Nailə Əsgərzadə ilə Sobçak QALMAQALI: hər şey belə BAŞLADI

“Rossiya” telekanalında çalışan tanınmış telejurnalist Nailə Əsgərzadə ilə teleaparıcı Kseniya Sobçak arasında qalmaqal medianın diqqətini çəkib. Əslində jurnalistlər arasında qalmaqal bir zarafatla başlayıb, sonradan isə mübahisəyə, hətta qarşılıqlı ittihamlara səbəb olub.

KAİM.az Musavat.com-a istinadla xəbər verir ki, hər şey azərbaycanlı jurnalistin “Nailə” adlanan Teleqram kanalındakı bir yazı ilə başlayıb. Jurnalist Meksikada parlament seçkiləri öncəsi orijinal seçki kampaniyasına diqqət çəkib. Belə ki, seçkidə iştirak etmək qərarı vermiş meksikalı siyasətçi Karlos Mayorqa seçicilərlə görüşə tabutda gəlib. N.Əsgərzadə yazıb ki, bu kampaniya televiziya aparıcısı Kseniya Sobçakın toyunu çox xatırladıb. N.Əsgərzadə birbaşa Kseniya Sobçaka müraciət də edib: “Kseniya, sizin performansınız dünyanın o biri başında da təkrarlanır. Bu siyasətçi hətta sizin “Hamıya qarşı” şüarınızı da özü üçün seçki şüarı seçərsə, sonra isə siyasi karyerasını sizin kimi bitirsə, təəccüblənməyəcəyəm”.

Məlumdur ki, Sobçak son prezident seçkilərində namizəd kimi “Hamıya qarşı” sloqanı ilə iştirak edib, sonra isə siyasi səhnədən çəkilib efirə qayıdıb. Bu səbəbdən N.Əsgərzadənin yazdıqlarının ona toxunacağı gözlənilən idi. O səbəbdən Sobçak jurnalistə sərt reaksiya verib. O, N.Əsgərzadənin dediklərinin axmaq fikirlər olduğunu bildirib. N.Əsgərzadənin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə film-müsahibəsini yada salan Sobçak “Lukaşenkaya “çox kəskin” suallarınızla karyeranızı artıq tamamlamısınız, mənim üçün narahat olmağınıza ehtiyac varmı? Mən sizin yerinizdə olsaydım, kimin kimdən oğurladığı mövzusunda daha diqqətli olardım. Bu sənin üçün sürüşə biləcəyin çox incə buzdur”, – deyə, teleaparcı kinayəli cavab verib.

Bundan sonra sosial şəbəkədə qarşılıqlı “atışma” başlayıb. N.Əsgərzadə də Sobçakın “Skopinski manyakı” kimi tanınan cani ilə bu yaxınlarda efirə gedən və xeyli etirazlar doğurmuş qalmaqallı müsahibəsini yada salıb. Onu reytinq xatirinə manyakla müsahibə etməkdə suçlayıb. Sobçak susmayıb və Lukaşenkodan, tanınmış rejissor Von Trieradan, müxalifət lideri Navalnı və başqalarından müsahibə aldığını da deyib. “Baxın və müsahibələrin necə olduğunu öyrənin. Amma sən sevimli TEFİ-ni (telejurnalistlərə verilir – red.) toplamağa davam edə bilərsən, qoy tənha ailə axşamlarında səni isindirsinlər”, – deyə, bildirib.

Bu kinayəli sözlərə isə N.Əsgərzadə daha “iynəli” cavab verib. O, Sobçakın vaxtilə “Dom-2” realiti-şousu kimi şübhəli bir layihədə iştirakını xatırladıb. “Evdə”(“Dom” layihəsini nəzərdə tutur) gələcək illəriniz üçün ədəbsizlik standartını müəyyən etdiniz. Bundan sonra Von Triera ilə müsahibə şam tutmağa bənzəyir”, -deyə, o yazıb.

Bundan sonra Sobçak jurnalisti əvvəlcədən razılaşdırılmış suallarla müsahibə götürməkdə suçlayıb, deyib ki, özü ilə müsahibə götürüləndə də N.Əsgərzadə sualları əvvəlcədən ona göndəribmiş. Sobçak jurnalisti müsahibləri ilə birbaşa təmas qurmağı çağırıb, amma bunu etməyə cəsarət etməyəcəyini də əlavə edib: “Siz sadəcə, cəsarətli suallar vermək qabiliyyətində deyilsiniz, hətta onlara cavab da verə bilməzsiniz”.

Nailə Əsgərzadə 13 dekabr 1987-ci ildə Bakıda anadan olub və uşaqlığı Azərbaycan paytaxtında keçib. Atası geofizik, anası Bakıdakı Krupskaya adına Doğum Evində tibb bacısı işləyib.

Sonra həyatını Volqoqradda davam etdirib, burada Volqoqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib.

Moskvaya köçdükdən sonra Əsgərzadə NTV telekalında, “Kommersant” nəşrində, RBK-TV-də iqtisadiyyata dair şöbələrdə çalışıb. Əsgərzadənin VTB Bankının rəhbəri Andrey Kostin ilə tanışlıqdan sonra həyatı dəyişib, karyerasında yüksəliş başlayıb. “Rossiya” telekalında karyerasını davam etdirən N.Əsgərzadə müəllif proqramları aparıb, sənədli filmlər çəkib.

Ötən il müəllifi olduğu “Təhlükəli virus” sənədli serialı bu günlərdə beynəlxalq mükafata layiq görülüb.

Teleaparıcı və aktrisa Kseniya Sobçak 5 noyabr, 1981-ci ildə Sank-Peterburqda anadan olub. Sankt-Peterburqun meri Anatoli Sobçakın və Federasiya Şurasının keçmiş üzvü Lüdmila Narusovanın qızıdır. Sankt-Peterburq Universitetinin beynəlxalq münasibətlər fakültəsinə qəbul olan Sobçak daha sonra Moskva Dövlət Universitetinə köçürmə alıb.

Kseniyanın insani keyfiyyətləri ilə bağlı birmənalı fikir yoxdur. Bir çoxları onun haqqında eqoist, başqaları isə zəhmətkeş deyir. Özü isə deyir ki, sutkada 16 saat işləyir. “İzvestiya” qəzetinə müsahibəsində deyib ki, ona da Hitler qədər nifrət edirlər: “Əgər insan ambisiyalı, ağıllı və uğurludursa, kiminsə ondan nifrət etməsi qaçılmazdır”.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin