Kremlin ölkəmizə “pomidor təzyiqi” – İqtisadçı səbəbin siyasi olduğunu düşünür

“Bu Moskvanın Azərbaycan-Türkiyəyə yaxınlaşmasına verdiyi mesajdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın zərərverici orqanizmlərin olması səbəbilə Azərbaycandan pomidor və alma idxalına qadağa qoymasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Hələlik yalnız Azərbaycandan gedən pomidor və alma idxalına qadağa qoyulub. Türkiyə ilə bağlı isə hələlik danışıqlar aparılır. Ermənistandan isə pomidor və bibərin qadağan olunacağı söylənilir. Lakin hələlik Ermənistanla bağlı məsələdə qadağanın nə vaxt qüvvəyə minəcəyi bəlli deyil.

Ermənistandan Rusiyaya onsuz da çox az miqdarda pomidor və bibər ixrac edilir. Azərbaycandan isə şimal ölkəsinə əsasən məhz pomidor ixrac olunur. Keçən il Rusiyaya 180 milyon dollar civarında pomidor göndərilib. Bu il də həmin temp davam edirdi. Dekabrda isə yeni il bayramı ilə əlaqədar Rusiyada bu məhsullara tələbat daha da artır”.
Həmsöhbətimiz düşünür ki, qoyulan qadağa siyasi təzyiq məqsədi daşıyır:

“Belə bir ərəfədə Azərbaycandan gələn alma və pomidor idxalına qoyulan qadağa böyük ehtimalla müəyyən siyasi mesajdır.Bu gün Bakıda hərbi paraddır. Türkiyə əsgəri və ölkənin Prezidenti Ərdoğan da Bakıdadır. Azərbaycan Prezidentilə birgə hərbi Zəfər paradını qəbul edəcəklər. Bu isə görünür, Moskvanın xoşuna gəlməyib.

Düşünürəm ki, qoyulan qadağaların əsas səbəbi siyasi təzyiq və ya hansısa danışıqlarda üstünlük qazanmaq tələbindən irəli gəlir. İnanmıram ki, birdən-birə Azərbaycanın ixrac etdiyi meyvə və tərəvəzdə hansısa xəstəlik tapılsın. Bu, Rusiyanın Azərbaycan-Türkiyə yaxınlaşmasına verdiyi mesajdır”.

Ekspert xatırladıb ki, Kreml bu kimi iqtisadi qadağaları zaman-zaman tətbiq edib:

“Bu, ilk belə hal deyil. Rusiya Moldova, Gürcüstan, Ukrayna, hətta ən yaxın müttəfiqi olan Belorusa qarşı da anoloji addımları atıb”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin