Qarabağda dinc yaşamaq istəməyən ermənilərlə nə etməli – TƏHLİL

0
4

44 günlük II Qarabağ savaşının nəticəsində Ermənistan kapitulyasiya elan etdi. 10 noyabrda imzalanan üçtərəfli anlaşmanın üzərindən keçən iki ay isə həm də onu göstərir ki, ermənilərin Qarabağda dinc yaşamaq fikirləri yoxdur. Ortaya çıxan mənzərə odur ki, ermənilərin təxribatçılıqları səbəbindən Azərbaycan və erməni xalqlarının hələlik yanaşı, dinc yaşaması, eləcə də düşmənçiliyi buraxıb mehriban qonşu xalqlar və dövlətlər kimi həyatlarına davam etmələri mümkünsüzdür.

Bu durum nə qədər davam edəcək? Erməniləri normal təfəkkürə sahibləndirmək üçün nə etmək lazımdır?

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu ermənilər bu cür davam etsələr, daha sərt reallıqlarla üzləşəcəklərini qeyd etdi: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə 30 il davam edən erməni işğalına son qoydu. Beləliklə, regionda yeni reallıq yarandı. Ancaq şübhəsiz ki, ədalətə və beynəlxalq hüquqa söykənən bu reallığın hamı tərəfindən qəbul edilməsi regionda uzunmüddətli və davamlı sülhün bərqərar olunmasına gətirib çıxara bilər. Postmüharibə mərhələsi kimi qiymətləndirdiyimiz iki ay müddətində baş verən hadisələr onu göstərdi ki, ermənilərin içərisində bu reallığı qəbul etmək istəməyənlər var. Onlar revanşistlər və müxtəlif erməni terror təşkilatlarının terrorçu və faşist ideologiyasını mənimsəyənlərdir. Azərbaycan ərazisinə göndərilən diversant və terroristlər də elə bu qruplar tərəfindən təşkil edilir.

Ona görə də əgər ermənilər postmüharibə mərhələsinin həm də postmünaqişə mərhələsi olmasını istəyirlərsə, cəfəng ideyalar və iddialara son qoymalıdırlar. Əks təqdirdə, daha sərt reallıqla üzləşə bilərlər. Elə birgəyaşayışın yolu da buradan keçir. Ancaq başqa mühüm bir məsələ də var. Bu ondan ibarətdir ki, erməni tayfası Qafqazın etnosiyasi landşaftına aid deyil. Onlar buraya məcburi şəkildə pərçim ediliblər. Ona görə də yerli xalqlarla dil tapıb birgə yaşayış qaydalarını mənimsəyə bilmirlər. Türklərə, azərbaycanlılara, gürcülərə qarşı ən müxtəlif iddialarla çıxış edirlər. Bu isə sülh içində birgəyaşayışa imkan vermir. Ancaq Azərbaycan Ermənistana yaxşı bir tarixi dərs verdi. Ermənilər bunu unutmamalı, özlərini normal davranış qaydalarına hazırlamalıdırlar. Başqa çıxış yolları yoxdur”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli öncə onu qeyd etdi ki, Ermənistanda vəziyyətə diqqət edəndə daha çox İrəvan gərgin görünür: “Yəni əyalətlərdə Paşinyanın tərəfdarları güclüdür. Qarşıdurma elementləri demək olar ki, nəzərə çarpmır. Müxalifət sayca çox olmayan insan kütləsini toplayaraq, telekanalları da bu işə cəlb edərək, görüntü yaratmağa çalışır ki, bütün Ermənistan Paşinyana qarşıdır. Bütün güc strukturları erməni baş nazirin əlindədir. Amma müxalifətin ətrafında ciddi qüvvələr yoxdur. Digər tərəfdən ”Qarabağ klanı”nın qatıldığı yerlərə demək olar ki, erməni əhalisi qatılmır. Onlar bu klanın son 20 ildə onların başlarına nələr gətirdiyini yaxşı bilirlər. Köçəryan və Sərkisyanı yaxşı tanıyırlar. Digər tərəfdən, Paşinyanın son Moskva səfəri və Putin, cənab İlham Əliyevlə görüşləri, məncə, o qədər də uğursuz olmadı. Düzdür, hansısa sənədə imza atsan bunu edəcəyik, onu edəcəyik kimi hədələrlə onu küncə sıxışdırmağa çalışırlar. Amma son Moskva görüşündə Paşinyan bir sənədə imza atdı. Bu da daha çox infrastrukturla bağlı idi. Bir də Paşinyan Mehri dəmir yolunun açılmasına nail olmaq istəyir. Bununla Ermənistan bir sıra imkanlar əldə edə bilər. Başıpozuq müxalifət burada olan üstünlükləri görmək istəmir. Görsələr belə bunu etiraf etmək istəmirlər. Mehri məsələsinin həlli etirazçı erməni əhalisini müəyyən qədər sakitləşdirə bilər. Çünki görəcəklər ki, Ermənistana pullar gəlməyə başlayır. Eyni zamanda onu da anlayacaqlar ki, ölkələrinin xilas yolu qonşuları ilə normal əlaqələr qurmaqdan keçir. Bir də, açığı, onu da etiraf etmək lazımdır ki, Paşinyanın iqtidarda qalması Türkiyə və Azərbaycan üçün də sərfəlidir. O, son Moskva görüşündə məlum sənədə imza atmaqla bir daha 10 noyabr bəyanatına sadiq olduğunu göstərdi”.

Sabiq müşavir bir sıra suallara da toxundu: “Xalqların birgə yaşamasının mümkünsüzlüyünə gəlincə, deyim ki, indiki şəraitdə Ermənistanda xalqlar arasında ədavəti qızışdırmaq istəyən qüvvələr var. Onlar siyasi dividentlər əldə etməyə çalışırlar. Azərbaycanın 2-0 qalib gəldiyini, Paşinyanın mövqelərini təhvil verdiyini söyləyərək özlərinə siyasi tərəfdar toplamağa cəhd edirlər. Belələri xalqlararası düşmənçiliyin əsl baiskarlarıdır. Ermənilər bir şeyi anlamalıdırlar ki, dünənə qədər işğalçı kimi ittihamlarla üzləşirdilər. Bir xalq haqlı mübarizəsini apararaq, sonunda işğalçıları öz ərazisindən qovub çıxardı, ədaləti bərpa etdi. Bu məsələyə görə yas tutmaq, xalqlararası ədavət toxumları səpmək normal məntiqdən çox uzaqda dayanır. İndi həmişə bu cür yaşamalıyıq? Əlimiz daim tətikdə olmalıdır? Ermənistan tarixi torpaqlarımızda qurulub. Bunu dünya bilir. İndi nəyin düşmənçiliyini aparırsınız? Çox xalqlar düşmənçilik aparıblar, amma sonunda normal münasibətlər qurublar, hətta münasibətlərini müttəfiqlik səviyyəsinə qədər çatdırıblar. Misal üçün, Almaniya və Fransa tarixdə bir neçə dəfə müharibə aparıblar, hətta bu müharibələrdən biri 25 il davam edib. Amma indi bu iki dövlət Avropa Birliyinin aparıcı qüvvələri sayılır. Biz də Cənubi Qafqazı əməkdaşlıq meydanına çevirməyə çalışmalıyıq”.
“Yeni Müsavat”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin