İLGİNC: Əli Həsənovun saxta tərcümeyi halı belə İFŞA EDİLDİ-8 mart “SÜRPRİZİ”

Bu gün 8 mart Beynəlxalq qadınlar günüdür. Yəni bu gün əziz analarımızın, bacılarımızın, qızlarımızın və ən nəhayət, bir ömür boyu sultanımız olan həyat yoldaşımızın bayramıdır. Vallah, cammatın və özümün maddi imkanı yaxşı olsa idi, təşəbbüs qaldırardım ki, ən azı ayın bir təqvimini qadınlar günü kimi qeyd edək. Baxmayaraq ki, sevimli qadınlarımız bundan artığına layiqdirlər. Amma neyniyək ki, ürəyimizdən keçənlərlə, cibimizdə olanlar arasında tərs mütənasiblik var. Ona görə də bu təşəbbüsümü ən azı müəyyən müddətə təxirə salıram. Lakin, imkansızlıq hamı kimi mənim də qadınlarımıza olan sevgimi azaltmır. Əksinə, bizim maddi durumumuzu düzgün qiymətləndirdiklərinə görə onlara bir daha minnətdarlıq edib, keçirəm əsas məsələyə.

Bu gün həm də Prezidentin sabiq köməkçisi Əli Həsənovun ad günüdür. Bu gün Əli bəy ömrünün 61-ci baharına qədəm qoyur. Doğrudur, bu bahar o qədər də gözəl gəlmədi. Ümumiyyətlə, ötən il yarım Əli Həsənov üçün çox ağır keçdi. Həm maddi, həm də mənəvi baxımdan. Bu il yarım ancaq itkilərlə, acılarla yadda qaldı. Və ömrünün 61-ci ilində onu daha hansı xoş olmayan sürpirizlərin gözlədiyini bir Allah bilir.

Bilinənsə odur ki, ad günü ərəfəsində o daha bir ağır zərbə aldı. Martın 5-də Əli Həsənov YAP İdarə Heyəti üzvlüyündən uzaqlaşdırıldı. 1998-ci ildən o, İdarə Heyətinin 20 üzvündən biri kimi şellənirdi. Bəzi mətbu orqanlar yazdı ki, bu xəbərdən təsirlənən Əli Həsənov hətta iflic olub. Guya ağzı, sifəti əyilib. Doğrudursa, Allah şəfasın versin. Biz ən azından onun kimi qeyri-səmimi və saxtakar deyilik. Necə ki, Əli bəy saxtakarlıq edərək ad gününün tarixini dəyişdirib. Martın 10-a yazdırtdırıb. Amma bu saxtakar dəyişiklik son 10 ildə olub. Bunu tək mən yox, ona yaxın olan hər kəs bilir. Mənsə bunu 2010-cu ildə öyrəndim. 7 mart 2010-cu ildə televiziyaların birinin rəhbəri olan tanışımızla oturub dərdləşirdik. Dedi ki, “Moskva univermağından gəlirəm. Sabah Əli müəllimin ad günüdür. Ona hədiyyə alırdım”.

İkimiz də eyni anda güldük. Dostum qayıtdı ki, “yox, ad gününü adətən ayın 9-u qeyd edir. Mən də qabaqcadan payımı aldım”. Maraq məni boğdu, nə aldığını soruşdum. Dedi ki, 2500 manata qızıl saat alıb.

Ola bilsin ki, hansısa dəyərli oxucumuz mənə irad tutsun. Desin ki, Vikipediyada Əli Həsənovun doğum tarixi 10 mart kimi göstərilib. Bəli, elə göstərilir. Amma orda təkcə ad günü yox, digər məlumatlarda da saxtakarlıqlar var. Məsələn, Vikidepiyadakı səhifədə onun tək övladı-Şamxal Həsənli qeyd edilir. Amma hamımız bilir ki, Əli Həsənovun 1990-cı ildə anadan olan Səfiyə Möhbəliyeva (Həsənov) adlı bir qızı var. Səfiyə xanım son vaxtlara qədər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi kimi adı keçirdi. O həm də “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr muavinidir. Vikipediyada Əli bəyin digər saxtakarlığı isə 1992-1995-ci illərdə elmi fəaliyyətlə məşğul olduğunu göstərməsidir. Amma hansı elm mərkəzində çalışdığı qeyd edilmir. Şahidlər isə o illərdə Əli Həsənovun xırda ticarətlə məşğul olduğunu deyir. Şahidlərdən biri YAP sədrinin keçmiş müavin Əli Nağıyevdir. Nağıyev 2019-cu ildə verdiyi müsahibəsində deyir ki, “Mən Əlini tanıyanda o, xalam oğlunun yanında köməkçi işləyirdi… Həmin dövrdə Əli Həsənov Tamerlan Qarayevin partiyasının qurucularından biri idi, mən bunları bilirdim…. Mən vəzifələrdə olanda heç zaman qohumbazlıq və yerlibazlıq etməmişəm. Əgər gəncəli və ya şirvanlı mənim qohumumdan, yaxud yerlimdən bir neçə baş yuxarıdırsa, mən onları qoyub öz yerlimi və ya qohumu işə götürürəmsə, demək ki, mən Azərbaycana xəyanət edirəm… Əli Həsənəvu da işə götürəndə yalnız və yalnız təhsilinə görə bunu etmişəm… Sonradan Yeni Azərbaycan Partiyasının Siyasi Şurasına üzv seçilməyinə təsir etmişəm.

Bakıya gələndən sonra isə onu YAP-ın Aparatında işə götürmüşəm. Həmin dövrdə Sürət Hüseynovun adamı olan Nizami rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzimov var idi. O vaxtı Əli Həsənov mənə zəng edib xahiş etdi ki, Eldar Əzimova zəng edib, ondan poçtun 2 otağını Əli Həsənova verilməsini xahiş edim, Əli də oradan öz biznesini qurmaq üçün ofis kimi istifadə etsin. Mən dərhal telefonda Əli Həsənova iradımı bildirib dedim ki, heç utanmırsan sən? Axı sən M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmisən! Dur gəl bura! O gələndən sonra Əli Həsənovu əvvəlcə Aparata işə götürdüm, sonra isə ideologiya şöbəsinin müdiri təyin etdim. Həmin vaxt Əli Həsənova vəzifə verəndə bütün YAP üzərimə qalxdı, məni qınayırdılar. Xeyrəddin Qoca qəzetdə yazdı ki, Heydər Əliyevin partiyasının ideologiya şöbəsinin müdiri gərək böyük adam olsun…”

Qəribədir ki, bu proseslərdən 15 ildən artıq vaxt keçməsinə baxmayaraq, Əli Nağıyev Əli Həsənovun saxta və satqın olmasından yana-yana danışır. Həmin müsahibəsində Nağıyev deyir ki, “..Mən Əli Həsənovu vəzifəyə götürəndə partiyada mənə çox böyük etirazlar oldu. Sözsüz ki, o vaxtı mənim YAP-da imkanlarım elə idi ki, bu etirazların hamısının qabağını almağı bacarırdım. O dövrdə partiyanın fəaliyyəti Heydər Əliyevin daim nəzarətində idi. Bu məqamda Heydər Əliyev mənə zəng edib, Əli Həsənovu işə götürməyimə görə irad bildirdi. Çünki YAP-ın Naxçıvanda təsis konfransının 1 ili tamam olmamış, Əli Həsənov partiyanın quruculuğu işini ataraq, gedib alverlə məşğul idi (!). Heydər Əliyev də bunu yaxşı bilirdi. Ona görə Heydər Əliyev mənə zəng edib dedi ki, axı Əli Həsənov vaxtilə bizi ataraq, getdi alverlə məşğul olmağa! Sən də buna gətirib yüksək vəzifə verirsən! Mən Heydər Əliyevə dedim ki, ay Heydər Əliyeviç, axı bunun balası evdə acdır, bəs nə edəydi? Allah rəhmət etsin o böyük kişiyə! Heydər Əliyev mənə münasibətdə çox böyük kişi olmuşdu, mən bunu heç zaman yaddan çıxartmaram. Mənim bu sözümdən sonra rəhmətlik Heydər Əliyev mənə bir kəlmə dedi: “Yaxşı, ciddi nəzarət elə”…

Mən də hər zaman Əli Həsənova dəstək verirdim. Amma sonradan Əli Həsənov elədiyim bütün yaxşılıqları unudaraq, ayağımın altını qazmağa başladı. Mən hələ nazir idim, Heydər Əliyev məni çağırıb, Əli Həsənovun arxamca danışdığını söylədi. Heydər Əliyev mənə bildirdi ki, Əli Həsənov Əli Nağıyevin YAP-ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çevirdiyini deyir. Mən də Heydər Əliyevə bildirdim ki, Əli Nağıyev partiyanı deyil, Nazirliyi YAP edir. Əsaslandırdım ki, məndən əvvəl Rafael Allahverdiyevi və Əli İnsanovu daha böyük qurumlara vəzifəyə qoymusunuz, ancaq onlar partiyadan demək olar ki, heç kimi irəli çəkməyiblər. Axı məni bu nazirliyə partiyadakı fəaliyyətimə görə nazir təyin etmisiniz. Bəs onda mən lazım olan kadrları haradan seçməliyəm? Sözsüz ki, partiyadan! Bu cavabımdan sonra Heydər Əliyev mənə bir kəlmə də artıq söz demədi. Növbəti dəfə Heydər Əliyevin yanında keçirilən böyük müşavirədə o, Əli Həsənovun yalanını televiziyada canlı yayım zamanı üzünə söylədi. Heydər Əliyev Əli Həsənova üzünü tutaraq dedi ki, deyirlər ki, Əli Nağıyev partiyanı nazirliyə çevirir. Mən də Əli Nağıyevi çağırıb soruşuram, o da deyir ki, mən partiyanı nazirliyə yox, nazirliyi partiyaya çevirirəm. Heydər Əliyevin bu sözlərindən sonra Əli Həsənov yerindən səsini çıxarıb dedi ki, yox, mən elə deməmişəm və sairə. Bu səhnəni bütün Azərbaycan canlı yayım zamanı görmüşdü…

Bilirsiniz, xəyanətkarı Allah heç zaman bağışlamaz. Əsl kişi yediyi qaba tüpürməz. O vaxtı Əli Həsənovu bağıma aparmışdım, evimdə çörək yemişdi, amma sonra gedib Heydər Əliyevin yanında deyib ki, Əli Nağıyevin evində bir “lüsturası” var ki, düşsə Prezident Aparatı uçar. İndi gedin Əli Həsənovun da bağına baxın, mənim də, görün hansı dəbdəbəlidir?!”

Əli Nağıyev bu fikirləri səsləndirəndə Əli Həsənov hələ Prezidentin köməkçisi idi. Hələ gözü ayağının altını görmürdü. Əli Həsənov öz vəzifə səlahiyyətlərindən istifadə edərək Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurdu. O, vaxtilə Azərbaycanda fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatların nümayəndələrini ölkəmizdən narazı və didərgin saldı. Bu məsələdə Əli Həsənovun iki hədəfi vardı. Birincisi, “5-ci kolon”un üzvü kimi beynəlxalq aləmdə Azərbaycanı nüfuzdan salmaq.

İkincisi isə həmin qurumlara bəslədiyi korporativ münasibət idi. Beynəlxalq qurmlardan gah pul umurdu, gah da ki, öz adamlarını həmin təşkilatlara dürtüşdürmək istəyirdi. Bunların heç biri alınmayanda həmən beynəlxalq təşkilatlar Əli Həsənovun qara siyahısına düşürdü. Və “media kapitanları”na verdiyi göstərişlər əsasında həmin təşkilatlara qarşı qarayaxma kampaniyası aparılırdı. Ona görə də əksər beynəlxalq institutların Azərbaycanda nümayəndəliyi yoxdur. Hələ ölkə daxilində etdiklərini demirəm.

Azərbaycan mətbuatını məhz Əli Həsənov şikəst elədi. Məddahları, özü kimi saxtakarları, ən pisi isə vaxti ilə Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev haqqında olmayan və ağla gəlməyən hədyanlar yazan “jurnalist”ləri ətrafına yığdı, reket dəstəsi yaratdı. Onun göstərişi ilə həm dövlət idarəetmə orqanlarında, həm YAP-da, həm də ki, cəmiyyətimizdəki onlarla vicdanlı və vətənpərvər insanlar ləkələndi, jantaj edildi. Bir sözlə, Əli Həsənov özü üçün dövlət içində bir dövlət yaratmışdı. Dostlarını, qohumlarını müxtəlif yüksək dövlət vəzifələrinə irəli çəkmişdi.

Böyük və topdağıtmaz biznes imperiyası qurmuşdu. Əli Həsənov o qədər harınlamışdı ki, hətta xarici ölkələrə gedəndə özünü vitse-prezident kimi təqdim edirdi. Sonuncu dəfə belə bir fakt Türkiyədə baş verdi və məsələ bir müddət gündəmdən düşmədi.

Əli Həsənov təkcə Əli Nağıyevə deyil, çoxlarına qarşı nankorluq edib. Əli Nağıyevdən sonra Ramiz Mehdiyevi özünə “böyük” seçən Əli Həsənov sonda ona qarşı da xəyanət elədi. Onu da Əli Nağıyev kimi “keçi qiymətinə satdı”. Əli Həsənovun karyerasını məhv etdiyi adamların siyahısını hazırlamaq üçün ən azı böyük bir komanda və bir neçə ay vaxt lazımdır.

Amma mənim bildiyim bir neçə simanın adını çəkmək istəyirəm. Nizami Xudiyev, İsmayıl Ömərov, Vüqar Qaradağlı, İbrahim Nəbioğlu, Elçin Şıxlı, Rauf Talışınski və daha kimlər… Bu siyahıya ən azı 50 peşəkar jurnalistin də adını əlavə etmək olar.

Amma bu rəqəmlər indi heç nəyi dəyişmir. Çünki hər bir insan dünyaya bir dəfə gəlir. Məhv edilmiş insanları yenidən ayağa qaldırmaq ilahi qüdrət istəyir. Məhv edilmiş dəyərlərin bərpası isə bir neçə əsr tələb edir. Ona görə də Əli Həsənov kimilər təkcə ad günündə deyil, il boyu ikrahla, nifrətlə yad ediləcək. (konkret.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin