Qarabağa qayıdışın şərti nədir?

“Atam bilirdi ki, orada heç nə qalmayıb. Evləri, tikililəri, ağacları, məktəbi – hər şeyi, hər yeri yandırıb külə döndəriblər. Böyük viranə, küllükdü. Amma ora qayıtmaq istəyirdi və qayıtdı da. Bir il qazma damda yaşadıq, min əziyyət çəkdik atam evi tikib qurtarana qədər. Amma sevinidik, çünki evimizə, doğma məkanımıza dönmüşdük”.

71 yaşlı Boris Peşov bunu beş il əvvəl danışmışdı mənə. Belarusun əvvəlki Kossovski, indiki İvanseviç rayonundakı Vıqonoşans kənd sovetinin, Vyada kəndinin sakini idi Peşov.

Boris Onisimivoç ötən il dünyasını dəyişdi. Doğma Vyadasında dəfn olunub.

Doğulduğu kənddə də haqq aləminə qovuşub.

Kənd sakinlərinin “Boris dayı” dedikləri bu ahıl kişi söhbəti əsnasında dəfələrlə təkrarlamışdı ki, Vətən, Yurd qədər əziz, doğma insan üçün heç nə yoxdur və ola da bilməz.

Olduğunu düşünə bilər insan – amma yanıldığını çox sonralar anlayar.

Qarabağın işğaldan azad edilmiş torpaqlarına qayıdışın başlanmasına az qalıb. Lap az. On minlərlə, yüz minlərlə soydaşımız həmin vədəni səbirsizliklə gözləyir.

Onların arasında hər gün dövlət qurumlarına zəng vuran, qayıdışın dəqiq tarixini soruşan, şərtlərdən hali olmaq istəyənlər çoxdur.

Anlaşılan, normal vəziyyətdir və situasiyanı təhlil etmək üçün tarix, etnoqrafia, konfliktologiya, sosiaologiya və ya psixologiya bilicisi olmağa hacət yox.

Fəqət, düşüncələr və fikirlər, mövqelər və baxış bucaqları fərqli olduğu kimi, Qarabağ köçkünləri arasında da fərqlilər var.

Onların sayı mikroskopik dərəcədə az olsa da, var.

Əfsuslar olsun ki, haqlarında bəhs etdiyimiz şəxslərin merkantil maraqları qayıdış yanğısından da alovlu, hərarətlidir.

Şuşadan köçkün düşən Rizvan Bədəlov kimi.

Rizvan kişi müsahibə verib və buyurub ki, bəs Şuşada 50 “sot” torpağı, ümumi sahəsi 400 kvadrat metr olan evi varmış.

“İndi mən ora qayıtsam, necə olacaq?! Əvvəlcə infrastruktur, iş yerləri yaradlımalıdı, məktəblər, uşaq bağçaları açılmalıdı. Bu gün dövlət mənə itirdiyimi həmin həcmdə qaytaracaq, yoxsa sanitar normalarla veriləcək?! Məsələn, mənim övladım burada, Bakıda işləyir. İndi  o Şuşaya gedəndən sonra savadına. sənətinə görə iş olacaq?! Yoxsa burada, Bakıda gəlib “kvartirant” qalacaq?! Bundan sonra gedim çadırda yaşayım?! Sözün açığı, həvəsim yoxdu!, – R.Bədəlov deyib.

R.Bədəlovun Şuşada “50 sot ərazi”si olması ilə bağlı iddiası şübhəli olsa da, ümumilikdə, onun müsahibəsi eqoizm, merkantilizm və meşanlıq nümunəsi sayıla bilər.

Dövlət nə etməlidir?

Şuşada həyat tam normal axara dönəndən sonra məcburi köçkünlərin qayıdışına başlanmalıdır? Bəs orada kim yaşamalıdır ki, 28 il əvvəl diri-diri dəfn edilmiş Şuşa dirilsin, yaşasın, nəfəs alsın?

Sakinlər olmayan şəhər ölüdür və Bədəlovlar bunu çətin anlasın.

Qarabağın işğaldan azad edilmiş ərazilərinin təbii ki, bir sıra zəruri işlərə və proseslərə ehtiyacı var.

Onların arasında ərazilərin minalardan və partladıcı qurğulardan təmizlənməsi, yaşayış məntəqələrinə təbii qaz, içməli su və elektroenerjinin çəkilməsi, stansionar telefon rabitəsi şəbəkəsinin quraşdırılması və s. var.

Yaşayış məntəqələrinin total əksəriyyəti viran ərazilərdir. Orada hələlik müvəqqəti də olsa, kunq və ya barak tipli yaşayışa münasib tikililər inşa edilməlidir.

Proseslər çoxdur, lakin onların istisnasız olaraq hamısı qısa perspektivdə görüləsi və ən başlıcası, görüləcək işlərdir.

Hər qarışı şəhid qanı ilə suvarılmış Vətənin bu torpaqlarının bərpası, dirilişi isə ilk əvvəl oranı tərk etmiş məcburi köçkünlərin öhdəsindədir.

Və onlar da qayıdışa elə bu gün hazırdırlar.

Çünki Böyük Vətəndəki kiçik Vətənin yerini, qoxusunu, ətrini, rahatlıq və doğmalığını heç nə verə bilməz.

Dövlət qarşısında çeşidli şərt qoyanlar, “elə olmasa, bu olmazsa getmərəm” deyənlərsə bir anlıq da olsa, düşünsünlər: 28 illik işğaldan sonra o torpaqları dirçəltmək hamımızın görəvi, əsas vəzifəsi deyilmi?

Bu Vətən bizimdir.

Hər qarışı…

Elçin Alıoğlu
Milli.Az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin