Gərilən Türkiyə-Amerika münasibətlərinin nəticəsi nə olacaq?

0
5

ABŞ Maliyyə Nazirliyi Türkiyənin 4 rəsmisinə sanksiya tətbiq edib.Sanksiya Türkiyə Müdafiə Sənayesi Katibliyi və onun rəhbəri İsmayıl Dəmirə aid olunub. Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo Türkiyəyə qarşı sanksiyanın Rusiyadan S-400 zenit-raket kompleksləri aldığına görə tətbiq edildiyini bəyan edib.

Məsələ ilə bağlı  “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib ki, Donald Tramp artıq öz vəzifəsindən uzaqlaşır:

“Yeni prezident yanvar ayından öz səlahiyyətlərini icra etməyə başlayacaq. Əslində Donld Trampın Türkiyə ilə çox yaxşı münasibətləri var idi. Bu gedə-getdə sanksiyaların tətbiq edilməsi anlaşılan deyil. Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri almaqda ittiham edirlər. Artıq Türkiyənin daxili işlərinə qarışırlar. Bu sanksiylar Türkiyədə tənqidlə qarşılandı. Amma Türkiyə prezidenti nəzərə alır ki, yanvardan Amerikada yeni hakimiyyət olacaq, Cozef Bayden gələcək. Cozef Bayden, yəqin ki, Türkiyə ilə münasibətləri korlamaq istəməyəcək. Əlbəttə ki, iki ölkə arasında dialoq olacaq. Amma bu, o demək deyil ki, sanksiyalar ortadan qaldırılacaq. Türkiyədə hesab edirlər ki, bu sanksiyaların o qədər də təsiri olmayacaq. Türkiyə Amerikasız da keçinə bilər, kreditlərə də ehtiyacı yoxdur. Bütün tənqidlərlə yanaşı Türkiyə hakimiyyəti çalışacaq ki, Cozef Baydenlə dialoq qursun. Amma inanmıram ki, Cozef Bayden də əvvəlki hakimiyyətdən fərqli Türkiyə siyasəti yürütsün. Təəssüf ki, ABŞ-la Türkiyənin yolları ayrılıb. Düzdür, Türkiyə regionun aparıcı dövlətidir və ABŞ onunla hesablaşmaq məcburiyyətindədir. ABŞ Türkiyənin düşmənləri ilə çox sıx əlaqə qurub. PKK və ondan törəyən terror təşkiltlarına böyük dəstək verir. Türkiyənin düşmənlərindən biri olan Fətullah Gülənə böyük şərait yaradıb. Bütün bunlar gələcəkdə münasibətlərə xələl gətircək”.

Politoloq vurğulayır ki, Qərbin və Amerikanın Türkiyə ilə yanaşı Rusiyaya qarşı da sanksiyaları var:

“Bu iki dövlətə qarşı olan sanksiyanın özü belə Türkiyə ilə Rusiyanı istər-istəməz yaxınlaşdırır. Qərb və ABŞ Türkiyə-Rusiya yaxınlaşmasının əlehinə olsa da, əslində yarıtmaz siyasətləri ilə bu iki dövləti bir-birinə yaxınlaşdırırlar. Bu, bizim də xeyirimizədir. Çünki Rusiya ilə Türkiyə arasında nifaqın olmasını istəmirik. Rusiyanın bölgəyə təsir imkanları var. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Türkiyənin də təsir imkanları var. Ona görə də, istəyərik ki, bu iki dövlət arasında dialoq olsun. Biz də həssas məqamda yaşayırıq. Dağlıq Qarabağ məsələsinin bir hissəsi qalıb. Rusiya hərbiçiləri bölgədədir. Türkiyənin aktiv olmasını istəyirik. Bu mənada Türkiyə-Rusiya dialoqunun güclənməsi bizim də xeyrimizədir”.

Nərgiz Mirzəyeva,
KONKRET.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin