Müharibə SİQNALI PİKK HƏDDƏ – Ordu müdafiəyə hazırlaşır, neytral zolaq sürətlə MİNALANIR

23

Ukrayna ordusu Donbasda indi hücum əməliyyatlarına yox, Rusiyanın mümkün irimiqyaslı müdaxiləsinə qarşı müdafiəyə hazırlaşır.

KAİM.az xəbər verir ki, bu haqda Ukrayna ordusunun təmas xəttində xidmət edən zabitləri strana.ua portalına deyiblər.

Qorlovka yaxınlığında mövqe tutmuş bölmələrdən birinin mayoru bildirib ki, son vaxtlar Donbasda vəziyyət dəyişib. Onun sözlərinə görə, hərbçilərə indi tutduqları mövqeləri möhkəmləndirmək və düşmənin ehtimal olunan hücumuna qarşı tank əleyhinə minalanmış sahələr yaratmaq əmri verilib. Zabit əlavə edib ki, cəmi bir neçə həftə əvvəl ön xətdə hücuma hazırlıq gedirdi, artilleriya və zirehli texnika irəli çəkilirdi.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borel Rusiyanın Ukrayna sərhədlərinə 150 mindən artıq canlı qüvvədən ibarət qoşun cəmləşdirdiyini açıqlayıb. Daha əvvəl bu qüvvələrin sayının 90-110 min olduğu bildirilirdi.

Rusiya mart ayının əvvəllərindən etibarən Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsini Kiyevin Donbas üzərində nəzarəti hərbi yolla geri qaytarmaq planları ilə əsaslandırmışdı. Belə ki, Azərbaycan ordusunun Qarabağı azad etməsindən sonra Ukraynada da separatçı bölgələri hərbi yolla geri qaytarmaq barədə müzakirələr başlayıb. “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ilə silahlanan Ukrayna ordusu Azərbaycan ordusunun döyüş təcrübəsini də istifadə etməklə təlimlər keçirib. Habelə Ukrayna ordusunun təmas xəttinə ordu qüvvələri cəmləşdirməsi haqda xəbərlər yayılıb. Lakin indi Rusiyanın Ukrayna sərhədlərinə böyük miqdarda qüvvə cəmləşdirməsi Kiyevi və ona dəstək verən Qərbi daha ehtiyatlı davranmağa məcbur edib. Bir gün əvvəl prezident Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə Donbasda görüşməyi təklif edib.

Ukrayna ordusunun mayoru onu da bildirib ki, hazırda onlar neytral zonanı, yolları və hətta döyüş mövqelərini minalayırlar. Bu, Rusiya ordusunun hücum edəcəyi halda qoşunların ikinci və daha möhkəmləndirilmiş müdafiə xəttinə çəkilməsini təmin etməkdir.

Digər zabit isə bildirib ki, ukraynalı hərbçilər Krımla sərhədləri də möhkəmləndirirlər. Onun sözlərinə görə, Luqansk istiqamətinə rotasiya üçün göndərilən bölmələr indi Krım istiqamətinə göndərilir.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə bəyan edib ki, Kiyevin Donbasda hücuma başlamaq niyyəti yoxdur. “Yox, Ukrayna Donbasdakı münaqişəni həll etmək üçün heç bir hücum, heç bir hərbi eskalasiya və ya təxribatçı addıma hazırlaşmır”,-nazir deyib.

Təmas xəttində isə gərginlik qalmaqdadır, tərəflər bir-birlərinin mövqelərinə ara-sıra minomyot və artilleriya zərbələri endirirlər. Rusiya isə sərhədə qoşun cəmləşdirməkdə və təlimlər keçirməkdə davam edir. / virtualaz

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin