Ermənilərin Birlik Dövlət ideyası Rusiyaya lazımdırmı? – “Moskovskiy komsomolets”

İrəvanda bir qrup siyasətçi Rusiya və Ermənistanın Birlik Dövləti yaratmağı təklif edib. İrəvanın keçmiş meri Artaşes Gexamyan və Konstitusiya Sağ Birlik Partiyasının sədri Hayk Babuxanyanın da daxil olduğu bu təşəbbüs qrupu hesab edir ki, Ermənistan Moskvaya yaxınlaşmasa, Türkiyənin bir vilayətinə çevrilə bilər. O, eyni zamanda Birlik Dövləti çərçivəsində Ermənistanın öz suverenliyini (?) qorumalı olduğuna da inanır. “MK” mütəxəssislərdən bu təşəbbüsün Ermənistanda nə qədər dəstək qazanacağını və Ermənistanın hakimiyyəti tərəfindən də belə bir təklif irəli sürüldüyü təqdirdə Rusiyanın buna necə reaksiya verəcəyini soruşub. Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın siyasi elitasının nümayəndələri mütəmadi olaraq Rusiyaya getməyə başlayıblar. Müharibə zamanı da onlar Moskvadan daha çox dəstək almağa çalışıblar. Sonda həqiqətən Rusiya Dağlıq Qarabağda sülhün təminatçısı kimi çıxış edib. Lakin Azərbaycanla imzalanan atəşkəs Ermənistan tarixinin ən pis siyasi böhranına gətirib çıxardı. Hazırda erməni müxalifəti “inqilabçı baş nazir” Nikol Paşinyanı xəyanətdə günahlandıraraq onu devirməyə çalışır.

Maraqlıdır ki, indi həm müxalifət, həm də iqtidar Moskvanın dəstəyini almağa çalışır və öz seçicilərinə respublikanın rifahı naminə Rusiya ilə ən yaxşı şəkildə danışıqlar apara biləcəklərini sübut etməyə çalışırlar. Qəribədir ki, erməni siyasətçilərinin heç biri özlərinə yox, məhz Rusiyaya arxayın olaraq danışırlar. Bunun bir səbəbi ermənilərin özünəinam məsələsinin zədələnməsidir. Bəs digər səbəblər hansılardır?

Vadim Muxanov, Qafqaz problemləri üzrə aparıcı tədqiqatçısı:

– Ermənistanda həm Rusiyapərəst, həm də Rusiyaya qarşı olan fikirlər mövcuddur. Buna baxmayaraq, bir çoxu Moskvadan Qarabağ uğrunda müharibədə daha böyük dəstək gözləyirdi. Ölkə əhalisinin bir hissəsi həqiqətən Birlik Dövlətinin yaradılmasını dəstəkləyə bilər. Lakin təklifin özü populistdir. Heç bir hüquqi əsası olmayan təklifdir. Ona görə də bu ideyanı bir neçə səbəbə görə həyata keçirmək mümkün olmayacaq.

Birincisi, Ermənistan Azərbaycanla kəskin hərbi-siyasi münaqişədədir.

İkincisi, Ermənistan sərhədlərini tam müəyyənləşdirməyib.

Üçüncüsü, Ermənistanın coğrafi mövqeyi Rusiya ilə inteqrasiya üçün əlverişli deyil. Onların ümumi sərhədləri yoxdur.

Çox güman ki, Birlik Dövləti yaratmaq təklifi müharibədən sonrakı travmatik sindrom nəticəsində ortaya çıxıb. Cəmiyyət hər vasitə ilə məğlubiyyətdən xilas olmağa çalışır. Bunun üçün bütün imkanları, hətta populist olanları da gözdən keçirir. Erməni cəmiyyəti dünyanın yeni mənzərəsində özünü təhlükəsiz hiss etmək istəyir. Bu halda isə ilk yada düşən Rusiya olur. Əlbəttə ki, Rusiya bütün hallarda Ermənistanın təhlükəsizliyinin qarantıdır. Ancaq bir dövlət kimi deyil, həm də bir müttəfiq kimi. Bu cür təşəbbüslər əsasən cəmiyyəti sakitləşdirməyə yönəlik ideoloji şirin bir nağıldır. Bir az vaxt keçəcək və bu nağıllar unudulacaq. İki müstəqil dövlət ən yaxşı halda müttəfiq olaraq qalacaq”.

Muxanov əlavə edib ki, “Bəzi erməni siyasətçilər Birlik Dövləti ideyasını həyata keçirməyə çalışırlar. Çünki cəmiyyətdə həm hərbi, həm də iqtisadi sahədə Rusiya ilə daha yaxın müttəfiq münasibətlərə tələbinin olduğunu başa düşürlər. Keçmiş Avropa tərəfdarı olan qüvvələr də Rusiya Federasiyası ilə daha yaxından əməkdaşlıq etmək istəyir. Hətta Ermənistanda ikinci hərbi bazanın açılmasını da təklif edirlər. Bütün bunlarsa ermənilərin ruslara sevgisindən yox, alternativlərin olmamasından irəli gəlir. Ancaq Ermənistandakılar əsas məsələni unudurlar: Rusiya dövləti və rus xalqı bu birlik dövlətini istəyirmi?! Ümumiyyətlə, bu Rusiyaya problemdən başqa yaxşı nəsə vəd edirmi?

Nəzərə alaq ki, Ermənistanın özündə Rusiyaya incik münasibət bəsləyən xeyli elektorat var. İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın mövqeyindən həmin adamlar müəyyən qədər məyus oldular. Xüsusilə Türkiyənin Azərbaycanı müharibədə praktik olaraq açıq şəkildə dəstəklədiyini görəndən sonra. Onlar da Moskvadan bu cür dəstək gözləyirdi. Digər tərəfdən, müharibə İrəvanın Moskva ilə ittifaqa praktik olaraq alternativi olmadığını açıq şəkildə nümayiş etdirdi. Rusiyaya alternativ yalnız Türkiyə ola bilər. Məsələn, Gürcüstan kimi. Gürcüstan Türkiyə və Azərbaycanla yaxınlıq hesabına bir çox problemlərin həllinə nail olub. Ermənilər üçünsə bu, tarixi münasibətlərə görə qəbuledilməzdir. Ona görə indiki vaxtda İttifaq Dövləti ideyası ancaq daxili auditoriyanı ələ almaq üçün dövriyyəyə buraxılıb. Və heç bir perspekti yoxdur”.

“Moskovskiy komsomolets”, 30 dekabr,2020,

Tərcümə etdi: KONKRET.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin