“Moskva Bakını Qarabağa xüsusi status verməyə məcbur edə bilməz”

Üçtərəfli razılaşmanın şərtlərinə görə, erməni tərəfi dekabrın birində Laçını boşaltdı və bununla da Dağlıq Qarabağa bitişik rayonlar tamamilə azad edildi. Növbəti addımda həll edilməli olan digər məsələlər hansılardır? Qarabağdakı vəziyyətin gələcək inkişafı mövzusunda AYNA-nın suallarını amerikalı siyasi analitik Endryu Korıbko cavablandırıb:

– Laçın azad edildikdən sonra qalan bölgənin Azərbaycana tamamilə birləşdirilməsi məsələsini həll etmək qalır. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti beş illik yerləşdirilməsi, əgər müddət bitdikdən sonra tərəflərdən biri altı ay ərzində bunu etməkdən imtina etməsə, hər iki ölkənin razılığı ilə uzadıla bilər. Sülhməramlılar bu ərazidə Azərbaycanın erməni azlığının əksəriyyətinin yaşadığı mərkəzin sabitləşdirilməsi üçün nəzərdə tutulub. Aralıq müddətdə sülhməramlıların ərazini tərk etməsindən sonra Azərbaycanın siyasi və hərbi sistemlərinə tam qayıdışdan əvvəl, bölgə tədricən Azərbaycanın hüquq, təhsil və digər sistemlərinə təzədən reinteqrasiya edilməlidir.

– Bütün Qarabağda yaşayanların – həm ermənilərin, həm də azərbaycanlıların vahid pasportlara sahib olmasını reallaşdırmaq ssenarisi varmı? Rus sülhməramlıları orada cəmi 5 il qalacaq və bu zaman tez başa çatacaq. Bəs, sonra? Bu istiqamətdə nə etmək lazımdır?

– Azərbaycan ehtiyatla Rusiyaya beş ildən sonra müqaviləni uzatmayacağını bildirməlidir. Buna görə də, Moskva indidən sülhməramlıların səlahiyyətləri sona çatana qədər Dağlıq Qarabağ sakinlərinin ölkəyə yenidən birləşməsini asanlaşdırmaq üçün Bakı ilə işə başlamalıdır ki, zamanında hər şey qaydasında getsin. Azərbaycanın erməni əhalisinin dərhal vətəndaşlıqlarından istifadə edə bilməsi hər kəsin mənafeyinə uyğundur. Bunun necə işləməsinin təfərrüatı hələ müəyyənləşdirilməyib, lakin ümid edirəm ki, ən yaxşı halda, gələn ilin əvvəllərində razılaşdırılmalıdır.

– Prezident İlham Əliyev dəfələrlə status olmayacağını söyləsə də, Rusiya Prezidentinin çıxışlarında status mövzusu daim səsləndirilir. Görünən ziddiyyəti necə izah edə bilərsiniz?

– Şübhəsiz ki, üçtərəfli razılaşmada Dağlıq Qarabağın gələcək siyasi statusundan bəhs edilmir, ona görə də burada iki fərqli şərh ortaya çıxır. Azərbaycan bu razılaşmanın məsələnin son həlli olduğuna və başqa bir müzakirə tələb olunmadığına inanır. Rusiya isə məsələnin hələ tam həll olunmadığını göstərir. Buna baxmayaraq, Dağlıq Qarabağ geniş şəkildə Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır, ona görə də onun son statusu Moskvadan deyil, Bakıdan asılıdır. Bununla yanaşı, Rusiyanın bəzilərinin təklif etdiyi kimi, bir növ xüsusi status, bəlkə də mədəni muxtariyyət təklif etməsi, İrəvanı yerli sakinlərin hüquqlarına hörmət ediləcəyinə inandırması üçün ola bilər

Nə olursa olsun, Azərbaycan öz sərhədləri daxilindəki addımlarına görə kimisə sakitləşdirmək üçün kiməsə hesabat verməyə borclu deyil. Ancaq Rusiya daxilində bəzi ictimai təzyiqlər ola bilər ki, nəticədə sülhməramlıların geri çəkilməsindən sonra bölgədə bir növ hiss edilən miras qalsın. Ölkə rəhbərləri, nə qədər simvolik olsa belə, onların iştirakı olmadan müvəffəqiyyətlərin mümkün olmadığına işarə edə bilərlər. Bundan əlavə, Rusiyanın bu məsələyə Azərbaycanla eyni yanaşmanı dəstəkləməsi mümkündür, ancaq üçtərəfli razılaşma imzalandığı gündən bəri sıx daxili qarışıqlıq dövrünü yaşayan Ermənistana dəstəklə bağlı görüntünü qorumaq lazımdır.

– Rusiya sülhməramlılarının əməliyyat qərargahının xəritələrində hələ də Xankəndi yox, “Stepanakert” adı istifadə olunur. Putinin fikrincə, Qarabağ Azərbaycan ərazisidirsə, sülhməramlıların belə yanaşmasını necə izah etmək olar?

– Əvvəlki sualda iki səbəbi qeyd etmişdim. Birincisi, Rusiya sülhməramlılarının geri çəkilməsindən əvvəl, yalnız mədəni muxtariyyət olsa belə, bəzi xüsusi statusların həyata keçirilməsini nəzərdə tutur, ikincisi, bunun yalnız İrəvandakı qəzəbli erməni kütlələrini sakitləşdirmək üçün edildiyi də mümkündür – Moskvanın olmasa belə, ermənilərin bəzi maraqlarını hələ də dəstəklədiyi təəssüratını yaratmaq. Bu iki izahdan hansının hazırda ən doğru olduğunu söyləmək çətindir, amma hər ikisi də nəzərə alınmalıdır, çünki çox güman ki, ikisindən biridir.

– Üçtərəfli razılığa görə, Xankəndidən Azərbaycanın hesabına Ermənistana doğru yeni nəqliyyat dəhlizi inşa ediləcək. Bu yolun həm Azərbaycan, həm Ermənistan, həm də bölgə üçün hansı əhəmiyyəti olacaq?

– Regional inteqrasiya qlobal bir tendensiyadır və bu sahədə Cənubi Qafqazda irəliyə doğru növbəti addımı atmağın vaxtı çatıb. İndiyə qədər yalnız iki regional rabitə dəhlizi mövcud idi – Azərbaycan-Gürcüstan-Türkiyə və İran-Azərbaycan-Rusiya. Lakin Ermənistan ərazisindən keçməklə üçüncü bir dəhlizin yaradılması bölgə ölkələrini bir-birinə və ümumi gələcəyə bağlamaq üçün daha da yaxınlaşdırmağa kömək edəcək. Tezliklə pozitiv nətciələr verəcək meydana çıxan kompleks qarşılıqlı asılılıq sistemi, gələcəkdə baş verə biləcək erməni təcavüzünə güclü bir maneə ola bilər. Çünki dənizə çıxışı olmayan ölkə regional düşmənçiliyə müraciət etməyi dayandırmasa, ticarət dəhlizlərindən həmişəlik ayrılmaq riski daşıyacaq.

Ermənistan onsuz da böyük ölçüdə təcrid olunub, baxmayaraq ki, ermənilər istəməsələr belə, bir şəkildə bunun öhdəsindən gəlməyi öyrəniblər. Bu dəhlizin uğurlu tətbiqindən sonra ermənilər vəziyyətlərinin yaxşılaşacağını və sonra birdən öz liderlərinin düşmənçilik siyasəti nəticəsində regional layihələrdən qopa biləcəklərini hələ yaxşı başa düşmürlər. Başqa sözlə, nəqliyyat dəhlizi nəinki bütün insanların yaşayış səviyyəsini yaxşılaşdıracaq, əksinə gələcək erməni təcavüzü səbəbindən bağlanma riski yaranarsa, erməni xalqı bunu dayandırmaq üçün hökumətinə üsyan edə bilər. Çünki indiki kimi yenidən yoxsullaşmaq istəməyəcəklər.

– Ermənistan KİV-lərinin yazdığına görə, Azərbaycan hərbçiləri rus sülhməramlıları ilə birlikdə bu günə qədər Ermənistanın nəzarəti altında qalan Xankəndiyə (Stepanakert) daxil olurlar, rahat şəkildə orada alış-veriş edirlər. Deyə bilərikmi ki, Rusiya yavaş-yavaş erməniləri azərbaycanlıların varlığına alışdırır? Və bu şəkildə Moskva, kimsə istəsə də istəməsə də, Azərbaycan ərazilərinin MÜTLƏQ Bakının nəzarətinə qayıtdığını açıq şəkildə nümayş etdirir?

– Rusiya heç vaxt Dağlıq Qarabağın elan etdiyi “müstəqilliyi” açıq şəkildə dəstəkləməyib və 1993-cü ildə səs verdiyi BMT Təhlükəsizlik Şurasının eyni dörd qətnaməsinə sadiq qaldığını hər zaman təsdiqləyib. Bu səbəbdən Moskvanın bölgənin Bakının nəzarətinə geri qaytarılmasına qarşı çıxacağı heç bir zaman danışıqlar predmeti olmayıb. Yuxarıdakı nümunə müsbətdir və Rusiyanın ermənilərin azərbaycanlıların bu əraziyə qaçılmaz qayıdışına öyrətməyə başladığını sübut edir. Həm də Rusiyanın ən azı 5 ildən sonra sülhməramlıların geri çəkilməsindən sonra, bölgə sakinlərinin maneəsiz şəkildə öz yerlərinə qayıtmalarını təmin etmək üçün Azərbaycanla sıx əməkdaşlıq edəcəyini göstərir. Yeganə qeyri-müəyyənlik Moskvanın Bakıya bu vaxta qədər bu bölgəyə mədəni muxtariyyət kimi xüsusi bir status verməsinə üstünlük verib-verməməsidir. Lakin hər halda Rusiya bunu Azərbaycana məcburi şəkildə qəbul etdirə bilməz. Moskavanın edə biləcəyi tək şey mədəni muxtariyyat ssenarisinə dəstək olmasına işarə vurmaqdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin