Azərbaycanda istənilən sahədə problem yarananda niyə ilk olaraq cəza tədbirləri gündəmə gəlir? – Yenə cərimələr artırılır

0
6

Azərbaycan hökuməti karantin pozuntusuna görə cərimələri yenidən artırmaq qərarına gəlib. Bu məqsədlə İnzibati Xətalar Məcəlləsinə (İXM) yeni dəyişikliklər təklif edilir. Layihənin sabah – dekabrın 18-də Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.

İXM-nin 211-ci maddəsinə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər də 3000 manatdan 4000 manatadək cərimə edilir. Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs verilə, hüquqi şəxslər də 4000 manatdan 10000 manatadək cərimə edilə bilər.

Təklif olunan dəyişikliyə əsasən həmin pozuntulara görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək cərimə ediləcəklər. Yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək inzibati həbs cəzası verilə, hüquqi şəxslər isə 5000 manatdan 11000 manatadək cərimə edilə bilər.

Azərbaycanda son illər cərimələrin artırılması, cəzaların sərtləşdirilməsi tendensiyaya çevrilib. Hüquq-mühafizə orqanlarının nəzarət etdiyi sahələrdə, ekologiya, istehsala, keyfiyyətə nəzarət qurumlarının, habelə vergi qurumlarının fəaliyyət dairəsinə aid olunan sahələrdə cərimələr ağırlaşdırılıb. Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cəzaları artırmaq üçün İXM-ə iki dəfə əl gəzdirlilib.

Hökumət cərimə sanksiyalarını artırmaq qərarına gələrkən bunu necə əsaslandırır? Bu cür qərarlar konkret bir sahə üzrə araşdırma, təhlillər, montorinqlər keçirildikdən sonra ortaya çıxan rəyə uyğun olaraqmı verilir? Adətən Milli Məclisə daxil olan dəyişikliklər layihəsində bu təklifləri təqdim edən qurumların əsaslandırılmış rəyi olmur. Onların işini bəzi deputatlar görməyə çalışırlar, təklifləri əsaslandırmağa çalışırlar.

Dekabrın 18-də müzakirə olunacaq dəyişikliklər də bu qəbildəndir. Bir neçə hökmətyönlü deputat cərimələrin sərtləşdirilməsinin vacibliyindən danışıb. Amma bu cərimələr mövcud situasiyaya, sahibkarların, biznes strukturlarının durumuna nə dərəcə adekvatdır? Ən əsası, koronavirus infeksiyasının lokallaşdırılmasına yardım edəcəkmi?

Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərə görə, ölkənin tədiyyə balansında 1.9 milyard dollar kəsir yaranıb. İl ərzində ÜDM istehsalı isə 8 milyard manat azalıb. İqtisadiyyatın gəlirli sahələrindən turizm, iaşə, tikinti sektoru böhranlı vəziyyətdədir. Yüz minlərlə günəmuzd işləyən vətəndaş gəlirdən məhrum olub, dövlətin onlara dəstək paketləri simvolik xarakter daşıyıb. Xüsusən, pandemiya dövründə işləyə bilməyən biznes strukturları üçün dövlət ödənişləri çox kiçik xərcləri kompensasiya edib. İş adamları banklar və başqa tərəfdaşları qarşısında öhdəliklərini icra edə bilmirlər. Bağlanan müəsssisələrin sayı artdıqca, problemli kreditlərin məbləği də şişir. Gələn il yanvarın 18-nə qədər davam edəcək sərt karantin rejimi bu sektor üçün məşəqqətlərin hələ azı bir ay da davam edəcəyindən xəbər verir. Müstəqil ekspertlər Azərbaycanda yaşanan böhranın daha da dərinləşə biləcəyini deyirlər. İl başa çatmaqda olsa da, gələn ilin dövlət büdcəsi hələ qəbul olunmayıb, ehtimal ki, ortaya çıxarılacaq sənəddə böyük həcmdə büdcə kəsiri olacaq.

Təsvir etdiyimiz problemlərin həlli ilə bağlı hökumət hələ ki bir strategiya, proqram təqdim etməyib. Amma böhran içində çabalayan iş dünyasının vəziyyətini daha da ağırlaşdıran cərimə sanksiyaları müzakirə olunur. Əlbəttə, deyilə bilər ki, COVİD-in yayılmasının qarşısını almaq üçün hər kəs qaydalara əməl etməlidir. Qanun-qaydaya əməl etsinlər, cərimə də olunmasınlar. Amma Azərbaycan reallığında cərimələrin xalqın hansısa problemini həll etdiyini görən olmayıb. Əksinə, nəzarət qurumları əllərindəki səlahiyyətlərdən istifadə edərək pul toplama yarışına giriblər. Bu dəfə də belə olacağı istisna deyil.

Yaxşı olardı ki, cərimələri artırmaq əvəzinə, virusun yayılmasını əngəlləyən effektli tədbirlərə əl atılsın. Məsələn, əhalinin pulsuz testdən keçirilməsi, dərman bazarında hökm sürən biabırçı vəziyyətin aradan qaldırılması, koronavirus xəstələrinə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi çox vacibdir. Azərbaycanda insanlar COVİD-dən həm də ona görə ölürlər ki, səhiyyə sistemində bərbad idarəçilik var. Son aylar bu sahədə korrupsiya, rüşvət, möhtəkirlik hallarının baş alıb getməsi barədə çoxsaylı şikayətlər də səslənir.

Cərimələri artımaq əvəzinə, parlamentin müzakirəsinə sahibkarlığın, biznesin müdafiəsi ilə bağlı yeni layihələr təqdim edilməlidir. Hökumət gərək yollar axtarsın ki, iş yerlərini necə qorusun, sahibkarlar üçün hansı yeni imkanlar yaratsın, iqtisadi canlanmaya necə töhfə versin… Pandemiyanın yaratdığı böhran öz-özünə aradan qalxmayacaq, dünya təcrübəsi budur ki, dövlət vəziyyətə birbaşa müdaxilə etməli, iqtisadiyyatı pulla təmin etməli, sosial-iqtisadi fəalkətin baş verməsini əngəlləməlidir. İlin birinci rübündə Azərbaycanda pandemiyanın zərərlərini qarşılamaq üçün 3 milyard manat ayrıldığı elan olunmuşdu. Bu yardımın necə xərclənməsi, hansı effekti verməsi sual altındadır. Parlament cərimələri artırmaq əvəzinə, hökumətdən bu vəsaitlərin hara xərclənməsini soruşmalıdır. Amma Azərbaycanda Milli Məclisin siyasi sistemdə oynadığı rol da hamıya məlumdur… //pressklub.az//

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin