üzvlük haqqı verirlər? Ümumiyyətlə, AİJA-ya nə veriblər ki, nə də gözləyirlər?! Bu bir… İkincisi, onlar nə vaxt gözəl bir təkliflə AİJA-ya gəlib “təklifimizi həyata keçirin” dedilər? Üçüncüsü isə fəaliyyət göstərən saytların 95 %-dən çoxu qeyri-qanuni təşkilatlardır. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməyən, vergi ödəməyən, keçiblərsə də, işçilərinə qanuni yolla əməkhaqqı ödəməyən saytlardır. Bunlar hamısı həvəskar adamlardır, 5-10 futbol termini əzbərləyib, 5-10 komanda adı bilirlər və başlayıblar idmandan yazmağa. Əsas da mənafelərini güdürlər. Hamısı klanlaşıblar. Bir hissəsini AFFA maliyyələşdirir, bir hissəsini başqa təşkilat maliyyələşdirir deyə, onun mənafeini qoruyurlar. Ədalətli yazı ortaya qoya bilmirlər. Tənqid onun üçün deyil ki, ona görə düşmənçilik edəsən. Konstitusiyamızda da yazılıb ki, tənqidə görə təqib yolverilməzdir. Tənqid onun üçündür ki, işini yaxşı görən də, filan işdə “axsayırsa”, bunu düzəltsin. “Mənim fikrimcə, bu yollardan istifadə et. Bu, mənim subyektiv fikrimdir və sizə bildirirəm”. Tənqid budur. Buna görə insanı incitməzlər, gözümçıxdıya salmazlar, əksinə “sağ ol” deyib, işlərini nizama salarlar. Ata-ana da uşağı yanlış bir iş görəndə tənqid edir. Onda uşaq valideyninə düşmən olur?! Xeyr. Tənqiddən nəticə çıxardır. Bax onlar da əsl jurnalist olsaydılar, bunu başa düşərdilər və məmurlara başa salardılar ki, “Ay qardaş, mənim səninlə düşmənçiliyim yoxdur, sadəcə sərf etdiyin vəsaitin nəticəsi yoxdur”. Sən bunu qarşındakına çatdıra bilsən və qarşı tərəfdəki də normal düşüncədə biri olsa, tənqidi qəbul edib, həqiqəti dediyi üçün də jurnalistə “çox sağ ol” deyər.
“İlkin Xəlilovu ilin idman telejurnalisti seçmişik. Pis jurnalistdir?
Qohumumu seçməmişəm ki…”
– Belə başa düşdüm ki, həm idman təşkilatlarımızda çalışanlar, həm idman mətbuatının nümayəndələri arasında əsl idman adamı, işinə peşəkarlıqla yanaşanlar azlıq təşkil edir?
– Bəli, nə onlar idman adamı, işinin peşəkarı deyil, nə də özünə idman jurnalisti deyənlərin 90 % əsl jurnalist deyil. Mən demirəm, universitetin jurnalistika fakultəsi istedad verir, istedad insanla doğulur, amma jurnalistikanın qayda-qanunu öyrədir. Mənim kitabxanamda jurnalistikaya aid dünyanın bir çox ölkələrində çap olunmuş kitablar var. O kitabları oxuyanda jurnalistikanın nə olduğunu anlayırsan.
– Ancaq elə jurnalistika məzunları var ki, onların da mövqeləri dırnaqarasıdır…
– Sizə bir hadisə nəql edim. Adını çəkməyəcəm, çünki artıq özü nəticə çıxarıb. Universitetin jurnalistika fakultəsini bitirən “peşəkar” jurnalist çalışdığı qəzetdə “Avropa” otelində keçirdiyimiz tədbirdən yazmışdı. 2 iyul idman jurnalistləri gününə həsr etdiyimiz tədbirdə ilin qaliblərinə billur materialdan tovuzquşu fiqurlu mükafatlar təqdim etmişdik. Həmin “jurnalist” bir səhifəlik yazısında güya bizi tənqid edib “AİJA “quş” payladı” yazmışdı. Diqqətlə oxudum və qırmızı qələmi götürüb yazıda 48 orfoqrafiya səhvi işarələdim. Hələ üslub səhvlərini demirəm. Tamamilə naşı bir yazı idi. Onun özünə zəng etdim və dedim ki, özün də AİJA-nın üzvüsən, səndən bu günə kimi üzvlük haqqı almamışıq, vəsiqəni hazırlayıb vermişik, üzvlük üçün bir qəpik ödəniş tələb olunmayıb. Neynək, bu gün bizim bu quş fiquruna gücümüz çatıb, onu almışıq. Sabah gücümüz çatsa, dəvəquşu alıb verəcəyik.
 
– Bəlkə mükafatçılar sırasında olmadığı üçün belə addım atıb…
– Özü olmasa da, təltif olunanlar da onun peşə yoldaşlarıdır. Yaxşı yazsa, niyə o da təltif olunmasın. Dedim, bu gün mən sənin yazında 48 səhv tapdım. İstəyirsən mən də bunu götürüm sənin haqqında bir yazı hazırlayım. Mən özüm jurnalistikanı fərqlənmə ilə bitirmişəm, yazılarım dəfələrlə ölkə xaricində dərc olunub. Hələ 20 yaşım vardı, yazılarım Moskvada dərc olunurdu. Belə bir söhbətimiz oldu, o da dedi ki, Eldar müəllim, məni bağışlayın, səhv eləmişəm. Cavab verdim ki, rast ki, sən bunu dedin, mən də səni bağışladım.
– AİJA-nın ilin qalibləri üzrə seçimləri müzakirə mövzusudur. İdman mətbuatının nümayəndələri bu sorğudan, namizədlərin kimlər olmasından, seçimdə kimlərin iştirak etdiyindən xəbərsiz olduqlarını deyirlər. Bu məsələyə aydınlıq gətirə bilərsiniz?
– Hansı seçimimizdən narazıdırlar? O vaxt saytlar yox idi, biz rəsmi şəkildə redaksiyalara blank göndərirdik. Məktubda da yazırdım ki, “Xahiş edirəm, bu nominasiyalar üzrə kimi yaxşı hesab edirsinizsə, blanka qeyd edin”. Hamısı götürüb öz adamını yazırdı. Baxırdın ki, heç içərisində çoxluq təşkil edəni yoxdur. İndi isə seçim üçün zəng edirəm təcrübəli jurnalistlərə və nominasiyalar üzrə namizədlərini soruşuram. Sonra onların fikrini ümumiləşdirib seçim edirik. Bu bizim hüququmuzdur. Məsələn, İlkin Xəlilovu ilin idman telejurnalisti seçmişik. Pis jurnalistdir? Gözəl reportajlar edir, cəsarətli, ədalətli biridir, biz də onu seçmişik. Desinlər düzgün seçim etməyiblər. Qohumumu seçməmişəm ki…
Özü də bu günə kimi bizim nominantları ancaq AzərTac elan etdikdən sonra biliblər. Heç kim əvvəlcədən bilməyib. Kimsə deyə bilməz ki, əvvəlcədən mənimlə razılaşıblar. Mümkün deyil bu…
Ardı var…
Röya Kərimli

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin