Qarabağda separatçılar kəskin elektrik böhranı ilə üzləşdi – BAKIDAN ASILI VƏZİYYƏTƏ DÜŞÜBLƏR…

Azərbaycan ordusunun 44 günlük müharibə ilə işğal altında olan ərazilərimizi azad etməsi hazırda Dağlıq Qarabağda yaşayan separatçı ermənilərin kəskin elektrik böhranı ilə üzləşməsinə və faktiki olaraq Bakıdan asılı vəziyyətə düşməsinə səbəb olub. Virtualaz.org “Kavkazskiy uzel”ə istinadən xəbər verir ki, Xankəndində elektrik kəsintisi hər gün baş verir. Çünki Dağlıq Qarabağın elektrik təchizatı sistemi qəza vəziyyətində işləyir.

Belə ki, hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr üçtərəfli razılaşmasından sonra Dağlıq Qarabağda elektrik enerjisi qıtlığı hökm sürür. Çünki separatçıların indiyədək istifadə etdikləri 36 su elektrik stansiyasından cəmi 6-ı indi onların nəzarətindədir. Həmin stansiyaların gücü isə tələbatı ödəməyə imkan vermir. Xüsusilə kəskin vəziyyətin Xocavənd rayonunun ermənilər yaşayan ərazilərində hökm sürdüyü bildirilir.

Qeyd edək ki, işğal illərində Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejim bu torpaqlarda yerüstü və yeraltı sərvətləri talamaqla məşğul idi. O cümlədən su ehtiyatlarının talanması və Kəlbəcərin, Qubadlının iti axan dağ çayları üzərində çoxsaylı kiçik su elektrik stansiyalarının tikintisi aparılırdı. Hətta bir vaxtlar qondarma rejim o dərəcədə harınlamışdı ki, Dağlıq Qarabağdan Ermənistana və İrana elektrik enerjisinin ixracı planlarını müzakirə etməyə başlamışdı. Çünki Azərbaycanın su ehtiyatlarının qanunsuz istismarı nəticəsində elektrik enerjisi bolluğu hökm sürürdü.

Lakin indi işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altındadır və nəticədə bu ərazilərin təbii sərvətlərini talamaq hesabına yaşayan separatçıların vəziyyəti acınacaqlı hala gəlib. Astxik Petrosyan adlı Xankəndi sakini deyir ki, Qarabağda olduqca xaotik vəziyyət yaranıb. Elektrik enerjisi fasilələrlə verilir, internet də tez-tez kəsilir.

Məsələ burasındadır ki, Dağlıq Qarabağı Ermənistandan elektriklə təchiz edən iki xətdən biri Kəlbəcərdən, digəri Qubadlıdan keçirdi. Qubadlı istiqamətindən gələn elektrik xətti döyüş əməliyyatları zamanı Şuşa yaxınlığında sıradan çıxıb. Həmin xətt Azərbaycan ordusunun nəzarəti altında olan ərazilərdən keçir. Deməli onun bərpası da Azərbaycanın razılığı olmadan mümkün deyil. Dağlıq Qarabağda elektrik təchizatını həyata keçirən müəssisənin nümayəndəsi deyir ki, xəttin bərpası üçün azərbaycanlılarla danışıqlar gedir, amma hələlik razılıq əldə olunmayıb.

Bildirilir ki, müharibəyə qədər fəaliyyət göstərən 36 su elektrik stansiyası regionu əslində zəruri həcmdə elektriklə təchiz etmirdi. Bu stansiyalar Ermənistandan gələn 110 kilovoltluq xətlərə qoşulmuşdu və “köməkçi” funksiya daşıyırdı. Həmin stansiyalar yerli oliqarxların biznes layihələri idi və yalnız Sərsəng SES Dağlıq Qarabağda elektrik təchizatının əsas hissəsini təmin edə bilirdi. “Ona görə də əgər Qubadlı istiqamətindən gələn xətt bərpa edilməsə o zaman Sərsəng su anbarında qış aylarında suyun həcmi azaldığı üçün Dağlıq Qarabağ elektriksiz qalacaq”,-həmin mənbə deyib.

Mənbə əlavə edib ki, Dağlıq Qarabağın energetika sistemi qəza rejimində işləyir, amma Sərsəng su anbarının ehtiyatlarını nəzərə alanda bu vəziyyətdə ancaq bir neçə ay işləmək mümkündür. “Əgər Ermənistandan gələn xətt bərpa edilməsə o zaman hazırda elektrik hasilatının əsas hissəsini təmin edən Sərsəng heç iki ay da davam gətirməyəcək, yüklənmə isə qarşıdakı aylarda daha da artacaq”,-o deyib.

Xatırladaq ki, ordumuzun Talış və Suqovuşan kəndlərini azad etməsindən sonra Suqovuşandakı 2 su elektrik stansiyası da Azərbaycanın nəzarətinə keçib. Hazırda “Azərenerji” həmin stansiyaların bərpasını həyata keçirir. İşğalçılar Kəlbəcəri tərk edərkən Tərtərçayın üzərində tikdikləri kiçik SES-ləri də dağıdıb sıradan çıxarıblar.

Beləliklə, artıq indidən bəlli olur ki, Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərində həyat fəaliyyətini təmin etmək Azərbaycanın dəstəyi olmadan baş tuta bilməz. Separatçılar gec-tez Azərbaycan vətəndaşlığını qəbul etməsə bu regionda hansısa iqtisadi inkişaf bir yana qalsın, heç elektriklə normal təchizat da mümkün olmaya bilər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin